Qadin.NET / Azərbaycanda turizm fırıldaqçıları: nə etməli?

Azərbaycanda turizm fırıldaqçıları: nə etməli?

 

Uzaq ölkələrə səyahətlərin mükəmməl, parlaq və məzmunlu həyatın rəmzlərindən olduğu hər kəsə bəllidir. Səyahətin sehrinə düşmüş insanların əksəriyyəti mənzilində və ya bağ evində süst istirahətdənsə, xarici ölkələrdə fəal şəkildə dincəlməyə üstünlük verirlər. Dünyadakı bu tendensiyadan Azərbaycan da kənar qalmayıb - ölkədə istər gənc, istərsə də yaşlı nəsil arasında dünyanı gəzmək üçün puluna və vaxtına simiclik etməyən insanların sayı getdikcə artır. Bilet, otel və əyləncə axtarışında isə xeyirxah sehrbazlar kimi kompyuter "maus"unun düyməsini basmaqla istədiyimiz variantları təklif edən turizm şirkətləri bizə yardımçı olur. Amma bu rahatlıqlar içərisində də bir sıra hallarda çətinliklərlə üzləşirsən. Beləliklə, arzuladığın istirahəti tapmaq üçün turizm agentliklərinin seçimində yanlışlığa yol verməmək üçün nə etmək lazımdır?
Turizm xidmətlərinin xüsusiyyətləri
Əlbəttə ki, xaricdə istirahət etmək arzusunda olan istənilən istehlakçını bir təbii sual düşündürə bilər: İnternetin və son dərəcə geniş informasiyanın olduğu indiki dövrdə turizm agentliyinə müraciət etməyə nə ehtiyac var? Bakıda fəaliyyət göstərən belə agentliklərdən birinin əməkdaşı olan Səbinə Serednyova deyir: "Turizm şirkətinə müraciət etmək daha yaxşıdır, özü də təkcə vaxta qənaət etmək və əsəblərini qorumaq baxımından deyil. İxtisaslaşmış şirkətin sizə göstərdiyi xidmət bu işi müstəqil şəkildə görməkdən daha ucuz başa gəlir. Seçdiyiniz otelin, aviaşirkətin qiyməti də turizm agentliyi vasitəsilə 30-50% ucuz başa gəlir. Çünki turizm agentlikləri əvvəlcədən aviaşirkətlərdən biletləri və otellərdəki nömrələri diskont qiymətlərlə topdan alırlar. Beləliklə, turizm şirkətinə ödənilən 5-10%-lik komissiya xərci o qədər də çox sayılmır. Əvəzində həm pulunuza qənaət edir, həm də məsələni daha rahat yoluna qoyursunuz ".
Bununla yanaşı, Səbinə xanım turizm agentliyinin seçimində son dərəcə diqqətli olmağın vacibliyini də bildirir. O, insanlara turizm üzrə regional agentliklərə üstünlük verməyi, İnternet-beynəlxalq agentliklərdən qaçmağı məsləhət görür: "Hər zaman agentliyə gəlib onun əməkdaşı ilə üz-üzə söhbət etmək daha yaxşıdır. Birincisi, biz müştərinin istəklərini dinlədikdə ona qiymət və keyfiyyət baxımından daha uyğun variantı təklif edə bilirik. İkincisi, müştəri xidmətdən narazılıq edərsə və ya gözlənilmədən ortaya hər hansı problem çıxarsa, virtualda yox, realda olan turizm agentliyilə bütün məsələləri hüquqi yolla həll etmək daha asan olur". Ümumilikdə, Səbinə xanım əvvəlcədən müraciət olunacaq turizm şirkəti haqda internetdən, sosial şəbəkələrdən məlumatlar toplamağı məsləhət bilir. Onun fikrincə, bunun ən yaxşı yolu artıq həmin şirkətin xidmətindən istifadə etmiş tanışlarla məsləhətləşməkdir. Təbii ki, şirkətin sahib olduğu sertifikatlar və lisenziyalar da onun müsbət keyfiyyətinin göstəricisidir və müştərilərin belə sənədlərlə tanış olmaq hüququ var.
