“Məişət zorakılığı, təhsildən yayınma və intiharlarla bağlı maarifləndirmə işlərinin aparılmasına, eləcə də qanunların işləmə mexanizminin müzakirəsinə ehtiyac yaranmışdı. Buna görə də rayonlarda tədbirlərə start verildi. Rayonlarda icra strukturlarının nümayəndələri, hüquq-mühafizə orqanları, bələdiyyələr, icra və ictimai təşkilatlarınəməkdaşları arasında qanunun icrası və onun işləmə mexanizmi, yaranmış problemlərlə əlaqədar sorğusu keçirilir” - deyə komitədən bildirilib.
Xəbərdə deyilir ki, müşahidələr əksər qadınların öz hüququnu bilmədiyini, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmadığını göstərir: “2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. 2011-ci ildə qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 4280 olubsa, bu ilin 6 ayı ərzində 2119 belə cinayət faktı qeydə alınıb. Ötən illərdə yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 103 olub. Ailə münaqişəsi və digər məişət zəminində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 5 il yarımda 8139 olub. Bu cinayətlər zamanı 117 qadın, 7 azyaşlı uşaq, 12 yeniyetmə (onlardan 7-si qızdır) dünyasını dəyişib.
İntihar faktlarına gəldikdə isə intihar edən qadınlardan bir qismi yeni ailə quranlardır. Onların arasında müxtəlif yaş qruplarına rast gəlmək olur. Təxmini hesablamalara görə isə ötən il ölkə üzrə 5000-dən çox erkən nikah bağlanıb.
Erkən nikah barədə komitəyə məlumat daxil olan kimi, həmin nikahlar dayandırılır və erkən nikahın baş tutmaması üçün ailələr nəzarətə götürülür”.
Komitə problemin aradan qaldırılması üçün “məktəb psixoloqu”, “ağsaqqal-ağbirçək” təsisatlarının yaradılması istiqamətində işlərin aparıldığını da qeyd edib: ““Ailə psixoloqu” institutunun yaradılması, eləcə də vətəndaş məsuliyyətinin artırılması məsələləri də diqqətdədir. Bu sahəyə ictimayyətin diqqətini cəlb etmək üçün müxtəlif aksiyalar da keçirmək mümkündür. Lakin bu aksiyalar davamlı olmalı, insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir”.