Adı qədim sak tayfaları ilə bağlı olan Şəki Qafqaz Albaniyasının tarixi ərazilərinə aiddir. Azərbaycanlılar buranın aborigen əhalisidir. Odur ki, hazırda Şəki ərazisində mövcud olan tarixi-siyasi memarlıq abidələri məhz Azərbaycan dövlətçiliyinin keçmişinə şahidlik edir. Bunun ən bariz nümunəsi əsrlərdən nəsillərə miras qalan möhtəşəm Xan sarayıdır. Əslində Şəki ərazisində mövcud olan mədəni və tarixi irsin xalqımıza mənsub olduğu tarixi faktlarla sübuta yetirilib. Buna baxmayaraq, ermənilər bu dəfə fərqli formada tariximizi saxtalaşdırmağa cəhd ediblər. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, onlar müasir informasiya texnologiyalarının imkanlarından sui-istifadə edərək, rusdilli Vikipediyada təhrif olunmuş məlumatlar yerləşdiriblər.
Millət vəkili, tarixçi-professor Yaqub Mahmudov deyir ki, xəstə erməni təxəyyülünün uydurmasına görə, guya Şəki doqquzuncu əsrin başlanğıcında ermənilərə məxsus Baqratilər dövlətinin vassalı olan sumbatyanlar sülaləsi tərəfindən idarə edilib və buranın yerli əhalisi də erməni olub. Halbuki, tarixi faktlar bu fikrin tamamilə əksini deyir. Ermənilərin tarixi faktları saxtalaşdırmaq cəhdlərini kəskin tənqid edən tarixçi alim azərbaycanlıların aborigenliyini təsdiq edən təkzibolunmaz faktlar ortaya qoyub. O, xalqımızın 1300 illik ədəbi eposa malik olduğunu vurğulayaraq, bunun qarşılığının ermənilərdə olmadığını nəzərə çatdırıb və ümumiyyətlə, süni tarix yaratmağın yolverilməzliyini bildirib. Tarixçi alim ermənilərin piratçılıq və oğurluq meyllərinə də işarə vuraraq, onları simasızlıqda ittiham edib.
Dağlıq Qarabağ probleminin həllini çətinləşdirən məsələlərin kökünə işarə edən Yaqub Mahmudov XIX və XX əsrin hadisələrini də yada salır. O, məsələnin həllini müşkülə salan əsas amil kimi ermənilərin havadarlarının arzuolunmaz fəaliyyətini qeyd edir.
Alimin fikrincə, tarixi həqiqətlər obyektiv prinsiplərə söykənməlidir. Odur ki, tarixi hadisələrin qeydə alınmasında və elmi şərhində bütün imkanlar təmin olunmalıdır. Əks halda, bir ibrətamiz kəlamda deyildiyi kimi, "Keçmişinə arxa çevirəni, gələcək top-tüfənglə qarşılayar".
Mənbə: Milli.Az