Hüquqi savad
Bakıda fəaliyyət göstərən daha bir turizm şirkətinin departament rəhbəriRüfət Yusifov turizm xidmətlərinin göstərilməsi ilə bağlı müqavilənin bağlanılmasının doğru yolları haqda danışıb: "Xidmət göstərən turizm şirkətinin fərdi turistlərlə və ya təşkilatlarla hüquqi münasibətlər qurması təcrübəsi var. Məsələn, konkret bir şirkətlə hər hansı istiqamətdə bir ədəd turist putyovkasının verilməsi və ya ümumiyyətlə, qarşılıqlı səmərəli əməkdaşlığın qurulması üçün bağlanan bu müqavilədə çox sayda maddələr olur. Orada sifarişlər, ödənişlər, cərimə sanksiyaları və s. daxil olmaqla, bütün məqamlar əksini tapır.
Turist səfərdən səyahət vaxtından ən azı 15 gün əvvəl imtina edərsə, ondan yalnız turun hazırlanması və turistin səfərinin qeydiyyatına xərclənən pulu tutur; digər müddətlərdə səfərdən imtina olunarsa, təşkilatçı sifarişçidən turun qiymətinin 100%-dək tuta bilər; səfərdən imtinaya görə tutulacaq məbləğ hesablanarkən aviabiletin qiyməti nəzərə alınmır. Müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsində problemlər yarandıqda isə icraçı dərhal sifarişçiyə səfərin ləğvi və ya vaxtının dəyişdirildiyi haqda məlumat verməlidir. Bu halda sifarişçi səfərdən imtina etmək və razılaşmaya görə etdiyi ödənişi tam məbləğdə geri almaq hüququna malikdir".
Fırıldaqçılıq
Turizm şirkətlərilə ünsiyyətdə təcrübəsi olmayan bir çox insan, əlbəttə ki, fırıldaqçıların tələsinə düşə bilərlər. Belə hallardan qaçmaq üçün əsas diqqət nələrə yönəldilməlidir?
Rüfət Yusifov deyir: "Bu, çox çətin məsələdir və turistlər onu əvvəlcədən - turizm xidmətinə görə pul ödəməmişdən həll etməlidirlər. Burada turist hüquqi əsaslarla fəaliyyət göstərən şirkətə müraciət etdiyinə əmin olmalıdır (bunun üçün o, şirkətdən bu xidməti göstərmək hüququ verən sertifikatı tələb edə bilər). Bundan başqa, müştəri turizm agentliyindən yollanmaq istədiyi ölkədəki konkret tərəfdaşı haqda məlumat da tələb edə bilər. Yəni müştəri ona xaricdə kimin xidmət edəcəyini, Azərbaycan şirkətinin isə xaricdəki tərəfdaşı ilə hüquqi əsaslarla bağlanmış müqaviləsinin olub-olmadığını öyrənmək haqqına malikdir. Bu gün əksər turistlər fəal internet istifadəçisidir və onlar üçün hər hansı şirkət və ya qalmağı planlaşdırdığı otel haqda ətraflı informasiya toplamaq problem deyil".
Səbinə Serednyova da qeyri-adi dərəcədə ucuz xidmət göstərən şirkətlər haqda danışır: "Əksər hallarda belə paketlərə yalnız baza xidmətləri daxil olur. Ödəniş edilərkən məlum olur ki, paketdə bir çox məqamlar yoxdur. Bu üzdən, sənədi imzalamazdan əvvəl diqqətlə oxumaq, xüsusilə orada, adətən, çox xırda hərflərlə yazılan hissələrə diqqət yetirmək vacibdir. Bu, sonda müştərinin səyahətə görə nə qədər ödəməli olduğunu bilməsi üçün lazımdır. Əgər sizdən müqavilədə göstəriləndən fərqli məbləğ tələb edirlərsə, siz ona etirazınızı bildirmək, hüquqşünasa müraciət etmək haqqına maliksiniz".
Taymşer-fırıldaqçılıq?
