Qadin.NET / Məzuniyyəti harada keçirməli?

Məzuniyyəti harada keçirməli?

İndi iş yerlərindəki ən aktual mövzu məzuniyyət, istirahətdir. Kim, hansı qrafik əsasında, harada, necə istirahət edəcək? Rəhbərliyə yazılı ərizə, məzuniyyətin təsdiqlənməsi, seçilən istirahət məkanında məzuniyyət və ... yenidən iş. Biz də mövzunun aktuallığını nəzərə alıb, məzuniyyət barədə bilmədiyimiz bir çox məqamları araşdırdıq. 

Məzuniyyət üçün ən yaxşı, ən ucuz, ən maraqlı şəhərlər 
Öncə onu öyrəndik ki, dünyada məzuniyyəti keçirmək üçün ən yaxşı şəhər İstanbuldur. CNN-nin məlumatına görə, bu,"TripAdvisor" saytının istifadəçilər arasında keçirdiyi sorğudan bəlli olub. Sonrakı yerləri Roma və London tutub.
Amma həm ucuz, həm də keyfiyyətli tətilin məkanı olan bir neçə Avropa ölkəsi də mövcuddur. Bu ölkələrdə həm gəzinti, həm də yeyib-içib, qalmaq hamının cibinə uyğundur. Birinci pillədə Macarıstanın paytaxtı Budapeşt gəlir. Bu ölkədə şəhər turu, muzey ziyarətləri, yeyib-içmək 134 funt sterlinqə başa gəlir. Avropanın ən bahalı turizm yeri isə Kopenhagen sayılır. Digər sıradakılar isə bu ölkələrdir.
Xorvatiya - Dubrovnik
Tallin - Estoniya
Litva - Vilnüs
Portuqaliya - Lissabon
Çexiya - Praqa
Latviya - Riqa 
Polşa - Varşava
Türkiyə- İstanbul
2013-cü ildə dünyada turistlərin ən çox gəldiyi şəhər London olub. Keçən il burada 16 milyondan çox turist olub. Son illərin favoriti Parisdə bu göstərici 15,9 milyon nəfərdir. İlkin hesablamalara görə, Böyük Britaniya-Niderland neft-qaz korporasiyası “Royal-Datç Şell” 2013-cü ildə 16,4 milyard dollar təmiz gəlir əldə edib. Bu, 2012-ci illə müqayisədə 38,6 faiz azdır. Korporasiyada gəlirin azalmasını neftə olan indiki qiymətlər və neft hasilatındakı problemlərlə əlaqələndiriblər.
21 gün məzuniyyət - bir az artıq olar? 
Lap tutaq ki, istirahət etmək üçün şəhər seçdik. Bəs bizim məzuniyyət hüququmuz, məzuniyyət haqqımız? Onları necə həll edək? İşçilərin məzuniyyət hüququnun təmin edilməsi Əmək Məcəlləsinin əsas tələblərindən biridir. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək Məcəlləsi ilə işçilərin məzuniyyət hüququnun 4 növü nəzərdə tutulub: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət. Əmək Məcəlləsinə görə, işçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Qeyd edək ki, 21 gün ödənişlı əsas məzuniyyətdə minimal həddir. İşçinin işlədiyi sahədən, tutduğu vəzifədən, ailə tərkibindən, yaşından, sağlamlıq vəziyyətindən asılı olaraq, ödənişli əsas məzuniyyət günləri də artır. Əmək Məcəlləsinə görə, işçilərin əlavə məzuniyyətə çıxması isə onların staj müddətinə görə hesablanır. 5-10 il arasında staj olduqda 2 təqvim günü, 10-15 il arasında staj olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilə bilər. Əmək Məcəlləsi ilə işçilərə ödənişsiz məzuniyyətin verilməsi işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. İşçilərə müddəti 6 aydan çox olmamaq şərti ilə ödənişsiz məzuniyyət verilir. Eyni zamanda işçilərin arzusu və işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət hissələrə bölünərək də verilə bilər. Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bəzi hallarda isə məzuniyyət müddətinə bir neçə bayram günü düşə bilər. Bu halda qanunla bu bayram günləri məzuniyyət günlərinə əlavə edilmir.
Məzuniyyət pulu belə hesablanırmış... 
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib, məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən, hesablanır.  Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məsələn, son 12 ayın ilk 6 ayında 250, son 6 ayında isə 300 manat əməkhaqqı almış işçinin 12 təqvim ayının orta əməkhaqqı 275 manat təşkil edir . İşçinin birgünlük əmək haqqını müəyyən etmək üçün bu məbləğ 30,4-ə bölünür: 275/30,4=9,04.  Belə olan halda 21 günlük məzuniyyətə çıxan işçinin alacağı məzuniyyət haqqı 189,84 manata (21x9,04=189,84) bərabər olacaq.
Məzuniyyət verilir, amma pul yox... 
Amma ödənişsiz məzuniyyət hüququ da var. Yəni, sizə məzuniyyət verib, onun pulunu ödəməmək versiyası. Ödənişsiz məzuniyyətlərdən istifadə etmək üçün işçi hökmən ərizə ilə işəgötürənə müraciət etməlidir. Ərizənin formasına keçməzdən əvvəl bir məsələni diqqətinizə çatdırmaq istəyirik. Əvvəlki fəsillərdə 1 və 2 günlük məzuniyyət hüququ haqqında məlumat vermişdik. Tövsiyə etmişdik ki, belə rəsmiləşdirmə aparılmasın.
