Qadin.NET / Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi

Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi

 

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr edilmiş filmin təqdimat mərasimi keçirilib Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü münasibətilə sənədli filmlər həftəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin təşkilatı dəstəyi ilə Nizami Kino Mərkəzində düzənlənmiş mərasimdə millət vəkilləri, milli qəhrəmanların ailə üzvləri, döyüş yoldaşları, igid oğul və qızlarımızın şərəfli döyüş yolunu əks etdirən əsərlər ərsəyə gətirən qələm sahibləri, KİV nümayəndələri iştirak ediblər.
Milli Qəhrəmanın anası, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova şəhidlik zirvəsinə yüksəlmiş övladının xatirəsinin daim uca tutulduğunu, belə şərəfin hər ailəyə nəsib olmadığını nəzərə çatdırıb, bu mərasimə görə təşkilatçılara dərin minnətdarlığını bildirib, ölkəmizdə şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşıldığını söyləyib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Vətən uğrunda canından keçən milli qəhrəmanlarımızın yaşadığı qısa, lakin şərəfli həyat yolunun gənclərimizə əsl örnək olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Mətbuat Xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli tədbirdə çıxış edərək, ölkəmizin suverenlik, iqtisadi inkişaf və nəzərəçarpan tərəqqiyə heç də asanlıqla gəlib çatmadığını, müstəqilliyin, torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsinin itkilər, qurbanlar bahasına başa gəldiyini, bədxah qonşumuz Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Qarabağ müharibəsinə düçar olduğumuzu diqqətə çatdırıb. O, Azərbaycana qarşı uzun müddətdən bəri davam edən bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, qaçqına və məcburi köçkünə çevrilmiş bir milyon soydaşımızın kütləvi surətdə hüquqlarından məhrum edildiyini söyləyib.
Qeyd edilib ki, ombudsman Elmira Süleymanovanın fəaliyyətində hərbi qulluqçuların hüquqlarının müdafiəsi və təmini, şəhid ailələrinin, məlum münaqişə nəticəsində yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın ehtiyaclarına, problemlərinin həllinə qayğı və diqqətlə yanaşılması mühüm yer tutur. Ombudsmanın bu qəbildən olan insanların məskunlaşdığı qəsəbələrə səfərlər etdiyi, soydaşlarımızın üzləşdiyi problemlərin aradan qaldırılmasında yardımçı olduğu bildirilib.
Z.Məhərrəmli şəhid həkim, tibb xidməti leytenantı daim səngərlərə can atan G.Əsgərovanın, yaralıları odun-alovun içərisindən çıxarması, ilk tibb yardımı göstərməsi, nəhayət, elə ön xətdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olması barədə sənədli faktların dili ilə ətraflı məlumat verib, onun igidliyinin heç vaxt unudulmayacağını, gənclərin də qəlbində əsl vətənpərvərlik nümunəsi kimi yer tutduğunu vurğulayıb. Qeyd olunub ki, bu igid el qızı öz fədakarlığı, şücaəti ilə doğma vətəninə son nəfəsinədək sadiq bir övlad olduğunu sübut edib.Sonda rejissor Kəmalə Musazadənin çəkdiyi "Gültəkin" filmi iştirakçılara təqdim olunub.Mərasim G.Əsgərovaya ithaf edilmiş mahnı ilə başa çatıb.
Mənbə: Milli.Az

 

25 iyun 2014
GO BACK