Turizm şirkətlərinin təqdim etdiyi maraqlı xidmətlərdən biri klub turizmi və ya taymşerdir. Burada söhbət müştərinin kifayət qədər az məbləğ ödəməklə xaricdəki kurort yerlərində 10, 20, hətta 30 il müddətinə bağ evinə, yaxud mənzilə sahib olmasından gedir. Taymşerin əsas şərti həmin evə görə payına düşən məbləği ödəməsidir. Eyni zamanda o, mülkiyyətin illik xərclərini də ödəməlidir. Beləliklə, siz inanılmaz dərəcədə az məbləğ qarşılığında hər il müxtəlif ölkələrdə istirahət edə bilərsiniz. Çünki taymşerin sahibi "dəniz kənarındakı villanı" öz turizm şəbəkəsinin başqa-başqa ölkələrindən olan üzvləri arasında dəyişdirilməsinə də imkan verir. Aviabiletin qiyməti ümumi qiymətə daxil deyil. Bu cür xidmət növü xüsusilə İspaniyada geniş yayılıb: Piriney yarımadasında, Balear və Kanar adalarında, Türkiyədə. Söhbət "bölüşdürülmüş mülkiyyət"dən və onun sahibləri arasında səyahət və istirahət üçün mülkiyyətin beynəlxalq bölüşdürülməsi üzrə sistemdən gedir.
İspaniyada taymşer sistemi hələ ötən yüzilliyin 70-ci illərində yaradılıb. Səmərəli biznesə çevrilən taymşerlər tezliklə vicdansız sahibkarların əlində alət olur. Bu gün də bəzi şirkətlər asan yolla gəlir əldə etmək üçün eyni mənzilə görə onun bazar qiymətindən də artıq pul əldə etməyə çalışır. Buna taymşerlərin çox sayda insana, həm də şişirdilmiş qiymətlərlə satılması ilə nail olunur. Bəzi hallarda fırıldaqçılar müştəriyə saxta sənədlərlə, ümumiyyətlə, mövcud olmayan evi satır və aradan çıxırlar. Fırıldaqçıların bu biznesi necə inkişaf etdirdikləri də məlumdur: bu cür şirkətlərin nümayəndələri guya möhtəşəm hədiyyə - turist putyovkası və ya lotereya alacaq insanları ofislərinə dəvət edirlər. Cəlbedici ideyaya görə tələyə düşən müştəri mötəbər ofisdə pulsuz təqdimata şahidlik edir. Daha doğrusu, 4 saat ərzində onun "beynini təmizləyirlər". Pulun yoxdur? Kredit götür. İcraçı müştəridən indi və burada müqavilə imzalamaq haqda razılıq almayınca, ondan əl çəkmir. Hətta müştəriyə guya böyük güzəşt kimi, aylıq simvolik məbləğ qarşılığında müqavilə imzalamaq təklif olunur. Endirim yalnız təqdimat zamanı keçərlidir və məqsəd müştərini nəyin bahasına olursa-olsun, əldən buraxmamaqdır. Amma hətta müştəri təkliflərlə razılaşmırsa, ona yenə də, məsələn, Kiprə səfər etmək təklif olunur - sizə ofisə çağırılan zaman vəd olunan hədiyyə və ya uduş məhz budur. Amma sonradan bəlli olur ki, bu da pulnandır - pulsuz verilən yalnız bir neçə günlük sizə təqdim olunacaq apartamentdir ki, onun da hansı səviyyədə olacağı məlum deyil.
