Qadin.NET / Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."

Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."

 

Bakını adətən “Küləklər şəhəri” adlandırırlar. Min illər boyu bu şəhərdə güclü küləklər əsib. Ancaq belə küləklər bir qayda olaraq iyun-iyul aylarında əsmirdi. Bu dəfə isə yayın ilk ayı olmasına baxmayaraq paytaxtda üç gündür ki, güclü küləklər əsir. Nəticədə paytaxt toz-torpağa qərq olub. 

Maraqlıdır, bu cür güclü küləklərin insan səhhətinə hansısa mənfi təsirləri varmı? Tibb elmləri doktoru, professor Adil Qeybulla küləklərin insan orqanizmi üçün zərərli olduğunu dedi: 
“Ümumiyyətlə, təbiətdə iqlimin dəyişiklikləri insan orqanizminə təsir edir. Orqanizmin özündə müdafiə, uyğunlaşma reaksiyaları var. Bu reaksiyalar təzyiqin, əhval-ruhiyyənin, damarların genəlməsi, daralması və sairə o səviyyədə dəyişir ki, onlar ətraf mühitə uyğunlaşmanı təmin edə bilsin. Yəni müdafiə-uyğunlaşma reaksiyaları nəinki küləklər, güclü soyuqlar və ya istilər olduqda da orqanizmi tənzimləyə, vəziyyətdən çıxara bilir. Təbii ki, bu, sağlam orqanizmə aiddir. Amma xəstə orqanizm iqlimin qeyri-adekvat dəyişikliklərində xəstələnə bilər”. 
Professora görə, bu cür küləklər xəstə adamlara, tənəffüs yollarında problem olan, diabet xəstəsi olan, meteohəssas insanlara daha çox təsir edir: “Belə insanlar daha ehtiyatlı olmalıdır. Bir problem də ondadır ki, külək zamanı toz qalxır. Bu gün Bakıda tikinti gedir, yollar qazılır. Səhərdə tikinti materiallarının tozları havaya qalxır və bu da nəfəs yollarına daxil olur. Bu da insan orqanizmi üçün təhlükəlidir. Külək zamanı maskalardan  istifadə etmək məsləhət görülür. Düzdür, bizim camaat bir az komplekslidir və bu maskaları taxmaqdan imtina edir. Ancaq maskalar piyada gəzənlər üçün daha vacibdir. Gözə toz vasitəsilə xırda əşyalar düşə və onu zədələyə bilər. Bizə bu cür müraciətlər olur. Yəni küləkdə hansısa toz qırıntıları gözə gəlib düşür. Biz də onu yuyub təmizləməli oluruq. Ən əsası isə küləkli hava temperaturunda nə geyinəcəyimizlə bağlı seçim etmək çətin olur. Hava isti olur, bir tərəfdən də külək olur. Ona görə də havaya çıxıb ona uyğun geyinmək lazımdır. Xüsusilə də nəfəs yollarında iltihab prosesi olan həssas insanlar daha diqqətli olmalıdırlar”.
A.Qeybulla külək vasitəsilə udduğumuz tozların ciyərimizi zədələdiyini dedi: “Tikinti materialları olan tozlar ağ ciyəri və bronxları zədələyir, qıcıqlandırır. Nəticədə bronxitlər əmələ gəlir. Uzun müddət havanın tərkibində olan müxtəlif konsarogen maddələr ağciyərdə şişin və digər proseslərin inkişafına gətirib çıxarır. Əlbəttə, bunlar ziyansız ötüşmürlər”.

Mənbə: Milli.Az

26 iyun 2014
GO BACK