Qadin.NET / Tək ayaqlı məşhur xanımın toyu oldu

Tək ayaqlı məşhur xanımın toyu oldu

"Onu sevdiyim andan anladım ki, artıq həyatım dəyişib. Etirazlar, çətinliklər oldu. Amma bütün sədləri dəf etdik. İndi birlikdəyik və bu, arzularımın çin olmasıdır".
Yaş Makkar belə deyir. O, Hindistanda məşhurlaşmış Subhret Kaur Xunmanla evlənib.
27 yaşlı Xunman 2009-cu ildə yol qəzasına düşmüş, sol ayağını itirmişdi.
Ayağındakı yaraya infeksiya düşdüyü üçün 7 cərrahiyyə əməliyyatına məruz qalan Subhret tezliklə xəstəxanadan çıxacağını düşünürdü. Sol ayaq isə şişdi, qanqrena başladı və həkimlər amputasiya əməliyyatını qaçılmaz saydılar.
Rəqqasə Subhret ayağı amputasyia ediləndən sonra bir müddət depressiyaya düşdü, amma sınmadı, bədbinlikdən qurtuldu.
O, yenidən rəqs etməyə başladı.
Bu dəfə yalnız bir ayaq üstündə.
Bu ilin fevral ayında "İndia Got Talent" müsabiqəsinə qatılan Subhret səhnəyə çıxıb rəqs edəndə şounun münsiflər heyəti və salondakı tamaşaçılarla yanaşı, yüz milyonlarla insanı heyrətləndirmişdi.
Subhret Kaur Xummanın dediyinə görə, reabilitasiya dövründə o, trenarjor zalına yollanmaq qərarına gəlmişdi.
Məşqlərdən birində isə o, Yaş Makkarla tanış oldu. Yaş həmin zalda məşqçi-təlimatçı çalışırdı.
Subhretin rəqs etmək istədiyini və bunun üçün də məşqlərə başladığını eşidən Yaş ona yardım edir. Yaşın məqsədi Subhretin daha güclü, çevik və qıvraq olması idi. Axı başqalarından fərqli olaraq Subhretin bir ayağı vardı - üstəlik, rəqs etmək istəyirdi.
Dostluq sonradan sevgiyə çevrildi.
"Bir-birimizi sevdik və günlərin birində mənə evlənməyi təklif etdi. Ayağımı itirəndən sonra həyatımın alt-üst olduğunu düşünürdüm. Axı bir ayaqlı qızla kim evlənərdi ki?! Yaşın "Mənə ərə gələrsən?!" sözlərini eşidəndə qulaqlarıma inana bilmədim. Zalda olanda Yaş mənə yaxınlaşdı, qarşımda diz çökdü və özümə gələnədək cibindən gümüş üzük çıxardı. O, mənə evlənməyi təklif edirdi. "Hə" dedim və peşman deyiləm. Yaş gözəl insandır və bir ayağımın olduğuna görə ruhdan düşməyimə imkan vermir", - Subhret söyləyib.
Toy Hindistanın Çandiqarx şəhərində olub.
Yaşla Subhretin nikahı asanlıqla baş tutmayıb.
"Subhreti gördüyüm günün sabahı ona vuruldum. O, zahirən və batinən gözəldir. Özünə əmin, nikbin, qətiyyətli ledidir. Tanış olduğumuz gündən iki ay sonra evləndik. Lakin asan olmadı. Subhreti sevdiyimi valideynlərimə deyəndə onlar inana bilmirdilər ki, tək ayağı olan qızla evlənmək fikrindəyəm. Etiraz edirdilər. Təkid etdim, fikrimdən dönməyəcəyimi dedim. İnad etdim ki, sevgilimlə görüşsünlər, tanış olsunlar. Subhreti gördülər və onun nəzakəti, tərbiyəsi valideynlərimi valeh etdi", - Yaş Makkar deyib.
Subhretin anası, 57 yaşlı Çarapret Kaur qızının ailə qurmasına sevinir: "Hər ananın arzusu qızının səadətidir. Qızım ayağını itirəndən sonra yuxusuz gecələrimdə onu düşünür, necə ailə quracağını fikirləşirdim. Amma tanrı bizə yardım etdi. Kürəkərim müstəsna insandır. Bilirəm ki, o, qızımı qəm çəkməyə qoymayacaq".
Çarapretin dediyinə görə, 2009-cu ildə qızı velosipeddə olanda onu moped vurmuşdu. Subhret dizindən yaralanmışdı. İki həftə xəstəxanada qalan qıza həkimlər səhlənkar münasibət bəslədikləri üçün qızın sağ ayağı şişib çürüməyə başlamışdı.
Bu səbəbdən də Subhret ayağını itirmişdi.
Mənbə: Milli.Az
24 iyun 2014
GO BACK