Razılıq verənlər zaman keçdikdən sonra anlayırlar ki, əsl tələyə düşüblər. Amma əlbəttə ki, onlara satılan real mənzildirsə. Onlar artıq klubun üzvüdürlər və hər il ödəniş etməlidirlər! Artıq seçim məhduddur. Ödəniş olunmayacaqsa, müştəri cərimələnə və ümumiyyətlə, klubdan çıxarıla bilər. Ödənilmiş pulları isə heç kəs geri qaytarmayacaq. Azərbaycanda ciddi risk taymşerlə işləmək təcrübəsinin yoxluğudur. Bəzi ölkələrdən, məsələn, İspaniyadan fərqli olaraq, bizdə bu sahəyə dair qanunvericilik bazası yoxdur. Beləliklə, risk böyük, ilkinödənişli sərmayənin zəruriliyini artırır. Rusiyada taymşerin imici ciddi şəkildə "ləkələnib". Bu cür turizm şirkətlərinin fırıldağından əziyyət çəkən yüzlərlə vətəndaş məhkəmələrə müraciət edib. Şirkətlər bir mənzili həddindən artıq çox insana satıblarsa, öhdəliklərinə əməl edə bilmirlər - klub üzvlərinin pulunu ödədiyi mənzildə istirahət etməsi mümkün olmur. Şikayətlər də buradan qaynaqlanır. Bununla yanaşı, realda mövcud olmayan evin satılması riski də böyükdür. Taymşerin şöhrətinin "ləkələnməsi" həm də şirkətlərin xidmətlərini şişirdilmiş qiymətlərlə təklif etməsilə bağlıdır. Onlar tez-tez aqressiv satış üsullarından istifadə edir, müştərini tovlayaraq ondan pul qoparır, daşınmaz əmlakın istifadəsi, ona qulluğun göstərilməsinə görə ödənilməli olan məbləğ haqda müştəriyə kifayət qədər məlumat vermirlər. Taymşerdən investisiya şəklində istifadə etmək çətindir: əksər hallarda onun təkrar satılması üçün bazar olmur, üstəlik, bu xidməti göstərənlər bir çox hallarda mülkiyyətin alınmasına dair məlumatı torpaq kadastrına və ya mülkiyyət reyestrinə daxil etmirlər (müflislik halında alıcının heç bir hüququ olmur).
Bu sahədə fırıldaqçılığın çoxalması ilə əlaqədar olaraq, Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətlərin üzərinə taymşerlə bağlı qanun qəbul etmək öhdəliyi qoyub. İspaniyada bu qanun 1998-ci ildən mövcuddur və 2012-ci ildə ona Avropa Parlamentinin tələblərilə əlavələr edilib. Yeni qanuna əsasən, müştərinin müraciəti bu və ya digər taymşer şirkətinin hüquq mühafizə orqanları tərəfindən araşdırılma obyektinə çevrilməsi üçün kifayətdir. Aİ-nin taymşer üzrə 1994-cü ildə qəbul edilmiş direktivinə əsasən, satıcılar alıcını hərtərəfli məlumatlandırmağa, onun müqavilədən imtina hüququnu tanımağa borcludurlar. Sənəddə alıcının hüquqlarının müdafiəsilə bağlı müddəa da var.
Səbinə Serednyova bu turizm növünün Azərbaycanda o qədər də geniş yayılmadığını bildirir. Bizdə bu xidmət növünü göstərəcək lisenziyalı şirkət də yoxdur. Bu cür şirkətlər olsaydı belə, onlar yalnız beynəlxalq turizm şirkəti kimi fəaliyyət göstərə bilərdilər. Səbinə xanım Azərbaycanda bu tip xidmətdən ziyan görmüş insanların olub-olmadığına dair məlumata malik deyil. Amma bizim bakılılar arasında apardığımız sorğu belə insanların olduğunu göstərib. Sadəcə, onlar hüquq mühafizə orqanlarına müraciət etməyərək, pullarının batmasıyla sanki razılaşıblar.
Qərbdə isə belə təcrübə xüsusilə yaşlı və ailəli insanlar arasında yayılıb. Çünki sakit və oturaq istirahət növünə məhz belələri daha çox üstünlük verirlər. Onlar hər il istirahət üçün eyni yerə yollanmağı xoşlayırlar - bəzi taymşerlər beynəlxalq dəyişiklik təklif etmirlər. Amma əksər insanlar üçün bu cür istirahət qəbuledilən deyil.
Beləliklə, taymşer təcrübəsi hüquqi baxımdan korrekt olsa da, müştərilərə yanaşmada ədalətsizlik, istirahət yerinin seçimində mənəvi təzyiqlər bu turizm növünün imicinə zərbə vurub.
Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK