Qadin.NET / Ramazan müxtəlifliyi

Ramazan müxtəlifliyi

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlaması ilə bağlı fətva verib. Fətvaya əsasən, bu il Ramazan ayı miladi təqvimlə iyun ayının 29-da başlayır. Başqa sözlə, iyun ayının 29-u Ramazan ayının 1-dir. İyunun 28-də isə orucluğun niyyət gecəsidir.
QMİ-nin bununla bağlı fətvasında qeyd olunur ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib etmişdir. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün - 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilmişdir.
Səvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr - Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaqdır, inşallah. 
Ancaq hər il olduğu kimi, bu il də ənənəvi Ramazan təqvimi fərqləri yaranıb. Məsələn, məlum olub ki, bu il Türkiyədə Ramazan ayının ilk günü iyunun 28-nə, yəni QMİ-nin elan etdiyindən bir gün əvvələ təsadüf edir. Türkiyə Diyanət İşləri Başkanlığının elan etdiyi təqvimə əsasən, bu il iyun ayının 27-si Ramazanın niyyət axşamı, 28-i isə ilk gündür. Qeyd edək ki, Diyanət Başkanlığı Ramazan ayı və digər İslam dini ilə əlaqəli hicri günlərlə bağlı təqvimi Qəndilli Rəsədxanasının məlumatlarına əsasən hazırlayır. Göründüyü kimi, hər iki ölkədə təqvim elmi mərkəzlərlə birlikdə hazırlanıb. Türkiyədə Qəndilli rəsədxanası, Azərbaycanda isə Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən. Ancaq hətta qonşu ölkənin məlumatlarında uyğunsuzluq olması mövzu ilə bağlı müzakirələri daha da qızışdırır. Daha əvvəl bu fərq şəriət qaydalarındakı fərqlərlə izah olunurdu. Bir sıra islam məzhəbləri, xüsusən də şiə-cəfəri məzhəbi Qəməri təqvimlə yeni ayın daxil olmasını müəyyən etmək üçün yeni doğan ayın (hilal) görünməsi şərti var. Yəni cəfəri məzhəbinə, eləcə də bir sıra digər cərəyanlara görə, Quranda bildirildiyi kimi, insan özü və ya şəriətdə müəyyən edildiyi kimi etibar etdiyi şəxslər və ya bütövlükdə yaşadığı şəhər ayın gördüyü təqdirdə yeni ayın başlanması sübuta yetir. Ancaq eyni zamanda bir sıra ölkələrdə artıq müasir texnoloji yeniliklərdən istifadə etməklə ayın başlanmasını müəyyən edirlər. Bu zaman gözlə görmək şərti qüvvədən düşür. Bu mövzuda mübahisələr uzun illərdir davam edir və təəssüf ki, müsəlman dünyası ortaq Ramazan təqvimi və ya ən azı uyğun coğrafi bölgələr üçün təqvimlər hazırlamaqla bağlı razılaşma əldə edə bilmirlər. Burda xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, coğrafi qurşaqlara görə Ramazan ayının yer planetinin bir nöqtəsində başqa bir nöqtəsinə nisbətən bir gün fərqli olması mümkündür. Misal üçün, qərb yarımkürəsi ilə şərq yarımkürəsi arasında təqvim fərqi mümkün olsa da, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrdə təqvim fərqlərinin ortaya çıxması daha çox dini görüşlərdəki fərqlərlə izah olunur.
Bu məsələnin daha bir mənfi cəhəti ayın başlaması ilə yanaşı, namaz vaxtları ilə bağlı cədvəllərdəki fərqlərlə əlaqədardır. Məsələn, QMİ-nin yaydığı Ramazan təqvimində ayın ilk günündə, yəni iyunun 29-da sübh namazı vaxtı səhər saat 4.42 göstərilir. Ancaq şəhərdə geniş yayılan daha bir Ramazan təqvimində təxminən yarım saat fərq var. Belə ki, Tehran Universitetinin hazırladığı Ramazan təqvimində ayın ilk günü, yəni iyunun 29-da sübh azanı vaxtı saat 4.11 göstərilir. Türkiyədə hazırlanan namaz təqvimində isə iyun ayının 29-da sübh azanın vaxtı 4.08 dəqiqə göstərilir. Göründüyü kimi, Azərbaycan üçün hazırlanan namaz təqvimlərində heç biri uyğun deyil. Türkiyə, İran və Azərbaycanın özünün hazırladığı namaz vaxtları arasında fərqlər kifayət qədərdir. Türkiyə və İranın hazırladığı vaxtlarda müəyyən mənada yaxınlıq olsa da, ümumilikdə hər üç mənbənin üst-üstə düşməməsi təqvimlə bağlı şübhələrə səbəb olur. 
Həm Ramazan ayının başlaması, həm də aylıq ibadət vaxtları ilə bağlı dini təqvimlərin hazırlanmasındakı bu pərakəndəliyi hələlik nə Azərbaycanda, nə də ümumilikdə müsəlman ölkələrində aradan qaldırmaq mümkün olmayıb. Doğrudur, müsəlman ölkələrində bununla bağlı müəyyən çağırışlar və görüşlər keçirilib. Ancaq ortada olan yanaşma fərqləri bu cür tezniki məsələləri aradan qaldırmağa imkan vermir. 

Mənbə: Milli.Az

26 iyun 2014
GO BACK