Qadin.NET / Bakıda ev tikmək istəyənlərin sevinci gözündə qaldı

Bakıda ev tikmək istəyənlərin sevinci gözündə qaldı

 

Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik özlərinə yuva qurmaq istəyənlərin böyük sevincinə səbəb oldu.

Milli Məclis tikintisi üçün icazənin tələb olunmadığı yaşayış binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur. Qanunvericiliyə edilmiş bu dəyişiklik insanlar arasında maraqlı fikir yaradıb.
Məlumatı eşidənlər ev tikərkən heç bir icazə alınmayacağını düşünürlər. Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü, millət vəkili Tahir Rzayevisə Milli.Az-a açıqlamasında bildirdi ki, qanunvericilikdə edilmiş dəyişiklik ev tikilməsinə icazə ilə bağlı ciddi fərqlər yaratmayıb. Onun sözlərinə görə, burada evin tikilməsinə icazənin ləğvindən söhbət getmir. Ev tikməklə bağlı məsələdə heç bir dəyişiklik olmayıb. Evin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Əgər evin hündürlüyü 12 metrə qədərdirsə, yerli icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Vətəndaşın razılaşdırma ilə bağlı icra hakimiyyətinə müraciəti 3 ay müddətə cavablandırılır. Əgər icra hakimiyyəti bununla bağlı 3 ay müddətinə cavab verməsə, tikintiyə başlamaq olar.
Millət vəkili qeyd etdi ki, qanuna yeni edilmiş dəyişiklik ancaq evlərin ara məsafəsinin divarla hündürlüyündən asılı olaraq dəyişməsi ilə bağlıdr. Yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Bu vaxta qədər bina qonşunun evinin divarına birləşdirilirdi ki, daha belə hallara qanunla icazə verilməyəcək.

Anar Məmmədov.
Mənbə: Milli.Az

 

23 iyun 2014
GO BACK