Qadin.NET / Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...

Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...

 

Televiziya və kompyuterə çox baxmaq yaddaşı zəiflədir, çalışqanlığı azaldır.
Məktəblilər arasında aparılan araşdırma zamanı məlum olub ki, televiziya və kompyuterlə məşğul olan şagirdlərin mənimsəmə və yadda saxlama qabiliyyəti 70 faiz aşağı düşüb.
Psixoloq Günel Alıyevanın sözlərinə görə, mobil telefon, kompyuter və televiziya uşağın marağını özünə cəmlədiyi üçün uşaqlar dərs və ümumi bilgiləri yadda saxlaya bilmirlər. "Televiziya izlərkən göz önündən 1 saniyədə 25 kadr keçir, 1 saatlıq izlənmə nəticəsində isə 90 min kadr keçir ki, bu da yaddaşa birbaşa təsir edir. Bunun nəticəsində gözlərdə və beyində qüsur əmələ gəlir" deyən həmsöhbətimiz hesab edir ki, bunun əvəzinə həftədə bir neçə kitab oxumaq uşaqların bilik səviyyəsini qaldırmaqla yanaşı, yaddaşını itiləşdirir.
G.Alıyeva bildirir ki, ailədə yaşadığı hər bir hadisə uşağın yaddaşına öz təsirini göstərir. Belə ki, onun sözlərinə görə, əgər ata və ya ana bütün gün televiziya izləyir, kompyuterin qarşısından durmur və ya mobil telefonunu əlindən qoymursa, bu uşaqda da marağa səbəb olur və böyüyəndən sonra bu marağın qarşısını almaq çətinləşir.
Pasiyentlərindən birinin vəziyyəti haqqında danışan Alıyevanın dediyinə görə, 15 yaşlı uşaq bütün gün kompyuterin qarşısında oturur, dərslərdən yayınır, vaxtını internet klublarda keçirirdi. "Valideynləri onu bu vərdişdən uzaqlaşdırmaq üçün bütün cəza tədbirlərinə əl atmışdılar. Sonda uşaq evdən qaçmaqla valideyinlərinə təpki göstərmişdi. Bir neçə gün axtarışdan sonra tapılan uşaq valideynlərinin qarşısında şərt qoymuşdu ki, onun kompyuterə olan marağına qarışmasınlar. Mən uşaqla söhbət edəndə başa düşdüm ki, bu maraq birbaşa ailədən qaynaqlanır. Belə ki, pasiyentimin atası kompyuter proqramçısı, anası isə dizayner idi. Uşaq gözünü açandan onları kompyuter qarşısında gördüyündən, bu, onda vərdiş halını almışdı. Onunla söhbətlərimiz bir ilə yaxın davam etdi. Çətinliklə də olsa, uşağı cəmiyyətə qaytara bildik".

 

 

Mənbə: Milli.Az

23 iyun 2014
GO BACK