Qadin.NET / Uşağı mahnı ilə böyüdənlər...

Uşağı mahnı ilə böyüdənlər...

"Musiqi ruhun qidasıdır" məsəli əbəs yerə deyilməyib. Musiqi insanın əsəblərini sakitləşdirir, yaşamağa həvəsləndirir. Ən əsəbi, gərgin vəziyyətlərdə belə musiqi dinləyərək sakitləşmək mümkündür. 
Bəzi insanlar musiqi sədaları altında işləməyə, dərs oxumağa daha çox üstünlük verirlər. Mütəxəssislərin fikrincə, musiqi ilə iş görmək, yazmaq, düşünmək ortaya daha keyfiyyətli nəticənin gəlməsinə səbəb olur. Xəstə, ruhi sarsıntı yaşamış insanlar da musiqi vasitəsi ilə pozitivlik əldə edə bilirlər. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, musiqi terapiyası müalicənin səbəblərinə bağlı olaraq, xəstələr üçün fərdi şəkildə tətbiq edilir. Musiqi terapiyasında əsas məqsəd xəstənin funksiya qabiliyyətini yaxşılaşdırmaqdır. 
Hər hansı bir çalğı alətində çalmağı öyrənmək beyin problemi, zəka əksikliyi və digər idarəetmə orqanlarında problem olan insanlar üçün çox önəmlidir. Musiqi və sözlər xəstədə qorxu kimi mənfi duyğuların aradan qaldırılmasına da kömək edir. 
Musiqi dinləmək xəstədəki duyğu, görünüş və simvolları çağırmaq üçün istifadə edilən yollardan biridir. Bu isə duyğuların kəşfi və ifadəsi üçün bir körpü funksiyası yerinə yetirir. Musiqinin uşaq inkişafına da böyük təsiri var. Musiqi uşaqlarda danışma, dil bacarıqlarının inkşafı, ünsiyyət qabiliyyəti və ritmik hərəkətləri inkişaf etdirir. Böyüklərdə olduğu kimi uşaqlarda da stress və ağrını azaldır. 
Xəstəxana mühitində xəstələrə, əməliyyata hazırlanan, ya da əməliyyat sonrası yaxşılaşan xəstələrə musiqi müalicəsi tətbiq etmək faydalıdır. Uşaqlar musiqi vasitəsilə özünəhörmət hissini də qazanmış olurlar. 
Mütəxəssislər hesab edirlər ki, musiqi zehni və romantik xəstə insanlara da xeyir verir. "Ölümcül xəstəliklərdən əziyyət çəkən şəxslərdə ağrı və depressiya ən əzabverici hissdir. Musiqi, endorfin ifraz olunması və boşalmanın artması sayəsində ağrıları azacıq azaldır. Xəstədə ruh yüksəkliyinə səbəb olur. Musiqi ağır xəstələrin ölümlə bağlı qorxularını da azaltmağa kömək edir". 
Musiqi terapiyasından ginekoloji xəstəliklər və doğuş zamanı da istifadə etmək məsləhət görülür. Araşdırmalara görə, doğuş zamanı hərəkətləndirici musiqilər dinləmək qadınların farmasotik ağrıkəsicilərə qarşı tələbatını azaldır.
ABŞ alimlərinin fikrincə, gündə 20 dəqiqə klassik musiqi dinləmək immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Eyni zamanda seratonin və dopamin hormonlarının ifrazını artırır. 
Musiqi mərkəzi sinir sistemi və beyin qabığında düşünmə, öyrənmə, danışma, bədən idarəsi ilə bağlı mərkəzləri xəbərdar edir və bu sahədəki inkişafları dəstəkləyir. Bu gün Qərbdə xəstəxana, klinika, gündüz baxım evi, məktəb, narkoloji dispanserlərdə musiqi müalicəsi tətbiq edilməkdədir. Şübhəsiz, bunda təsirli olan təməl faktor son illərdə musiqi və beyin araşdırmalarında əldə edilən məlumatlardır. Musiqinin, xüsusilə serotonin, norepinefrin, dopamin, melatonin, kortizol, adrenalin, testosteron kimi psixiatrik xəstəliklərin meydana gəlməsində təsirli hormonlara qan təzyiqi, tənəffüs ritmi, tənəffüs keyfiyyəti, nəbz sayı kimi fizioloji hadisələrə müsbət təsir etdiyi məlumdur. 
Qeyd edək ki, musiqi ilə müalicəni özünüz də ev şəraitində həyata keçirə bilərsiniz. Əsəbləriniz gərgindirsə, stress içərisindəsinizsə, Ennio Marikonenin, qəmgin və kədərlisinizsə, Motsartın bəstələrini dinləyə bilərsiniz. Azərbaycan muğamları bir qədər kədər gətirsə də, müəyyən muğamlar var ki, ruhu yüksəldir. 
Hər bir insan həyat yolunu özü müəyyən etdiyi kimi, ruhunun musiqisini də özü müəyyənləşdirməlidir. Musiqi də dərman kimidir. Birinin dərdinə əlac olan musiqi digərinə zərər verə bilər. Həyatınızın musiqisini, ruhunuzun qidasını özünüz seçin.

Mənbə:Milli.Az
20 iyun 2014
GO BACK