Qadin.NET / Bakı polisinindən xəbərdarlıq: "Sürücülər gözləməsinlər ki..."

Bakı polisinindən xəbərdarlıq: "Sürücülər gözləməsinlər ki..."

 

Bakı şəhərində qadağan olunmuş ərazilərdə park edilən maşınların yeni üsulla cərimələnməsindən o qədər də çox vaxt keçməyib. Yol polisi bu kimi qayda pozuntusuna yol verən sürücülərin maşınlarını cərimə meydançasına aparmadan cərimələməyə başlayıb. Lakin Milli.Az-a müraciət edən oxucular deyirlər ki, qanunsuz parklanmaya görə maşınlara artıq yerində protokol tərtib edilmir.
İddia olunur ki, maşınların kompüter vasitəsilə yerində şəkilləri çəkilərək protokollaşdırılması üsulundan imtina edilib. Yol polisi yenə də köhnə üsula qayıdıb, yəni evakuatorla maşınları cərimə meydançasına aparmaq qaydasından istifadə edirlər. Bu, onu göstərir ki, maşınların evakuatorla aparmadan yerində cərimələnməsi, sanki, kampaniya xarakteri daşıyırdı. Bunun əziyyətini çəkən isə sürücülərdir. Məsələ burasındadır ki, yeni qaydaya görə, onlar əlavə evakuator, cərimə meydançası pulu ödəmirdilər, maşınlara isə ziyan dəymirdi. 
"Taksi sürücüləri yol polisinə borclu qalmır"
Şəhər mərkəzində, İstiqlaliyyət küçəsində bir neçə sürücü ilə söhbətdən də məlum oldu ki, yol polisi, əsasən, maşınların evakuatorla aparılmasına daha çox həvəs göstərir. Oruc adlı sürücü bildirdi ki, maşını yol kənarında saxlayıb bir mağazaya girmək mümkün deyil. Saniyə keçməmiş polis evakuatoru maşını aparır. Sürücü iddia edir ki, taksi sürücüləri də bu işdə yol polisinə köməklik edirlər. Yol polisi onların qadağan olunmuş yerlərdə saxlayıb müştəri gözləməsinə güzəştini özünəməxsus formada qaytarır. Taksi sürücüləri qadağan olunmuş yerdə maşın saxlayan kimi yol polisinə xəbər verərək onlara borclu qalmırlar.
Namiq adlı sürücü isə deyir ki, qayda pozan sürücülər yerində cərimə edilsinlər. Maşının evakuatorla aparılıb əlavə xərcə salınmasına nə ehtiyac var?
Ekspertlər hesab edirlər ki, qadağan olunmuş yerlərdə saxlanılan avtomobillərin evakuatorla aparılması müəyyən insanlara əlavə pul vəsaitlərinin əldə etməsinə şərait yaradır.
Xərc çəkib gətiriblərsə.... 
Hüquqşünas Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, əvvəl qadağan olunmuş yerlərdə dayanan maşına elə yerində protokol tərtib edilməsi mütərəqqi hal idi. Bu yolla qayda pozan sürücünün inzibati məsuliyyətə cəlb edilməsini təmin edirdilər. Dünyanın əksər ölkələri bu metoddan istifadə edir. Ancaq belə iddialar var ki, maşınlar evakuatorla aparılanda bundan müəyyən insanlar pul vəsaitləri əldə edirlər.
Hüquqşunas hesab edir ki, sürücülərin evakuatorlarla bağlı dedikləri Azərbaycan reallığına uyğundur: “Dayanma-durma qaydalarını pozma İnzibati Xətalar Məcəlləsinin 158-1-ci maddəsinin tələbinə görə 40 manata qədər cərimələnir, Nazirlər Kabinetinin qərarını görə 20 manat da daşınma xərcidir, cərimə meydanında da hər saata görə müəyyən məbləğ ödənilməlidir. Maşıın evakuatorla aparılanda oradakı əməkdaşlar daha artıq pul vəsaiti alırlar. Evakuatorla aparanda qazanc daha çox olur. Həm də evakuator maşınları böyük qiymətlə alınıb. Xərc çəkib gətiriblərsə, bundan təyinatına görə də istifadə etməlidirlər”.
"Biz öz cibimizi fikirləşirik"
M.Baxış qayda pozan sürücülərə qarşı sadaladığı mütərəqqi üsuldan geniş istifadə edilməməsini belə əsaslandırdı: "Mütərəqqi üsuldan istifadə etmək üçün gərək özümüz mütərəqqi olaq axı. Biz, ilk növbədə, hüquqi dövlət prinsiplərini tətbiq etməliyik, qanunun aililiyini təmin etməliyik, amma bunu dərk eləmirik. Bunların tətbiqi insanların normal yaşamasına gətirib çıxarır. Bütün dünya mütərəqqi üsuldan istifadə etdiyi halda, biz öz cibimizi fikirləşirik. Ona görə də mütərəqqi metodların tətbiqində bəhanələr gətiririk, maneçilik törədirik.
İXM 407-ci maddəsində dayanma-durma qaydaları pozulursa, həmin maşın evakuatorla aparıla bilər. Vətəndaşın maşını evakuatorla aparılarsa, niyə bort-kompüter vasitəsilə protokol tərtib olunmaması ilə bağlı məhkəmə iddiası qaldırsa belə, təmin edilməyəcək".
Sürücülərə sərt xəbərdarlıq
Bakı Şəhər Yol Polisi İdarəsinin rəis müavini, yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Milli.Az-a açıqlamasında bildirdi ki, sürücülər əgər maşınlarının mühafizə olunan dayanacaqlara aparılmasını istəmirlərsə, ilk növbədə, qaydanı pozmasınlar, dayanıb-durmanı qadağan edən yerlərdə maşın salxlamasınlar.
Rəis müavininin sözlərinə görə, Bakı şəhərində tıxacların, sıxlığın yaranmaması üçün, eyni zamanda dayanma-durmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanmış avtomobil sürücülərinə qarşı iki formada tədbir görülür. Avtomobilin sürücüsü yanında yoxdursa, evakuasiya edilərək mühafizə olunan dayanacaqlara aparılır, həmçinin yol patrul maşınlarına quraşdırılmış bort-kompüter vasitəsilə inzibati protokol tərtib edilərək maşının ön şüşəsinə qoyulur. Bort-kompüter vasitəsilə dayanıb-durmanı pozan sürücülərə qarşı şəhərin müxtəlif yerlərində inzibati protokol tərtib edilir.
“Hər iki istiqamətdə yol polis əməkdaşları uğurla işləyir. Bəzən qayda pozan avtomobilin yanında yol polisi dayanaraq sürücünü 3 saat gözləyir. Mən polisi bir sürücüyə görə saxlaya bilmərəm ki, həmin maşının sürücüsü gəlsin. Gələcəkdə də sürücülər gözləməsinlər ki, qaydanı pozduqlarına görə ancaq bort-kompüter vasitəsilə inzibati protokol tərtib ediləcək. Hər iki üsulla, evakuator və bort-kompüter vasitəsilə qayda pozan sürücülərə qarşı mübarizə aparılacaq”, - deyə alay komandiri sərt xəbərdarlıq etdi.
Anar Məmmədov.
Mənbə: Milli.Az

 

25 iyun 2014
GO BACK