Qidalanma insan orqanizminin əsas fizioloji tələbatlarından biridir. Bu tələbatın ödənilməsində meyvə-tərəvəz balansı önəmli rol oynayır. Lakin bəzən orqanizmimizi vitaminlə təmin etmək istərkən, tam əksi baş verə bilər.
Əhmədova Şirin – həkim: “Gübrəli meyvələrdən qida zəhərlənmələri baş verir. Xəstələr əsasən yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması, qusma, ishal halları ilə gəlirlər. Analiz nəticəsində bəlli olur ki, onlar gübrəli meyvə yeyiblər. Azot qalıqları orqanizmə toksiki təsir göstərir. Məhsulun daha tez yetişib artımlı olması üçün verilən gübrələr insanlarda zəhərlənmə hallarına gətirib çıxarır”.
Mövsümlə əlaqədar ən çox zəhərlənmə halları qarpız və yemişdə olur. Hazırda bazarda alıcılara təklif olunan qarpız və yemiş məhsullarının hər biri gübrə ilə yetişdirildiyi bildirilir. Çünki iyun ayında bu məhsulların gübrəsiz yetişməsi onların geninə uyğun deyil.
Əhmədova Şirin: “Yaxşı olar ki, hər şey vaxtında istifadə olunsun. Qarpız və yemişin qəbulu iyul-avqust aylarında təhlükəsizdir. Yəni gübrəsiz özləri yetişə bilərlər. Həmin vaxtı onların yeyilməsi məsləhətdir”.
Gübrəli meyvə-tərəvəzlərin əksəriyyəti xarici məhsullar olur. Onlarda isə kimyəvi elementlərin disbalansı yaranır.
Bazarda alıcılar üçün həm yerli, həm də xarici məhsullar təklif olunur. Xarici meyvə- tərəvəz görünüşcə cəlbedici olsa da, yerli məhsullarımız daha dadlı və daha sərfəlidir.
Satıcılar alıcıların daha çox xarici və gübrəli məhsullara üstünlük verdiyini desələr də, yerli meyvə - tərəvəz məhsullarını üstün tutan alıcılarımız da az deyil.
Satıcı: “Bizim alıcıların tələbatı əsasən xarici meyvələrdir. Düşünməlidirlər ki, hansı torpağın havasını udurlarsa, o torpağın məhsulunu yeməlidirlər. Xəstəliyimizin 70%-ni elə xaricdən gələn məhsullar təşkil edir”.
Alıcı: “Çalışırıq ki, mövsümə uyğun gübrə verilməyən meyvələrdən alaq. Uşaqların sağlamlığına görə, öz sağlamlığımıza görə”.