Yay mövsümü başladığından gəmi ilə dəniz gəzintisinə çıxmaq istəyənlərin sayı da artıb. Biz də gəmilərin vəziyyəti və qiymətləri ilə tanış olmaq üçün Dəniz kənarı Milli Parka yollandıq. Milli Parkda bir neçə gəmi istifadəyə verilib. Onlardan ən böyüyü isə “Mirvari” gəmisi idi. Digər gəmilər 80 nəfər tutursa, 3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 650 nəfər səyahət edə bilir. Bu gəmiyə bilet almaq üçün kassanın qarşısında xeyli insan növbəyə durmuşdu. Gəmidə 30 dəqiqə gəzinti 3 manata təklif olunurdu. 5 yaşınadək uşaqlar üçün isə gəzinti pulsuz idi. Biz də gəminin içi ilə daha yaxından tanış olmaq üçün bilet alıb içəri daxil olduq. Türkiyə istehsalı olan gəmidə təhlükəsizliklə bağlı bütün avadanlıqlar vardı. İki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir. Gəminin 2013-cü il dekabrın 28-dən istifadəyə verildiyini öyrəndik. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Qapalı zallardan qış mövsümündə də istifadə etmək mümkündür. Yəni gəmi həm qışda, həm də yayda sərnişinlərin istifadəsindədir. Gəminin hər üç mərtəbəsinin istifadəyə verildiyi deyilsə də 3-cü mərtəbədən istifadə etməyə hələ ki icazə verilmirdi.Gəmiyə xeyli sayda sərnişin daxil olsa da onlardan bəziləri geri qayıtdı. Səbəb isə gəmidə oturmaq üçün yer tapmamaları idi. Öz nəvəsi ilə gəzintiyə çıxan sərnişin Səmra Abdullayeva oturmağa yer tapa bilməməsindən gileyləndi: “Mən dəniz havası almaq, gəmi ilə dənizi seyr etmək istəyirəm. Ancaq bütün yerlər dolub. Gəminin qapalı hissəsində oturmaq üçün yer var. Mən də orada oturmaq istəmirəm. Mən gəmiyə ona görə mindim ki, dənizi açıq havada seyr edim”."Mirvari" gəmisini digər gəmilərdən fərqləndirən bir cəhət isə sərnişinlərə “fast food” yeməklər, çay, qəhvə və sərinləşdirici içkilər təklif olunmasıdır. Ancaq qiymətlər olduqca baha idi. Belə ki, dəmir qablaşdırmada olan "Coca cola", "Fanta" 1 manat 30 qəpik, "Cupy", çay 70 qəpik, isti şokolad, kapuçino 1 manat 90 qəpik, qəhvə 1 manat 70 qəpik, pivə 2 manat 90 qəpik, latte 2 manat 20 qəpik, kokteyl 2 manat 80 qəpik, milla 4 manat 40 qəpiyə təklif edilirdi. Fast food-lara gəlincə isə qiymətlər bu cür idi: bugger 2 manat 90 qəpik, dürüm toyuqla 2 manat 50 qəpik, dürüm ətlə 2 manat 70 qəpik, toyuq qanadları 3 manat 30 qəpik, sendviç 2 manat 40 qəpik, naggets 3 manat 70 qəpik, "Sezar" salatı 2 manat 90 qəpik, fri 1 manat 20 qəpik, souslar 30 qəpik, keks isə 90 qəpiyə idi. "Milla" dondurması isə 1 manat 60 qəpiyə təklif edilirdi. Həmçinin burada VIP sakitliyə üstünlük verib dənizin dalğalarını seyr etmək istəyənlər üçün 15 nəfərlik VİP və 30 nəfərlik VİP launj otaqları fəaliyyət göstərir. Bu zala giriş 10 manatdır. Bu pulun menyuya və biletin qiymətinə isə heç bir aidiyyəti yoxdur. Ancaq VİP zalda sərnişinlər barmaqla sayılacaq qədər az idi. Eyni zamanda fast food zalında da sərnişin az idi. Fast food zalına daxil olub sərnişinlərin gəmi haqdakı düşüncələrini öyrəndik. Ruslan Əliyev qiymətlərdən narazı olduğunu dedi: “Gəmi yaxşı, səliqəlidir. Bu gəmi ilə gəzinti xüsusi zövq verir. Ancaq içkilərin, yeməklərin qiyməti bahadır. Adicə çay 70 qəpikdir. Bu gəmiyə minmək 3 manatla bitmir. Gəmidən tam zövq ala bilmək üçün gərək əlini cibinə atasan ki, xidmətlərdən yararlanasan”.Sərnişinlərdən Səbinə Qurbanova isə gəmidə qiymətlər baha olduğu üçün heç nə almadığını, yalnız dənizi seyr etdiyini dedi: “Burada hər şey ikiqat bahadır. Nəsə yemək və ya içmək istəsəm, bunu hansısa sərfəli bir kafedə də edə bilərəm. Gəmiyə yalnız dənizi seyr etmək üçün minirəm. Bu gəmi digərlərindən gözəldir”.Sərnişinlərin gəmidəki qiymətlərlə bağlı narazılığına Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun fikrini öyrəndik. N. Məcidov qiymətlərin fərqli olmasının normal olduğunu dedi: “Gəminin 3-cü mərtəbəsinin qapalı olmasının səbəbini araşdıracam. Ola bilsin ki, orada təmir işləri və ya nasazlıq olduğu üçün qapalı olub. Onun qapalı olması elə də böyük bir problem deyil. Əsas odur ki, növbədə olan insanlara yer olsun. Qiymətlərə gəlincə isə bunu biz yox, bazar tənzimləyir. Azərbaycanda bazar iqtisadiyyatıdır. Bulvar idarəsi nə qiymət qoymur, nə də ki, onu aşağı salmır.Qiymətlərin fərqli olması normaldır. Ola bilər ki, buna oxşar bir fast food başqa yerdə ucuz gəmidə baha olsun. Çünki dövlətdə standart qiymət yoxdur. Bulvar idarəsi bulvarda gedən digər məsələlərə baxır və təsir edir. Amma qiymətlərə təsi edə bilmərik. Burada qiymət orada yazılıb vurulub. Burada qeyri-adi bir şey yoxdur. Bu işlərin başa gəlməyinə xeyli xərc çəkilir. Bu elə-belə bir şey deyil ki, gəmini gətirək il boyu pulsuz işləsin özünü doğrultsun. Bilirsiniz ki, bu gəminin nə qədər iş xərcləri var? Qiymətlərin heç biri havadan təyin edilmir. Hər biri elə hesablanır ki, öz xərcini ödəsin. Hazırda bulvarda bizə aid bir gəmi fəaliyyət göstərir. Əgər lazım olarsa, bizim bir gəmimiz də var. Onu da lazım olarsa istifadəyə buraxa bilərik. "Mirvari" gəmisinin 650 nəfəri götürmək qabiliyyəti var. Amma 200 nəfərdən artıq insan növbədə olmadığı üçün ikinci gəmiyə ehtiyac olmur. Ancaq bulvara aid olmayan gəmilər də var. Bu, Xəzər Dənizi Gəmiçiliyinindir”.
Mənbə: Milli.Az