Qadin.NET / Biz Azərbaycan qadınları uşaqlara təhsil vermirik

Biz Azərbaycan qadınları uşaqlara təhsil vermirik

 

İstənilən halda əsəbləşməyi bacaran insanlara hörmət etmək lazımdır. Əsəbləşən, yanıb-tökülən, bəzən hətta söyən insanlara dəyər vermək, onları qorumaq lazımdır. Bəzən səhv etsə də...
Bu fikri, bəlkə də, məndən qabaq hansısa irəli getmiş xalqın qadın nümayəndəsi deyib. Ola bilməz ki, bir azərbaycanlı qadın ilk olaraq nəyisə düşünsün, yeni nəsə desin. Yox, olan şey deyil. Xahiş edirəm, boş vaxtı olanlar internetdə bu cümlələri müxtəlif dillərdə yazıb, axtarışa versinlər, yəqin ki, bilmədən kimdənsə plagiat eləmişəm. Ona görə də bəri başdan həmin fikirlərin müəllifi olan başqa xalqın nümayəndəsindən, ümumiyyətlə, cəmi başqa xalqlardan azərbaycanlı olduğuma görə üzr istəyirəm. Çünki bir halda ki, azərbaycanlıyam, deməli, ömrü boyu yazdığım, danışdığım, irəli sürdüyüm bütün az-çox qiyməti olan fikirlər başqa gözəl xalqların nümayəndələrinin fikirləridir. Məsləhət görürəm ki, inadından əl çəkib, digər qadınlarımız da mənə qoşulsunlar və birlikdə başqa xalqların qadınlarından üzr istəyək - atdığımız azacıq mütərəqqi addımlara görə, söylədiyimiz cüzi ağıllı fikirlərə görə, lazım gəlsə, qadın adımıza görə, lap belə aldığımız nəfəsə görə.
Deyəsən, mən də əsəbləşdim bir az, amma yazdığım fikir əsəbləşməyi bacaran kişilərə aiddir, bir də başqa xalqların qadınlarına. Biz isə əsəbləşəndə belə səviyyəsiz şeylərə görə əsəbləşirik - “qonşu niyə təzə şuba aldı” tipli şeylərə görə. Biz - yəni azərbaycan qadınları heç vaxt cəmiyyətdəki naqisliklərə görə narahat olmuruq. Gicgicə adət-ənənələr, qadının evini ona məzar edən qayınana-gəlin münasibətləri, beş oğulun bir həyətdə qarın-qarına ev tikib, elti davalarında ömür-gün çürütmələri, qayınata ayağı yumağın vacibliyi, dolma bişirərkən yarpağın özəyinin çıxarılmamasının ağır cinayət sayılması... bu kimi qeybət mövzuları bizim heç vecimizə də deyil.
Buradakı əsəbi tonum da ötəri idi. Bir dəfə mücrümü açıb iri klonlu qızıl boyunbağıma baxdım, əsəblərim sakitləşdi. Lazım gəlsə, indi durub təzə aldığım donlarımdan bir-ikisini də geyinib, güzgünün qabağında fırlanacam, kefim lap kəllə-çarxa çıxacaq.
...Hərçənd o boyunbağıya baxanda mənim başqa şeylər də yadıma düşür, bu dəfə çalışacam ki, elə olmasın. Amma oxucuya da bu qədər hörmətsizlik eləmək olmaz, gərək yadıma nə düşdüyünü onlara açıqlayım. Elə-belə, tum çırtlayırmış kimi, qəti əsəbləşib, kövrəlmədən... Həm də mən, ümumiyyətlə, yaşadığım, başıma gələn hadisələri nağıl eləməyi çox sevirəm. Yoxsa bir də görürsən, biri ümumi fikirlərlə çıxış edir, qarşısına fakt qoyursan, pərt olur. Elə adam da var, pərt olan deyil, qırmızı adamdır, üzə durur, nə isə...
Bu iri klonlu boyunbağının yanında mənim başqa qızıl üzüklərim, başqa boyunbağım, qolbağım da vardı. Onları evlənəndə yoldaşımın valideynləri almışdı, əlbəttə ki. Amma mən qəti surətdə bu qızılların alınmasına, ümumiyyətlə, toy ərəfəsi çəkilən bütün xərclərə etiraz eləmişdim. Demişdim ki, ondandırsa kömək eləsinlər bir otaqlı da olsa, ev alaq. Bununçün özümə cehiz-filan almayıb, qəpik-qəpik yığdığım pulu da özümlə götürmüşdüm. Təbii ki, mənim sözümlə razılaşmadılar, əksinə bu təklifə görə xeyli başağrısı çəkdim. İndi bir-bir xırdalığa varıb başınızı ağrıtmıram, ümumiyyətlə, bu toy, nişan, xınayaxdı deyilən əndrəbadi mərasimlərlə bağlı üzləşdiyim xoşagəlməzliklərdən sonra birmənalı olaraq bu qənaətə gəldim ki, bizim toy adətlərimiz bir evin qurulmasına yox, birmənalı şəkildə onun təməllərinin laxladılmasına yönəlib.
