Yay aylarında ən çox istifadə edilən aksessuarlardan biri gün eynəkləridir. Müxtəlif qiymətlərə olan gün eynəklərinin çeşidi boldur və hər hansı bir eynək seçimi zamanı insanlar eynəyin keyfiyyətindən çox onun forma və gözəlliyinə fikir verirlər. Bu cür seçim isə insan sağlamlığı üçün ziyanlıdır. Qiymət və gözəllik baxımdan saxta eynəklər çoxçeşidlidir.
Elə gənc nəslin də diqqətini bu çoxçeşidlilik çəkir. Bu gün 3 manatdan başlayan qiymətlərlə gün eynəkləri satılır. Xüsusilə, şəhərin mərkəzində yerləşdirilən bu cür eynək piştaxtalarının da alıcıları kifayət qədərdir. Demək olar ki, alıcıların böyük bir qismi bu cür eynəklərin qiymətinin keyfiyyətindən xəbər verdiyinin fərqindədir, buna baxmayaraq, eynəklərin də alıcıları azalmır. Dəb xatirinə iki gündən bir dəyişdirilən eynəklər isə gözlərə daha çox ziyan vurmuş olur ki, bunun da fəsadları sonradan üzə çıxır.
Gün eynəyi satıcısı Elmir Əliyevin sözlərinə görə, satdığı gün eynəkləri əsasən Çin istehsalıdır. 1 dollara aldığı gün eynəklərini burada 3 manatdan başlayan qiymətlərlə satır. Alıcılar isə kifayət qədərdir. Dediyinə görə, satdığı eynəklərdən ən çox alınanı isə marka eynəklərin oxşarlarıdır. Bu eynəklər orijinal eynəyə o qədər bənzəyir ki, istifadə edən insandan başqa bunun saxta olduğunu, demək olar, bilmək olmur: "Keyfiyyətli gün eynəklərinin qiyməti heç vaxt 3 manat olmur. Bu cür eynəklər xüsusi mağazalarda və optikalarda satılır. Eynək gözlükləri mütləq şüşədən olur və üzərində kağızı da verilir. Göz sulanması, ağrıması halları ilə qəti rastlaşmaq olmur. Plastik gün eynəklərinin isə sadəcə görüntüsü gözəldir. Ucuzdur, rənglidir. Buna görə cavanlar bu eynəklərə maraq göstərirlər".
Onun sözlərinə görə, ucuz istəyənə Çindən gətirilən, keyfiyyətli mal istəyənlərə isə Türkiyə və Koreyanın gözlüklərini təklif edirlər. "Alan alıcı bilir ki, 3-5 manatlıq gün eynəkləri onun gözünə ziyandır. Buna baxmayaraq, o bu eynəklərdən istifadə edirsə, bizim edə biləcəyimiz bir şey yoxdur".
Leyli Kərimova da gün eynəklərinin həvəskarıdr. Deyir ki, yay fəslində ən azı 10-a yaxın gün eynəyi alır. Bunların heç biri isə orijinal mal olmur. Bu cür eynəklərin çeşidinin çox olması və üzdə gözəl qalması səbəbindən L.Kərimova məhz bu cür eynəklərdən istifadə edir: "Ən ucuz eynəyim 3, ən baha eynəyim 20 manatdır. Heç birini optik mağazadan almamışam. Gözlərimdə heç bir problem yoxdur və bu eynəklər hələ ki, gözlərimdə narahatlıq yaratmır. Bahalı bir eynək almaqdansa, ucuz, amma fərqli eynəklər almağın tərəfdarıyam".
Mütəxəssislər bildirirlər ki, eynək taxarkən ətraf mühit radikal şəkildə rəngini dəyişirsə, bu, saxta eynəkdir. Rəngli linzalı eynəklər şüanı dəqiq qəbul etməli olan peşə sahibləri, məsələn, sürücülər üçün problem yarada bilər. Adət halı almış rəng qammasının pozulması diqqəti yayındırır və gözləri tez yorur. Gün eynəklərinin linzalarını əsasən üç materialdan hazırlayırlar: şüşə, polikarbonat və akril plastikdən. Şüşədən hazırlanan gün eynəkləri təhlükəsizdir. Şüşə ultrabənövşəyi şüaları keçirmir. Son illər isə şüşə linzaları təkmilləşdirərək onları plastiklərlə əvəz etməyə başlayıblar. Çünki onlar daha asan əldə edilir. Amma plastik ultrabənövşəyi şüalara qarşı müdafiəsizdir. Doğrudur, belə eynəkləri dəb və gözəllik naminə gəzdirmək olar. Amma belə eynəklərin yaratdığı tutqunluq bəbəyi "aldatdığı" üçün o, gərilir. Və belə gün eynəklərini taxan adamın gözlərinin yükü artır. Eynək çərçivəsi üçün ən praktik material neylon hesab edilir. O, asanlıqla əyilir və yenidən əvvəlki vəziyyətinə qayıdır. Plastik çərçivələr daha tez sınır. İçindən metal çubuq keçən plastik çərçivələr daha yaxşıdır. Keyfiyyətsiz eynəklərdə isə bunların heç birinə diqqət yetirilmir.
Oftalmoloq Xəlil Özcanın sözlərinə görə, ucuz gün eynəklərinin istifadəsi gözlərdə mütləq bir problem yaradacaq. Bu cür eynəklər elə bəzək xatirinə başa taxılsa, yaxud əldə gəzdirilsə yaxşıdır. Gözlərə taxaraq saatlarla bu eynəklərdə gəzmək qəti məsləhətli deyil: "Hazırda ozon qatının zədələnməsi nəticəsində zərərli şüalar normadan çox yerə daxil olur. Belə olan halda təbii gün eynəklərindən istifadə zəruridir. Ola bilər ki, ilk 1-2 il müddətində bu cür eynəklər gözlərə ziyan verməz. Lakin sonrakı illərdə eynəklərin fəsadları ortaya çıxacaq. Məsələn, gözlər işığa daha həssas olacaq, zəifləyəcək, torlu görməyə meyllənəcək, baş ağrıları verəcək və bu kimi bir çox problemləri ortaya çıxaracaq. Şüşəsi normal olan gün eynəklərinin də çeşidi çoxdur, müxtəlifdir, zövqə görə korpus da hazırlatmaq mümkündür. Buna görə də sağlamlıq üçün orijinal şüşələrə malik olan eynəklərdən istifadə edilsə, daha yaxşı olar".
Mənbə:Milli.Az