Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında açıq birincilik baş tutub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutan yarış torpaqlarımızın azadlığı uğrunda şəhid olan 3 idmançı - Seyfəddin Kərimov, Ramin İsmayılov və Vahid Ağalarovun xatirəsinə həsr edilib. Digər yarışlardan fərqli olaraq daha yaxşı səviyyədə təşkil olunan birinciliyin açılış mərasimi özünəməxsusluğu ilə diqqət çəkib. Mübarizələrdən əvvəl Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə yarış iştirakçıları zala daxil olub. Sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardından rəsmi hissədə çıxış edənlər birinciliyin əhəmiyyətindən danışaraq şəhidlərin hər zaman yaşadığını və onların xatirəsinin əbədi olaraq yaddaşlara həkk olunduğunu bildiriblər. Açılışın sonrakı hissəsində yeniyetmə pəhləvanlar nümunəvi çıxışlarla tədbirə daha da rəng qatıb. Rəsmi hissənin davamında hər 3 şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Yarışın bədii hissəsində isə xüsusi olaraq şəhidlərə həsr olunan musiqi iştirakçıların və qonaqların rəğbətinə səbəb olub. Açılış mərasimi möhtəşəm sonluqla tamamlanıb. Daxili qoşunların xüsusi təyinatlı dəstəsi öz bacarıqlarını sərgiləyərək ordumuzun nəyə qadir olduğunu bir daha təsdiqləyib.
Xəyal Hacızadə, TRİM-in Gəncə filialının direktoru: "Bu yarışı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının 3 şəhid yetirməsinin xatirəsinə həsr etmişik. Biz ilk öncə onların valideynlərinə başsağlığı veririk. Bu gün vətənpərvərlik borcumuzu yerinə yetirmək istədik. Gördüyünüz kimi hərbi hissələrlə birgə, həmçinin idmançılarla birlikdə gözəl bir açılış düzənlədik. Bunu ənənəvi olaraq gələn il də davam etdirməyə çalışacağıq".
Qeyd edək ki, yarış 1 gün nəzərdə tutulub. 6 komandadan 150-dən artıq güləşçinin mübarizə apardığı birincilikdə 2000-2003-cü il təvəllüdlü pəhləvanlar döşək üzərinə çıxıblar. Gəncənin açıq birinciliyində Nizami yurdunun idmançılarıyla yanaşı Şəmkir və Samux güləşçiləri də qüvvəsini sınayır.
Qeyd edək ki, yarış 1 gün nəzərdə tutulub. 6 komandadan 150-dən artıq güləşçinin mübarizə apardığı birincilikdə 2000-2003-cü il təvəllüdlü pəhləvanlar döşək üzərinə çıxıblar. Gəncənin açıq birinciliyində Nizami yurdunun idmançılarıyla yanaşı Şəmkir və Samux güləşçiləri də qüvvəsini sınayır.
Mənbə: Milli.Az