Qadin.NET / Pivə alarkən nəyi bilmək vacibdir?

Pivə alarkən nəyi bilmək vacibdir?

Yay aylarında ən çox istifadə edilən içkilərdən biri də pivədir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yay mövsümü ilə əlaqədar pivəyə olan tələbatın artmasını nəzərə alaraq, vətəndaşlara pivə alarkən diqqətli olmağı tövsiyə edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, pivə alarkən onun keyfiyyətinə, saxlanma və satışı ilə bağlı bəzi məsələlərə diqqət yetirmək lazımdır.
Pivə arpa səmənisi məhlulunun mayaotu ilə qaynadılıb pivə mayaları vasitəsilə qıcqırdılmasından sonra əldə edilən içkidir. Tərkibindəki spirtin miqdarına görə pivə az spirtli içkilər qrupuna daxildir. Müxtəlif növ pivələrin tərkibində 1,8-7% spirt, 5,6-10,7% ekstraktlı maddələr, o cümlədən 2,7-5,0% şəkər olur. Pivə istehsal üsuluna görə pasterizə edilmiş və pasterizə edilməmiş növlərə ayrılır.
Pivənin keyfiyyət göstəricilərinə onun rəngi, köpüyün davamlılığı, dadı, şəffaflığı və s. aiddir. Bu göstəricilər pivənin növünü və keyfiyyətini müəyyən edir. Rənginə görə pivələr açıq və tünd olmaqla, hər çeşid özünəməxsus çalara malik olur. Açıq pivələr açıq qırmızı rəngdən parıltılı sarı rəngə qədər olur. Tünd pivələrin rənginə və şəffaflığına isə daha ciddi tələblər qoyulur və bu göstərici pivənin dadı ilə qarşılıqlı əlaqədə olmalıdır. Pivənin rəngi dayanıqlı olmalıdır. Bu tətbiq edilən səməninin, maya otunun və başqa xammalların tərkibindən asılıdır. Pivənin rəngi həmçinin onun hazırlanması rejimindən də asılıdır.
Filtrdən keçirilmiş pivə şəffaf olmalıdır. Pivənin dadına və ətrinə səməninin və suyun tərkibi, maya otunun keyfiyyəti, tətbiq edilən mayanın növü, texnoloji proseslərə riayət edilməsi, pivənin qıcqırdılması və yetişdirilməsi təsir edir. Pivəyə xas olan acı dad istifadə olunan maya otunun keyfiyyətindən asılıdır. Keyfiyyətli pivənin köpüyü davamlı və kompakt olmalı, uzun müddət yatmamalıdır.
Pivə təmiz yuyulmuş müxtəlif ölçülü butulkalarda və çəlləklərdə satışa verilir. Pivə butulkalarının və çəlləklərin ağzı kip bağlanmalıdır. Ticarət şəbəkələri üçün nəzərdə tutulmuş çəlləklərin tutumu 100 litrdən artıq olmamalıdır və onlar 99,5% həcmində doldurulmalıdır. Nəzərə alın ki, işığın təsirindən pivənin rəngi, dadı və iyi tez pisləşə bilər. Ona görə də əsasən tünd yaşıl və qəhvəyi butulkalarda qablaşdırılmış pivələrə üstünlük verməyiniz məsləhətdir.
Pivənin dadı təmiz olmalı, kənar dad verməməlidir. Hər bir növ pivə müəyyən dad və ətrə malik olmalıdır. Acı pivələrdə səməninin dadı zəif, maya otunun dadı isə bir qədər kəskin hiss edilməlidir. Tünd pivələrdə isə mayaotu dadı və ətri fonunda səməni dadı aydın hiss olunmalıdır.
Pivənin keyfiyyəti dequstasiya yolu ilə müəyyən edilir. Bir çoxları pivənin köpüyünün çox olmasını onun keyfiyyətli olması kimi qəbul edir. Ancaq nəzərə alın ki, pivənin süzülməsindən asılı olaraq onun köpüyü çox, yaxud əksinə az ola bilər. Standartlara görə 105-110 mm hündürlükdən süzülən pivədə 15-20 mm köpük əmələ gəlməlidir.
İstehlakçı olaraq nəzərə alın ki, pivə butulkaları üzərinə kağız etiket vurulmaqla markalanmalıdır. Burada istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı, pivənin çeşidi və növü, qabın tutumu, doldurulma tarixi, pivənin qida və enerji dəyəri, sertifikatlaşdırma haqqında məlumat, standartın nömrəsi və s. qeyd olunmalıdır. Markalanma dövlət dilində aparılmalıdır.
Butulkalara, çəlləklərə və s. doldurulmuş pasterizə olunmamış pivə 5°C-dən 12°C-dək, pasterizə olunmuş pivə isə 10°C-dən 20°C-dək temperaturda saxlanılmalıdır. Butulkalara doldurulan pivəni qeyd olunan temperaturlarda qaranlıq otaqlarda saxlanılma müddəti 7-17 gündür. Pivənin saxlanılma müddətini artırmaq məqsədilə onu pasterizə edirlər. Pasterizə edilən pivənin saxlanılma müddəti 3 aydan 1 ilə qədərdir. Bu müddətdən sonra pivə bulanıqlaşır. Pasterizə edilmiş pivənin etiketində “pasterizə edilmişdir” sözü yazılmalıdır.

Mənbə:Milli.Az
20 iyun 2014
GO BACK