Qadin.NET / Gözəgörünməz quldurlar: pullarınız təhlükədə!

Gözəgörünməz quldurlar: pullarınız təhlükədə!

Bank sektorunun ən böyük problemlərindən biri virtual soyğunçulardır. Özünü haker adlandıran “klaviatura ustaları” asan pul qazanmağın yolunu bankları soymaqda tapıblar. Təbii ki, yüksək təhlükəsizlik sisteminə malik olan banklardan milyonların çıxarılması yüksək bacarıq tələb edir. Çünki heç bir yaxın təmasda olmadan insanların bank hesabına əl qoymaq, milyonları özününküləşdirmək elə də asan deyil.

Statistikaya nəzər yetirsək, bankların silahlı şəxs və yaxud qruplaşmalar tərəfindən soyulma faktının çox olduğunu görəcəyik. Ta ki, yeni nəsil kompüterlərin çıxması, eyni zamanda bankların elektron hesablarla bir-biriləri ilə pul mübadiləsi aparmasına qədər. Banklararası pul mübadilələri və vətəndaşların özlərinə elektron bank hesabı açdırması oğruları bu sahəyə - haker olmağa daha da həvəsləndirib. 
İndiyə kimi internet tarixinin ən böyük soyğunu ukraynalı haker qrup tərəfindən törədilib. 90 üzvü olan qrup onlarla insanın və şirkətin ümumi hesabına əl qoyaraq 220 milyon dolları ələ keçirib. Onlar buna yaratdıqları “Troya atı” virusu ilə nail olublar.
Bundan əvvəl isə tarixdə bir neçə məşhur bank soyğunu olub. Fransız mənbələrinə əsaslanıb deyə bilərik ki, dünyanın ən məşhur bank soyğunçuluğu bunlardır:
8 avqust 1963, İngiltərə. 15 nəfərlik cinayətkar dəstə Qlazqo-London poçt qatarını saxladır və 2,6 milyon funt sterlinq (indiki pulla 68 milyon dollar) pulu bütövlükdə götürür. Dəstə üzvləri ələ keçsə də, başçı Roni Briq Braziliyaya qaçaraq canını qurtarır. 2001-ci ildə xəstə halda Britaniyaya qayıdarkən həbs edilir, bu ilin avqustunda isə həbsdən azad edilir. Oğurlanan pullar bu günədək tapılmayıb. 

18 iyul 1976, Fransa. Nis şəhərində kassaya daxil olan soyğunçular 5 milyard frank (indiki hesabla 26 milyon avro) götürərək aradan çıxırlar. Polis dəstə başçısı qismində fotoqraf Albert Spaqiarini saxlayır. Sonuncu məhkəmə zalından Cənubi Amerikaya qaçmağa nail olur. 1989-da vətənə qayıdan Albert boğaz xərçəngindən ölür. Pul hələ də tapılmayıb. 
25 mart 1990, Cenevrə. İsveçrə Banklar Birliyindən 31,4 milyon İsveçrə frankı, başqa sözlə, 220 kiloqram kağız pul oğurlanır. Korsikalılardan ibarət “dəniz brizi” qanqster qrupu saxlanılır. Soyğunda bank işçilərinin əli olduğu sübut edilir. Bu pulların da taleyi qeyri-müəyyəndir. 
15 fevral 2003, Fransa. Anvers şəhərində daş-qaş satışı mərkəzinin saxlancına basqın edilir, 190 seyfdən 123-ü oğurlanır. Dəstə başçısı Notarbartolo 2007-ci ildə ələ keçsə də, dəstənin digər üzvləri və oğurlanan mallar tapılmayıb. 