Əmək Məcəlləsində ödənişsiz məzuniyyətlə bağlı olan ən son dəyişikliklərdən biri də buna aiddir. Belə ki, işçi istənilən zaman şəxsi məsələləri həll etmək üçün təşkilat rəhbərliyinə ödənişsiz icazə üçün müraciət edə bilər. Və bu müddət 7 gündən artıq olmamalıdır.
Yorğunluq, yoxsa usanma? Psixoloqlar istirahətin şərtlərini açıqlayır 
Psixoloqların isə istirahət, məzuniyyətlə bağlı maraqlı fikirləri var. Məsələn, heç kimə sirr deyil ki, yorğunluq iş qabiliyyətinin azalmasına səbəb olur. Çox ağır fiziki yorğunluq zehni fəaliyyəti də azaldır və əksinə, zehni gərginlikdən sonra fiziki fəaliyyət tələb edən işin yerinə yetirilməsi qabiliyyəti də aşağı düşür. Yorğunluğun subyektiv təzahürləri əzələlərdə ağrı, ümumi zəiflik, öz işini yerinə yetirmək istəyinin olmaması və hətta insanın davranışında əmələ kələn müəyyən dəyişikliklər - əsəbilik, məyusluq və ya süstlük kimi əlamətlərdir. Bu dəyişikliklər fiziki və ya zehni əməyin hansı gərginliklə yerinə yetirilməsindən asılıdır. Uzun müddət yerinə yetirilən orta dərəcədə gərgin işin yorğunluğu bir qədər istirahətdən sonra keçib-gedir və adamın sağlamlığına heç bir zərər gətirmir.
İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin, orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi yorğunluğa səbəb olur. Yorğunluğun bir forması da usanmadır. Bu çox vaxt maraqsız iş nəticəsində baş verir. Usanmanı ağırlaşdıran bir şərt də əməyin pis təşkilidir. Yorğunluğun əmələ gəlməsinə səbəb olan bir amil də həddindən artıq səs-küydür. 40 desibel gücündə (lehimləmə lampasının küyü qədər) olan səs-küy artıq əsəbiliyi yaranmasına səbəb olur. Səs-küylü işlərdə isə (80 desibeldən yüksək) xüsusi səs keçirməyən qulaqlıqlardan istifadə etmək lazımdır.
İstirahət həm aktiv, həm passiv olur 
İstirahətin hansı növləri var? İstirahət aktiv və passiv olur. Passiv istirahət zamanı adam heç bir işlə məşğul olmur. Aktiv istirahət zamanı isə gəzintiyə, səfərə çıxır, idmanla məşğul olur, ya da, heç olmasa, məşğuliyyətini dəyişir. Həm fiziki, həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv istirahət etmək və ancaq bundan sonra aktiv istirahətə keçmək lazımdır. Orta yorğunluq isə aktiv istirahətlə keçir. 
Aktiv istirahət qabiliyyətini hər kəs özündə tərbiyə etməlidir. Bu, adamın vərdişinə çevrilməlidir. İstirahət nə üçün lazımdır? İtirilmiş enerjini bərpa etmək, sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün istirahət etmək lazımdır. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin edir. Uzun müddət istirahət etmədikdə nə baş verir? Ümumiyyətlə, uzun müddət istirahət etməmək insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir. İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı alınmayan xəstəliklər kimi getdikcə daha da ağırlaşır. Nəticədə səbəbsiz qorxular, narahatlıq hissi, əzələdə ağrılar özünü göstərməyə başlayır. 
Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğu da yaranır. Bu zaman nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Misal üçün, məntiqi məsələləri həll etmək üçün, ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Yorğunluq immun sisteminə də təsir göstərir. İmmun sistemi zəifləyir, insan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. 
Əslində payız və qış aylarında psixoloji olaraq insanların istirahətə daha çox ehtiyacları olur. Belə ki, havanın pis keçməsi, qaranlıq, monotonluq insanlarda depressiyaya, ruh düşkünlüyünə meyl yaradır. Bu zaman çox yorulduqda, stresslə üzləşdikdə belə, nadir hallarda kimsə istirahət etməyi planlaşdırır. Yaxşı olar ki, soyuq aylarda da insan özünü pis hiss etdikdə istirahət etmək, həyat tərzini dəyişmək, yenilik etmək barədə düşünsün. Qış tətili və ya yaz tətili günlərində rayonlara səfər etmək, qısamüddətli də olsa, istirahət xroniki yorğunluğun, pessimizmin qarşısını ala, əhvala müsbət təsir edə bilər.

Mənbə: Milli.Az

23 iyun 2014
GO BACK