96 illik tarixə malik olan Azərbaycan Milli Ordusu, hazırda Qafqazda ən müasir və hazırlıqlı ordu hesab edilir. Azərbaycanın dövlət müstəqilliyinin və onun xalqının azadlığının keşiyində duran Azərbaycan Silahlı Qüvvələrinin yaranması 1918-ci ilin 26 iyununa təsadüf edir. Gəncədə verilən bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib.
Milli.Az KTV-yə istinadən bildirir ki, əslində milli hərbi qüvvələrimizin yaradılması tarixi zərurət kimi meydana çıxanda hələ düvlət müstəqilliyimiz əldə edilməmişdi. Tarixə nəzər saldıqda aydın olur ki, ilk milli hərbi strukturların təşkil edilməsi 1917-ci ilə təsadüf edir.
ADAU-nun tarix müəllimi Elgün Aslanov deyib: “Milli ordu quruculuğu məhz Gəncə dövründən başlayıb və həmin dövrdə ilk hərbi məktəbin Gəncə şəhərində yaradılması heç də təsadüfi deyil. Bu, ordu quruculuğunda Gəncənin mühüm əhəmiyyət kəsb etdiyini göstərir”.
Bir il sonra isə Qafqazda mövcud olan siyasi gərginliyin fonunda qurulan Azərbaycan Xalq Cümhuriyyəti özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizamlı orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalı idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Və 1 həftə sonra Gəncədə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.
“Yalnız Bakının azad edilməsində yox, ümumiyyətlə ADR-in mövcud olmasında Nuru paşa və onun dəstələrinin çox böyük rolu olub. Nuru paşanın başçılıq etdiyi ordu nəinki Gəncəni müdafiə etdi, eyni zamanda düşmənə layiqli müqavimət göstərərək, Göyçay yaxınlığında gedən döyüşlərdə düşmən qüvvələrini darmadağın etdi”, - E.Aslanov bildirib.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilir və həmin funksiya Xalq Hərbi Komissarlığına verilir. Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilir.
Dövlət Müstəqilliyinin bərpasından sonra qısa bir müddət hərbi sahədə ciddi böhranla üzləşən Azərbaycan, bu gün Qafqazda ən müasir orduya malikdir. Milli Ordu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə 26 iyun tarixi Silahlı Qüvvələri günü elan edilib.
Ordu sıralarında olmasaq belə biz hamımız Azərbaycan Respublikasına xidmət edirik. Ordu günümüz mübarək!
Mənbə: Milli.Az