2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir.
Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar - 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü doğuş 0.4 faiz nəticəsində baş verir.
Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub.
Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.
“Bu, elə böyük rəqəm deyil, amma...”
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, 135 rəqəmi yalnız rəsmən qeydə alınmış abortları göstərir: “Elə UNİCEF-in hesabatında Azərbaycanda 5 min erkən nikah faktının qeydə alındığı bildirilib. Erkən nikahlardakı abort ayrıca araşdırmaya ehtiyac olan məsələdir.
İkincisi, zorlanmadan sonra aborta müraciət edənlər olur. Üçüncü kateqoriya seks xidməti göstərən gənc xanımlardır ki, onların da aborta müraciət etməsi barədə kifayət qədər fakt var. Hesab edirəm ki, erkən seksual münasibətlərdən yaranan abortlar bu siyahıda üstünlük təşkil edir. 135 nəfər isə elə böyük rəqəm deyil, amma bunun hansı hədəf qruplarından olması araşdırılmalıdır.
“Polisə məlumat verilir”
7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova deyir ki, onlara müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar nadir hallarda olur, bu isə qadının orqanizmi ilə bağlı məsələdir. Yəni bu məsələdə qeyri-adilik axtarmaq lazım deyil: “Ola bilər, səhhətində hansısa problemi var, buna görə abort məcburiyyəti yaranır. Ekstrogenetal xəstəlik, sosial problemlər üzündən də belə abort etdirənlər az deyil. Nikah yaşına çatmayanlar arasında hamiləlik təsadüfi hadisə sayılmamalıdır. Elə olur ki, toy edirlər, amma gənclərin yaşı qanunvericiliyə uyğun olduqdan sonra münasibət rəsmiləşdirilir”.
Südabə İsmayılova belə olanda azyaşlı qadınların hamilə qalmasını və ya abort etdirməsini normal hesab edir: “Azyaşlıların abortu məsələsində vətəndaş nikahında olanları da nəzərə almaq lazımdır”.
Baş həkim bu məsələdə psixoloji məqamları da nəzərə almağı vacib sayır: “Yəni bu qadınların yaşının az olması o demək deyil ki, onlar hamısı təsadüfi cinsi əlaqədən hamilə qalıblar. Məsələn, azyaşlı ana olmağa hazırlaşanları çox vaxt anası, qaynanası, qohumu gətirir. Çünki onların icazəsi lazımdı. Bu çox ciddi məsələdir, sonrakı məsuliyyət var.
Azyaşlı pasientlər haqqında isə polis orqanlarına müraciət edilir, sonrakı mərhələ ilə məsləhətxananın hüquqşünası məşğul olur”.
Cinayət var, cəza yoxdur
5 saylı hüquq məsləhətxanasının hüquqşünası Səfa Məmmədova deyir ki, istər ailə qurmuş olsun, istərsə də təsadüfi cinsi əlaqə, fərqi yoxdur, hər bir halda yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Son vaxtlar belə hadisələrin çoxalması səbəbindən həmin maddənin birinci və ikinci bəndinə dəyişiklik edilməsi, cəzanın sərtləşdirilıməsi nəzərdə tutulur. Hüquqşünas deyir ki, dəyişikliyə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, yaxud zor tətbiq etmə hədəsi ilə, eləcə də zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Mənbə: Milli.Az