2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində növbəyə dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsi mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunacaq. Bu barədəTrend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli Sərəncamı qeyd olunan təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm irəliləyişlərə nail olunmasını təmin edir. Bu Sərəncam ötən ilin dekabr ayı da daxil olmaqla möhtərəm dövlət başçısı tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının yüksəldilməsi məqsədilə imzalanan artıq 10-cu sənəddir.
Sərəncam 2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunmasını nəzərdə tutur. Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq tədbirlər planı hazırlayaraq, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirəcək.
Həmçinin, yerli icra hakimiyyəti orqanları ƏƏSMN-nin müraciəti əsasında əlil və şəhid ailələri üçün fərdi ev tikintisinin aparılması üçün torpaq sahələrinin ayrılmasını təmin edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cari ilin əvvəlinədək mənzil növbəsinə dayanmış əlil və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, habelə 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. ƏƏSMN Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satın alınaraq növbədə dayanmış əlil və şəhid ailələrinə təqdim olunması məqsədilə müvafiq işlər aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin əlil və şəhid ailələrinə davamlı diqqət və qayğısının növbəti nümunəsi olan 20 iyun 2014-cü il tarixli Sərəncamın yüksək səviyyədə icrasının təmin olunması üçün ƏƏSMN tərəfindən bütün müvafiq işlər görüləcək.
Mənbə: Milli.Az