Qadin.NET / Sarkisyanın səfəri Gürcüstanda qalmaqal yaradıb

Sarkisyanın səfəri Gürcüstanda qalmaqal yaradıb

 

Məxfi informasiya mübadiləsi haqqında sazişin imzalanması milli xəyanət kimi dəyərləndirilir
Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstan səfərindən xeyli vaxt keçsə də, qalmaqallı açıqlamalar, şərhlər, ən müxtəlif mülahizələr səngimir. Səfəri şərh edən gürcü ekspertləri bunun ikitərəfli münasibətlərə heç də müsbət təsir etməyəcəyi qənaətinə gəlirlər. Xüsusən də iki ölkə arasında imzalanan bir sıra sazişlərin milli təhlükəsizlik üçün təhlükə olduğu vurğulanır. Bu qənaətdə olanlar sırasında Gürcüstanın keçmiş müdafiə naziri, hazırda həbsdə olan Baxo Axalaya da var. Sabiq naziri ən çox özündən çıxaran Tbilisi ilə Yerevan arasında məxfi informasiya mübadiləsi ilə bağlı imzalanan sazişdir. Onun sözlərinə görə, Ermənistanla sazişin imzalanması, yumşaq desək, ağılsız bir addım olub. O baxımdan ki, Ermənistan analoji sazişi Rusiya ilə imzalayıb: “Yəqin ki, yaxşı başa düşürsünüz ki, hansı səbəbdən bu saziş bizi qane etmir. Bizim Ermənistanla heç bir məxfi sənəd mübadiləsi aparmağa ehtiyacımız yox idi. Müəyyən dozada - mehriban qonşuluq və dostluq münasibətləri çərçivəsində bunu etmək gərək idi. Ermənistanla kollegial və şəxsi münasibətlər - bizə təhlükəsizliklə bağlı lazımdır, razılaşma imzalamaq isə yox”.
Onunla həmfikir olan digər ekspertlərin sözlərinə görə, bu razılaşma Gürcüstan-NATO münasibətlərinin inkişafına mane olacaq. Çünki Ermənistan Rusiyanın strateji tərəfdaşıdır. Etiraza səbəb olan ikinci məsələ Abxaziya ərazisindən keçib gedəcək dəmir yolunun açılması ehtimalı ilə bağlıdır. Bu məsələ Sarkisyanın Tbilisiyə səfəri zamanı diqqət mərkəzində olub. Düzdür, hər iki ölkənin rəsmiləri bu məsələnin müzakirə olunmadığını desələr də, bu günlərdə erməni KİV-ləri belə bir xəbər yaydılar ki, rəsmi Tbilisi işğal altında olan ərazilərdən keçib gedəcək dəmir yolunu açmaq niyyətində deyil. B.Axalayanın sözlərinə görə, bu məsələ rəsmi görüşlərdə qoyulmalı deyil: “Hakimiyyət dəyişikliyi baş verən kimi, heç kim bu məsələnin yenidən qabartmalı deyil. İndiki hakimiyyət arzu etsə belə, bu dəmir yolunun açılmasını təmin edə bilməz”.
Üçüncü qalmaqal doğuran məsələ Gürcüstanın Ermənistana “Su-25” hərbi vertolyotlarını satması ilə bağlıdır. Bu da Gürcüstanın siyasi dairələrində ciddi etiraz doğurub. Hazırda həbsdə olan sabiq müdafiə naziri bildirib ki, o, nazir olanda bu texnikanı çox gözəl şəkildə saxlayırdı. Onların istismar müddəti 20 ildən sonra başa çatırdı. “Kim ki, deyir onlar pis vəziyyətdə idi, səhv edir. Hazırda Gürcüstanın bir patron belə satmağa hüququ yoxdur”, - deyə sabiq nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistan prezidenti bu yaxınlarda Gürcüstanda səfərdə olub və bu ölkənin yüksək rütbəli rəsmləri ilə görüşlər keçirib. Danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq, Gürcüstanın Avropa İttifaqının Assosiativ üzvlüklə bağlı sənədə imza atması, eləcə də Ermənistanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi müzakirə olunub.
Politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr Arzumanyan bununla bağlı “Exo Moskva”nın suallarını cavablandırıb. Səfəri şərh edən politoloq hesab edib ki, iki ölkənin arasında zaman-zaman həll ediləsi məsələlər, problemlər üzə çıxır və bunların müzakirəyə ehtiyacı yaranır. “Bura iqtisadi məsələlərdən tutmuş ən geniş profili məsələlər daxildir. Gürcüstanda bir sıra ciddi dəyişikliklər baş verir - yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Bu seçkilər də Gürcüstanda daxili siyasi vəziyyətə ciddi təsir göstərir”, - deyə erməni ekspert vurğulayıb. Politoloq diqqəti ona yönəldir ki, hər iki ölkənin prioriteti fərqli istiqamətədir - Gürcüstan Qərbə, Ermənistan isə Rusiyaya yönəlib. Onun sözlərinə görə, budəfəki görüş çox maraqlı bir fenomeni üzə çıxarıb. Ermənistan və Gürcüstan mürəkkəbliklərə baxmayaraq, tam bir-birinə əks siyasi orientasiyalara malikdirlər, xarici siyasətə fərqli baxırlar. Radionun əməkdaşının ondan Ermənistanın hansı siyasi qütbə yaxın olması ilə bağlı konkretlik gətirməsinə toxunan politoloq birmənalı olaraq Rusiyanı göstərib: “Gürcüstan 2008-ci il müharibəsində hər şeyi itirdi. Dinləyicilər məni bağışlasın - Abxaziya və Cənubi Osetiya məsələsi artıq siyasi perspektivlə bağlıdır. Rusiya nə etməlidir - Tbilsini bombalamalıdır? Bundan başqa nə fikirləşmək olar? O ki qaldı Ermənistana - biz heç nə itirmədik”.
Qeyd edək ki, gürcü siyasi dairələrində bu səfərə istehza ilə yanaşanlar hesab edir ki, iki ölkənin seçdiyi yol, prioritet elan etdiyi hədəflər tamam başqadır. Məsələn, gürcülər iyunun 27-də Avropa İttifaqı ilə assosiativ üzvlük sazişinə imza atacaq. Ermənistan isə Rusiyanın forpostu kimi Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunacaq. Belə olan halda hansı birgə prioritetlərdən danışmaq olar?
Ümumiyyətlə, iki ölkə arasında problemlər daima olub və bundan sonra da olacağı gözləniləndir. Ortada konkret misal da var - Cavaxetiya. Ermənilər sözügedən ərazilərə iddia edirlər və bu torpaqları gürcülərdən qoparmağı qarşıya məqsəd qoyublar. Tək gürcü həbsxanalarında bu pozuculuq fəaliyyətinə görə onlarla insanın cəza çəkməsi faktdır. Düzdür, yeni hakimiyyət onların bir çoxunu azad etsə də, ermənilərin narazılığı hələ də qalır. Özü də sabiq prezident Mixail Saakaşvili separatizm ideyalarını yayan şəxslərin azad edilməsini pisləyən bəyanat da səsləndirib. Problem tək ərazi iddiaları ilə də bağlı deyil. Dəfələrlə Tbilisinin mərkəzi ermənilərlə gürcülər arasında qarşıdurma meydanına çevrilib. Səbəb Tbilisidəki ermənilərə aid olduğu iddia edilən məbədlərdir. Hətta erməni tarixçiləri iddia edirlər ki, indiki Tbilisinin ərsəyə gəlməsində erməni memarlarının, messenatlarının böyük rolu olub. Şəhərdəki əksər memarlıq abidələrini məhz ermənilər ərsəyə gətirib.

Mənbə: Milli.Az 

26 iyun 2014
GO BACK