Qadin.NET / Yayın qızmarında susuzluğu necə yatırmalı?

Yayın qızmarında susuzluğu necə yatırmalı?

Xüsusilə isti havada çoxlu su qəbul etmək lazımdır. Su insan orqanizmi üçün çox vacibdir. Mütəxəssislər sübut ediblər ki, insan orqanizmi gün ərzində 2-2,5 litr, adi halda isə 4 litrə qədər su itirir.  Az miqdarda maye qəbulu baş gicəllənmələrinə, baş ağrılarına, xroniki xəstəliklərin kəskinləşməsinə, ürək və böyrəklərlə bağlı problemlərin artmasına səbəb olur. Eləcə də fiziki və zehni əmək qabiliyyətini aşağı salır. Bu səbəbdən xüsusilə də isti havada çoxlu su qəbul etmək lazımdır.Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, gün ərzində insan qidanın tərkibindəki maye ilə qarışıq 3 litr maye qəbul etməlidir. "Havaların istiləşməsi ilə əlaqədar isə 3 litrdən çox maye qəbulu labüddür. Ən azı, orqanizm heç olmasa 2 litr maye qəbul etməlidir. Maye qəbulunda insanın çəkisinin, boyunun, yaşının da rolu var. Çəkisi çox olanlar arıq adamlara nisbətən daha çox su içməlidirlər".H.Mehdiyev oruc tutanlara da bəzi məsləhətlərini verib. "Oruc tutan adam gün ərzində susuz qalır. İsti hava zamanı gün ərzində susuz qalan adamın birdən-birə çoxlu miqdarda maye içməsi düzgün deyil. Mayeni tədricən və hissə-hissə qəbul etmək lazımdır", - deyən həkim oruc tutanların gün altında olmasını ümumiyyətlə məsləhət görmür. Onun sözlərinə görə, oruc tutan şəxslər gün ərzində susuzluq hissindən çox əziyyət çəkməsinlər deyə, quru və susuzluq hissi yaradan qidalar qəbul etməməli, duru yeməklərə üstünlük verməlidirlər: "Yaxşı olar ki, bu zaman qaynadılmış adi su içsinlər".Limonlu suyun susuzluq hissini yatırdığını deyən müsahibim bəzi hallarda bunun əks nəticə verdiyini də bildirib. "Misal üçün, mədədə problem varsa, səhər tezdən limonlu suyun içilməsi susuzluq hissini gün ərzində artıra bilər. Ona görə də ən yaxşısı, adi təbii və ya qaynadılmış sudan istifadə etməkdir. Badamlı və ya başqa mineral suların səhər vaxtı istifadəsi də gün ərzində susuzluğa səbəb ola bilər. Bu sulara qaz vurulur. Qazlı su isə yanğı hissini daha da artırır. Belə ki, onların tərkibində soda, karbohidratlar olur, bu da susuzluq hissinin çoxalmasına gətirib çıxarır. Lakin qazlı suların axşam vaxtı, iftardan sonra qəbulu qorxulu deyil. Səhər tezdən isə istifadə etmək məsləhət olunmur".Qızmar havada spirtli içkilərdən istifadənin çox təhlükəli olduğunu deyən terapevtin bildirdiyinə görə, spirtli içki özü də orqanizmi qızdırır. "Spirtli içki qəbul edən şəxs daha çox maye itirir. Bu zaman adam çox tərləyir və orqanizmdə maye azalmağa başlayır. Çox tərləyəndə də çox maye qəbul etmək lazımdır. Qızmar havada araq və bir az ondan güclü içkilərin qəbulunun fəsadları daha ağırdır".Həkim qeyd edib ki, isti hava şəraitinin insan səhhəti üçün yaratdığı təhlükəli vəziyyətlərdən biri də günvurmadır. "Günvurma vaxtı insan orqanizmi həddindən artıq çox tərləyir və bunun nəticəsində də kifayət qədər maye itirir. Tərləmə vaxtı orqanizm daha çox qızır, üstəlik, havanın da isti olması orqanizmdə assimilyasiya və dissimilyasiya prosesinin getməsinə səbəb olur. Orqanizm həm enerjini itirir, həm də bərpa edir. İsti olanda orqanizm itirdiyi enerjini bərpa edə bilmir. Bu səbəbdən də bədən qızdığına görə, çoxlu miqdarda maye qəbul etmək lazımdır. Sözsüz ki, adi, qazsız mayedən istifadə etmək məsləhətdir. İsti hava şəraitində təbii meyvə şirələrinin qəbulu da müsbət nəticə verir. Əl ilə çəkilmiş təbii meyvə şirələri daha xeyirlidir, amma belə şirə əldə etmək mümkün olmadığı halda mağazalarda satılan hazır təbii şirələrdən də istifadə etmək olar. Hazır şirələrə mütləq müxtəlif qarışıqlar qatırlar".Onun dediyinə görə, isti aylarda limonlu sudan, çaylardan, xüsusilə də yaşıl çaydan istifadə etmək orqanizm üçün müsbət nəticə verir.Aşbaz Leyla Kazımova da bildirib ki, isti havada gümrah qalmaq üçün xüsusi içkilər içmək lazımdır. "Limondan hazırlanan içki susuzluğu yatırır. Belə bir içkini hazırlamaq üçün bir stəkan suya limonun dörddə bir hissəsi əlavə edilməlidir. İçkiyə yarım çay qaşığı şəkər və bir çimdik duz da əlavə etmək olar. Belə içkini az miqdarda hər yarım saatdan bir içmək fayda verir. Çay da susuzluğun qarşısını alır. Qəribə olsa da, soyuq çaya nisbətən qaynar çayı içdikdən sonra sərinlik gətirir. Həm də qaynar çay dərini ultrabənövşəyi şüalardan qoruyur", - deyən müsahibim əlavə edib ki, təbii şirələr, ayran, yoqurt da isti havada sərinlik gətirir. Susuzluğu yatırmaq üçün yağsız süd də içmək olar. Təbii şirələr isə şəkərsiz və ya az miqdarda şəkər əlavə etməklə, su ilə qarışdırılmış halda içilməlidir. Alça, alma, albalı, gavalı, zoğaldan hazırlanan içkilər daha məsləhətlidir. Şirələri yeməkdən yarım saat əvvəl və ya sonra içmək lazımdır. Qazlı şirin sular isə susuzluğu yatırmaq əvəzinə, daha da çoxaldır.L.Kazımovanın dediyinə görə, su içildiyi an susuzluğu yatırmır. "Susuzluq hissi 10-15 dəqiqədən sonra keçir. Ona görə də birdən-birə çox su içmək lazım deyil. Həddindən çox su içmək də ziyandır. İçki nə qədər xeyirli olsa da, soyuq halda orqanizm üçün zərəri var". 

Mənbə: Milli.Az

18 iyun 2014
GO BACK