Qadin.NET / Kartof alarkən nəyi bilmək vacibdir?

Kartof alarkən nəyi bilmək vacibdir?

Kartof gündəlik qidamızın ayrılmaz tərkib hissəsidir və yeməklərin böyük əksəriyyətinin hazırlanmasında istifadə edilir. Kartofun tərkibində su, nişasta, şəkər, zülal, mineral duzlar, vitaminlər və karotinoidlər vardır. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın və s. müalicəsində geniş istifadə edilir. 
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara kartof alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kartof yeməklərdə növlərinə uyğun istifadə edilməlidir.
Təyinatına görə kartof aşxana, texniki, yem və universal kartof qruplarına bölünür. Aşxana növ kartofda nişastanın miqdarı 12-18 faizdir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə zəngin olur. Kartof xüsusiyyətinə görə dağılan və dağılmayan formalı olur. Dağılmayan kartofları sulu xörəklərə işlətmək daha məqsədəuyğundur. Dağılan kartoflar isə qızartma məqsədilə daha çox istifadə edilir.
Kartof xüsusilə bir çox ətli xörəklərdə istifadə olunur. İnsan mədəsində tez həzmə gedən tərəvəzdir. Xörək üçün bazardan iri və üstü çopur (kəpəkli) kartof almaq daha məsləhətlidir. Çünki belə kartoflarda şəkər az, vitamin isə nisbətən çox olur ki, bu da xörəyi dadlı edir. Kartofu günəş düşən yerdə saxladıqda, qabığı yaşıllaşıb xlorofil əmələ gəlir. Bu da onun acı dadmasına səbəb olur. Yaxşı olar ki, kartof soyulmazdan əvvəl yuyulsun. Kartof maşında soyularsa, ölçüsünə (böyüklüyünə) görə çeşidlənsin. Belə olduqda kartofun əsas nişastalı hissəsi, qabıqda az gedir. Yəni itki 10-15% olur. Xırda kartoflar xörəyə bütöv salınsa yaxşı olar. Soyulmuş kartofu bir neçə saat saxladıqda qaralır. Qaralmasın deyə suya qoymaq lazımdır. Suda çox saxladıqda qida maddələri nisbətən itib, nişastanın keyfiyyəti pisləşə bilər.
Kartofun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir. Kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru, cücərməmiş, rəngi və forması bircinsli olmalıdır. Kartof yumrusunun diametri tezyetişən kartofda 30 mm-dən, gecyetişən kartofda 45 mm-dən az olmamalıdır. Əgər kartof uzunsov olarsa, onda tezyetişən sortlarda 25 mm-dən, gecyetişənlərdə isə 30 mm-dən az olmamalıdır. Ticarət şəbəkəsində satışa çıxarılan kartofun səthinə yapışmış torpağın çəkisi 1 faizdən çox olmamalıdır.
Kartof adətən üstü bağlı nəqliyyat vasitələrində daşınmalıdır. Onun aşağı temperaturun təsirindən (4ºC-dən aşağı), atmosfer təzyiqindən və işıqdan müdafiəsini təmin edən üstü açıq nəqliyyat vasitələrində daşınmasına da icazə verilir.
Kartofu bağlı havalandırma sistemi olan sığınacaqlarda 4-12ºC hava temperaturunda 3 sutkadan artıq olmayaraq, 12-20ºC-də isə 2 sutkadan artıq olmayaraq saxlayırlar. Saxlama zamanı havanın nisbi rütubəti 85-90 faizə qədər olmalıdır.
Kartof bazar-ticarət şəbəkələrinə iri torbalarda və kisələrdə gətirilir. Yuyulan, yaxud torpağı təmizlənən seçmə kartoflar kisələrə qablaşdırılır. Adi kartof isə qablaşdırılmadan iri torbalara yığılıb satılır.

Mənbə:Milli.Az
20 iyun 2014
GO BACK