
Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, dezinfeksiya tədbirləri Lənkəran şəhərinin Paşa Təhməzov küçəsində, Həzi Aslanov 1 və Qala Xiyabanı 28 binalarının ağcaqanadların məskəninə çevrilən zirzəmilərində, o cümlədən giriş hissələrində aparılır. Dezinfeksiya işlərinə iyun ayından start verildiyini deyən Qəzənfər Rəcəbov CTV-yə müsahibəsində bildirib ki, bu günə kimi şəhərin Şəhidlər xiyabanında 37 bina, Qala xiyabanında isə 12 bina artıq 2-ci dəfədir ki, dezinfeksiya olunur. Bundan əvvəl Gərmətük qəsəbəsində 68 min kvadrat metr ərazidə dezinfeksiya işlərinin aparıldığını deyən Rəcəbov qarşıdakı günlərdə Darqubada və Lənkəranın mikrorayon ərazilərində 2-ci dəfə olaraq dezinfeksiya işlərinin aparılacağını dedi.
Prezidentin 371 saylı qərarına əsasən, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin maliyyələşmə formasından asılı olmayaraq müqavilə bağlamağa borclu olduğunu deyən Qəzənfər Rəcəbov bu müəssisələrin müqavilə bağlamaması nəticəsində həm müəssisələrin özündə, həm də ətrafda yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğunu bildirdi. O, qeyd etdi ki, bu işlərin ləngiməsi sözügedən problemin dərinləşməsinə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, Şəhər Gigiyena və Epidemiolagiya Mərkəzi öz hesabına bu xəstəliklərə qarşı mübarizə aparmaq məcburiyyətindədir. Dezinfeksiya işləri Gigiyena və Epidemiologiya Mərkəzinin profilaktik dezinfeksiya şöbəsinin öz hesabına deyil, müqavilə bağlayan şirkətlərin hesabına aparılmalıdır.
Qeyd edək ki, sanitar-epidemioloji tədbirlər gələn həftədən malyariya xəstəliyinin daha çox rast gəlindiyi Şürük və Darquba kəndlərində aparılacaq.