Böyürtkən şirəsindən xalq təbabətində zərif işlətmə dərmanı kimi istifadə edilir. Onun yetişməmiş meyvələri və şirəsi şəkər xəstəliyinə tutulanlar üçün çox faydalıdır.
Qurudulmuş meyvəsindən, mürəbbəsindən soyuqdəymədə tərlədici vasitə kimi istifadə edilir. Yaxşı yetişməmiş böyürtkəndən dadlı qora suyu da hazırlanır ki, bu da xörəklərdə iştahgətirici kimi işlədilir. Böyürtkən qanazlığında, avitaminozda, ürək zəifliyində, eləcə də xroniki mədə xəstəliklərində çox faydalıdır. Kal meyvələrini qurudub çay kimi dəmləyib şəkər xəstəliyinə qarşı dərman kimi içirlər.
Moruq
Moruğa meyvə deməyin, dərman deyin! Çünki bu giləmeyvədə bir sıra müalicə əhəmiyyətli maddələr var. Bunlardan C, B1 vitaminini, qlükoza, fruktoza, saxaroza şəkərlərini, dəmiri göstərmək olar.
Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici və temperaturu azaldıcı dərman kimi geniş istifadə edilir. O, həmçinin ödqovucu və sidikqovucu təsirə də malikdir. Təzə dərilmiş moruqdan hazırlanmış mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır.
Banan
Azərbaycana tropik və subtropik ölkələrdən gətirilən banan son dərəcə zərif, yumşaq xoşagələn ətirli dada malikdir.
Tam yetişmiş bananın meyvələrinin tərkibində 20 %-ə qədər şəkər, 1,2 % nişasta, 1,4 % üzvi turşular, A, B1, B2, C, PP vitaminləri və 0,89 % mineral maddələr var. Banan çox qiymətli yeyinti məhsulu olmaqla yanaşı, müalicəvi əhəmiyyətə də malikdir. Bu meyvə sinir sisteminin möhkəmlənməsinə, ürəyin qüvvətlənməsinə, qanın artmasına, eləcə də mədə - bağırsağın normal işləməsinə yaxşı təsir göstərir. Banan uşaqlar və qocalar üçün əvəzsiz meyvədir.