20 dekabr 2005, İngiltərə. Qarətçilər Belfast şəhərindəki bankların birindən 36 milyon avro qəsb edirlər. Mütəşəkkil dəstə bank işçilərinin ailələrini 3 gün girov saxlayaraq, işçilərdən seyfləri açmağı tələb edirlər. Canilər pulları bir maşına yükləyib aradan çıxırlar. Bu oğurluq siyasi qalmaqala səbəb olur. 
21 fevral 2006, İngiltərə. Bu qarət hələ də açılmayan cinayətlər siyahısındadır. Tonbric şəhər bankının rəhbəri işdən qayıdarkən polis maşını onu saxlayır. Maşından düşürülən direktor qandallanır və evinə gətirilir. Burada da onu “polis” gözləyirdi. İşgəncə verilən direktor mühafizə xidmətinə qapını açmaq barədə göstəriş verir. Silahlı dəstə mühafizəçiləri neytrallaşdırır və 80 milyon avronu maşına yükləyib, aradan çıxır. Səhərə yaxın öz əllərini aça bilən təhlükəsizlik xidməti əməkdaşı həyəcan siqnalı verərək polisi çağırır, lakin artıq gec idi. Pullar bu dəfə də tapılmadı. 
Sentyabr 1997, Almaniya. Sürix bankına poçt işçisi geyimində daxil olan soyğunçular 53 milyon frankı yük avtomobilinə doldurub, aradan çıxırlar. Səhər hadisə yerinə gələn polis, binanın girişində pulla dolu kisələrə rast gəlir. Sən demə, maşın kiçik olduğu üçün seyfdən çıxarılan pulların hamısını yükləmək mümkün olmayıb... 
Bu siyahını yetərincə uzatmaq olaq. Azərbaycanda da hakerlərin bank soyğunçuluğu ilə bağlı faktlar kifayət qədərdir. Məsələn, ötən gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları vətəndaşların bank hesablarından oğurluq edərək 254 min manatı mənimsəyən cinayətkar dəstəni zərərsizləşdirdi.  Nazirliyin İstintaq Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı 10-a yaxın haker təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı müəyyən edilmişdi ki, onlar qabaqcadan əlbir olaraq bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını-gizli olaraq talayıb nəğdləşdirdikləri 254 min ABŞ dollar məbləğində pulu öz aralarında bölüblər. Bu kimi bir neçə faktı sadalamaq olar. Amma faktın özü bir daha göstərir ki, Azərbaycanda da banklar hakerlərin hücumlarından sığortalanmayıb. Bank sistemində təhlükəsizliyin zəif olmasından istifadə edən hakerlər asanlıqla vətəndaşların hesablarına əl qoyaraq, milyonları mənimsəyə bilərlər.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosial şəbəkələr üzrə mütəxəssisCahid İsmayıloğlunun sözlərinə görə, ölkəmizdə informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır: 
“Kibercinayətkarlıq yeni cinayət növüdür. Kibercinayət bir informasiya sisteminə icazəsiz və hüquqa zidd şəkildə daxil olunması və sonra həyata keçirilən əməllərdir. Bu halda bir insan, onun mal varlığı, əmlakı, eyni zamanda istifadə olunan sistemin özü də hədəf seçilir. Məsələn, bir sistemə daxil olunaraq, zərər vermək, bazanı, informasiya ehtiyatını silmək, şifrələmək, ələ keçirmək, yad informasiya yükləmək, sistemin iş prinsipini dayandırmaq, şəxsi həyatın toxunulmazlığını pozmaq, əlaqəni əngəlləmək, əlaqəni icazəsiz izləmək, qeydə almaq kimi hərəkətlər və əməllər kibercinayət faktlarıdır”.
C.İsmayıloğlunun sözlərinə görə, bu əməllər dünyada hakerlər və ya hakerlərin gücündən istifadə edən müxtəlif cinayətkar qruplar tərəfindən həyata keçirilir: “Hər iki hal kibercinayət faktı hesab olunur. 
Ölkəmizdə də son zamanlar bu tip cinayət faktları baş verir və qarşısı alınır, cinayətkarlar məsuliyyətə cəlb olunurlar. Demək, təhlükə hər zaman mövcuddur. Cinayət varsa, bundan qorunmaq yolları da var. Burada vətəndaşlar, özəl sektor və hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdır".
Bank hesabı olanların diqqətinə...
Sosial şəbəkələr üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirdi ki, əsasən bank sistemlərinə edilən müdaxilələr müxtəlif tipli olu: “Birincisi, vətəndaşın səhvi ucbatından hesabının oğurlanması və boşaldılması. Bu ən geniş yayılmışıdır. Çünki hakerlər haqlı olaraq ən zəif hədəf olaraq vətəndaşları seçirlər. İkinci, hakerlər tərəfindən birbaşa bankın sisteminə hücumların edilməsi və hesabların oğurlanmasıdır. Bu oğurluq bankın səlahiyyətli əməliyyatçısının şifrəsi oğurlanaraq həyata keçirilir. Bu şifrəni qırmaq asan olmadığından cinayətkar qrup çox zaman bankın daxilindən kömək alır. Çünki bankın daxilindəki hesabları qırmaq o qədər də asan deyil. Bu səbəbdən banklar həm bank sistemlərinin təhlükəsizliyində, həm də əməkdaşlıq etdikləri mütəxəssislərin seçilməsində diqqətli olmalıdır”.

Mənbə:Milli.Az
21 iyun 2014
GO BACK