Bu mücrünü açanda yadıma düşən başqa bir hadisə də orada iri klonlu boyunbağının yanındakı qızılların taleyinin necə olması ilə bağlıdır...
1 yaşlı oğlumuz bərk xəstələnmişdi, xəstəxanada yatırdıq. Bir gün bizi yoxlamağa gələn bacım dedi ki, yoldaşım axırıncı kursda olduğu universiteti atmaq istəyir. Dedi ki, gördüyüm odur ki, onun semestri başlasa da, gedib-gəlmir, əksinə əlavə iş götürüb-gecələr növbədə durur. Səbəb, əlbəttə ki, mənə aydın idi. Uşağın dərmanları, ağzını balina kimi açmış xəstəxana xərcləri... Bacıma dedim ki, səhər aparıb bütün qızıllarımı satsın, pulunu mənə gətirsin. O, elə də eləmişdi, amma bu boyunbağı ilə bəxt üzüyümə qıymamışdı. Yoldaşımın təhsilinə davam etməsi üçün hansı yalanlar uydurdum, bunları yazmağa ehtiyac yoxdur. Əsas odur ki, o, universiteti bitirdi.
...Bu universitet məsələsinin dalınca da konkret olaraq bu boyunbağıyla əlaqəsi olmayan daha bir hadisə yadıma düşür. Təkcənə qardaşımın Rusiyada yarımçıq buraxdığı Milis Akademiyası. Qardaşım o məktəbə min-bir əziyyətlə daxil olmuşdu. Min-bir əziyyətlə də oxuyub dördüncü kursa çatmışdı. Amma günlərin bir günü "Rusetdən" bir yerlimiz bizə xəbər gətirdi ki, oğlan bir rus qızına uyub, məktəbi də atıb. Dedi ki, hələ içkiyə də qurşanıb... Nə anamda o fərasət yox idi ki, gedə "Rusetə", döşlərini aça, sənə bu südümü halal eləmərəm deyə, nə atamda o mühafizəkarlıq yox idi ki, tək oğlum rusa evləndi deyib onu geri çağıra. Bircə rəhmətlik nənəm hər şeyi gözü ilə görübmüş kimi qızıl diaqnoz qoydu vəziyyətə: “Rus qızı qucağından buraxmır də səhərlər uşağı dərsə getsin. Bunnan da onunku bitdi”.
Bir neçə ildən sonra Rusiyaya, qardaşımın yanına getdim. Onda hələ sağ olan nənəmə diri-diri rəhmət oxuya-oxuya hər şeyi gözümlə görüb, qayıtdım. “Adam özünü hansı pilləyə sala bilərmiş” deyə heyrətlə onların həyat tərzinə baxdım. İçində ət olmayan soyuducunun qapısını “jrat neçeva” deyib çırpan bir donuz gördüm mən o evdə qadın yerinə. Qardaşıma sevgi, qayğı görmədim. Bircə dəfə də olsun söhbət zamanı qardaşımın məktəbini xatırlayıb, heyfsiləndiyini eşitmədim. Tibb bacısı idi guya, texnikum bitirmişdi. Zarafatla soruşdum ki, suyun formulu necədir, heç tövrünü də pozmadı: “Tı dumayeş, ya eta znayu?” Qardaşımın kitabları da evdən yoxa çıxmışdı. Evləri dar idi...
...Bəli, ola bilsin qardaşım iradəsiz olub. Ona da yüzdə yüz əminəm ki, o, bir azəri qızı ilə evlənsəydi, indikindən çox-çox çətin, əziyyətli bir həyat sürəcəkdi. Amma indiki statusundan çox-çox yüksəkdə olacağına da and içə bilərəm.
Çünki biz azəri qızları kişiləri donuz kimi yeyib, yediyi qabı da üzü üstə çevirib, yatmağa qoymuruq. İçərilərindəki potensialı dəyərləndirib cəmiyyət içərisində sayılan birisi olmaları üçün onları bizləyirik. Onlarçün içki məclisi, kef məclisi, ardından eyş-işrət məclisi qurmuruq. Onları mübariz “tərbiyə edirik”. Çünki biz Azərbaycan qadınlarının yaşadığı həyat mübarizədir!..
...Əslində, bu boyunbağının xatirələri bununla bitmir. Amma vaxtım dardı, hamısını yaza bilmirəm. Yay tətili olsa da, uşaqlarımı dil kursuna qoymuşam. Onların arxasınca getməliyəm. Hərçənd biz Azərbaycan qadınları uşaqlarına təhsil vermirik... Yəqin özüm də bilmədən şüuraltımda başqa şeylər qaynaşıb onları kursa yazdıranda. Bəlkə, endirimdən aldığım paltarlarımı, ya da elə bu yeganə dəyərli əşyam olan boyunbağını göstərmək üçün uşaqlarımı günün altında yandıra-yandıra, özüm də qaranəfəs ola-ola şəhərin küçələrini dolaşıram. Ola bilər, Azərbaycan qadınıyam axı... Məndən mütərəqqi heç nə gözləmək olmaz...
Qızılgül Abdinova.
Mənbə: Milli.Az

 

23 iyun 2014
GO BACK