Bostan bitkilərinin, qarpız və yemişin bazara çıxması bu məhsulların insan sağlamlığı üçün təhlükəli olub-olmamasını yenidən gündəmə gətirib. Bütün dünyada tərəvəz məhsullarına diqqət artırıldığı bir vaxtda Azərbaycanda da bostan məhsullarının tərkibinin araşdırılmasına başlanılır. Yetişdirilməsində dərmanlardan normadan artıq istifadə edilən məhsullar bazardan çıxarılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar xidməti ölkədə bostan məhsullarının, o cümlədən qarpız və yemişin tərkibinin yoxlanmasına başlayıb. Xidmətin rəhbəri Məmmədəli Dünyamalıyev ANS TV-yə açıqlamasında bildirib ki, yoxlamalar zamanı bu məhsulların tərkibindəki kimyəvi maddələrin Səhiyyə Nazirliyinin normalarına cavab verməsi araşdırılır. Yoxlamalar həm birbaşa bostan sahələrində, həm də bu məhsulların satış mərkəzlərində aparılır. Nəzarət tədlbirləri ənənəvi olaraq bostan bitkilərinin çox olduğu Sabirabad, Saatlı, Ağsu rayonlarında da təşkil edilib.
Xidmət rəisi bildirib ki, normalara əsasən qarpızın tərkibində nitrat maddəsi 250 milliqramdan çox olmamalıdır. Əks halda, məhsul istifadəyə yararsız hesab edilir. İndiyə qədər aparılan yoxlamalarda bəzi məhsulların tələblərə cavab vermədiyi aşkarlanıb. Pozuntu aşkar olunan məhsullar satışdan çıxarılıb. Bununla əlaqədar bir neçə sahibkar cərimələnib.
Nəzarət tədbirləri yerli məhsullarla yanaşı, Azərbaycana gətirilən və buradan ixrac olunan məhsullarda da aparılır.
Xidmətin mütəxəssisləri bildirib ki, bostan məhsullarının yetişdirilməsində aqrotexniki tədbirlərə düzgün riayət edilmədikdə, məhsulların tərkibində kimyəvi maddələr də çox olur. Odur ki, mütəxəssislər əhaliyə bostan məhsullarını alarkən diqqətli olmalarını tövsiyə edir.