Qaraciyər bədəndə öz-özünə bərpa olunan bir orqandır. Orqanizm üçün çox vacib olan bu orqanda problemin yaranması insan həyatı üçün çox təhlükəlidir. Buna müxtəlif səbəblər yol açır.
İzafi çəki qaraciyərə ağırlıq edir
Toksik maddələrin yığılaraq bədəndən kənarlaşdırılması zülal sintezi, bir çox biokimyəvi maddənin yaranması və reaksiyaların getməsi məhz qaraciyər sayəsində olur. Qaraciyərə müxtəlif səbəblər mənfi təsir göstərə bilir. Burada ən ibtidai amillər kimi bir çox dərman və bitki mənşəli məhsulların qəbulu göstərilir. Xüsusilə də həkim məsləhəti olmadan ağrıkəsici, antibiotik, bitki mənşəli vitaminlərlə zənginləşdirilmiş vitamin preparatlarının istifadəsi toksik hepatit və bəzən də qaraciyər nəqlinə gətirib çıxaran qaraciyər çatışmazlığı kimi fəsadlarla nəticələnir.
Həkim-qastroenteroloq Sevinc Mehdiyeva Milli.Az-a bildirdi ki, qaraciyər üçün təhlükəli amillərdən biri məhz artıq çəkidir: "Düzgün qidalanma, fiziki aktivlik və çəkiyə nəzarət bütün bədən üçün olduğu kimi, qaraciyər üçün də çox önəmlidir. Nizamlı bir şəkildə qidalanmaqla yağ, şəkər və karbohidrat qəbulunun azaldılması, vitamin və mineral baxımından zəngin olan meyvə-tərəvəz qəbulunun artırılması, hazır qidaların minimuma endirilməsi vacibdir. Spirtli içkidən müntəzəm istifadə isə ani və ya xroniki qaraciyər xəstəliyinə səbəb ola bilər. Bəzi genetik xəstəliklərlə bağlı da qaraciyərdə problemlər yarana bilər".
Qaraciyər nədən piylənir?
Qastroenteroloq deyir ki, bu gün qaraciyər piylənməsi cəmiyyətdə çox sıx rast gəlinən bir hala çevrilib və hər 4-5 insandan birində rast gəlinir: "Hətta qadın və kişilərdə eyni miqdarda rast gəlinir. Əgər bu piylənməyə iltihab yoldaşlıq edirsə, bu vəziyyət ilk olaraq qaraciyər hüceyrəsinə, sonra fibroz və oradan da serroza qədər gedir. Qaraciyərində piylənmə olan insanların əgər çəkisi çoxdursa, mütləq bu çəkidən xilas olmalı, yağlı qidalardan uzaq durmalı, bol meyvə-tərəvəz qəbul etməli, davamlı idmanla məşğul olmalıdırlar. Ən önəmlisi isə bu sahədə mütəxəssisə müraciət etməkdir".
Həkim bildirdi ki, qaraciyər piylənməsi qaraciyər hüceyrələrində normadan artıq yağ toplanması nəticəsində meydana gəlir: "Normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər və bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Ancaq qaraciyər serrozu qaraciyər xərçənginə də yol açır. Buna görə də qaraciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdırlar. Qaraciyər piylənməsinin səbəbləri əsasən spirtli içkiyə bağlı olaraq iki yerə ayrılır. Bunlardan biri spirtli içkiyə bağlı olan steatohepatit, digəri - spirtli içkiyə bağlı olmayan səbəblərdir ki, bu da NASH adlanır".
O da vurğulandı ki, hətta bu gün NASH Amerikada yeniyetmələrdə ən sıx rast gəlinən qaraciyər xəstəliyidir. NASH-ın əsas səbəbləri arasında artıq çəki, şəkər, sürətli çəki itkisi, hədsiz A vitamini qəbul etmək, müəyyən dərmanlar, hamiləlik, bəzi əməliyyatlardan sonra yaranan fəsadlar yer alır. Həkim deyir ki, qaraciyər piylənməsinin xüsusi bir əlaməti yoxdur:
"Ancaq bu insanlarda bəzən qarnın sağ üst tərəfində dolğunluq, bədəndə halsızlıq, tez yorulma kimi əlamətlər ola bilər. Nadir hallarda qaşıntı, iştahsızlıq müşahidə olunur. Bu problemin mövcudluğu əsasən qanın laborator müayinəsi ilə aşkarlanır. Eləcə də ultrasəs müayinəsi zamanı qaraciyərin böyümüş olduğu görünür.
Spirtli içkiyə bağlı qaraciyər piylənməsinin əsas müalicə üsulu onun qəbulunun kəsilməsidir. Spirtdən kənar yaranan xəstəliyin müalicəsi isə həyat tərzinin dəyişilməsi, idman, yeməkdəki yağ miqdarının azaldılmasıdır. Heyvan mənşəli yağlar, şokolad, toyuq dərisi kimi qidalardan uzaq durmaq, meyvə-tərəvəz, ağ ət istifadə etmək lazımdır. İdmanın xüsusi önəmini də nəzərə alsaq, gündə ən az 30-45 dəqiqə olmaqla həftədə 4 gün qaçmaq lazımdır".
Bəzi viruslar qaraciyərdə infeksiya yaradır
Qaraciyərdə mövcud olan digər problemlərə gəldikdə isə həkim-terapevt Vidadi Həmzəyev bildirdi ki, hepatit A, B, C virusları qaraciyərə yerləşərək infeksiyaya səbəb olur: "Hepatit A virusu xəstə insanlardan nəcis, çirkli su, əllərlə, ağız yolu ilə yayılır. Qorunmaq üçün əllərin yuyulması çox önəmlidir. Hepatit A müalicə nəticəsində xronikləşməyən bir infeksiya olduğu halda, hepatit B və hepatit C infeksiyalarında xroniki infeksiya mövcud ola bilər. Xroniki infeksiya isə səssiz və şikayətsiz bir vəziyyətdən qaraciyər serrozu adlanan böyük bir problemə gətirib çıxarır. Bu isə o deməkdir ki, sağlam görünmələrinə baxmayaraq, hepatit B və C viruslarını qanında daşıyan və yoluxdurma ehtimalı yüksək olan insanlar var".Həkimin sözlərinə görə, hepatit A və B viruslarının peyvəndləri var, ancaq C üçün peyvənd mövcud deyil. Xüsusilə də ailə
üzvlərində hepatit B virusu aşkar edilən insanların müayinə edilərək hepatit B peyvəndi aparılması vacibdir. O da vurğulandı ki, yoluxma əsasən qan vasitəsilə, tibbi vasitələrin lazımi şəkildə dezinfeksiya edilməməsi zamanı baş verə bilər:"Ev şəraitində infeksiya daşıyan eyni ülgüc, qayçı kimi qanla təmasda olan alətlərin istifadəsi, eləcə də salonlarda çoxsaylı insanın istifadə etdiyi və yetərincə dezinfeksiya edilməmiş manikür, pedikür və dəri ilə bağlı tətbiq edilən alətlər infeksiyanın yayılmasında mühüm rol oynayır. Ona görə də bu xidmətlərdən istifadə edilən yerləri dəqiqliklə seçmək lazımdır".
Mənbə: Milli.Az