Qadin.NET / Qızmar havadan necə qorunmalı?..

Qızmar havadan necə qorunmalı?..

 

Düzgün seçilən geyimin istidən qorunmaqda rolu var...Havalar getdikcə daha da isinir. Qızmar havadan qorunmaq üçün artıq çoxları geyimində dəyişiklik etməyə başlayıb. Mütəxəssislərin fikrincə, düzgün seçilən geyim qızmar havadan qorunmaq üçün bir vasitədir.

Stilist Səidə Kərimovanın sözlərinə görə, yayda geyim açıq rəngdə olmalıdır. Belə ki, ağ rəng istini əks etdirir, sərinlik gətirir. Tünd rəngli geyimlər isə tam əksinə, günəş şüalarını özünə çəkir. Bu səbəbdən də istidə ağ və açıq rəngli paltar geyinmək lazımdır. Rənglə yanaşı geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir.
Onun dediyinə görə, pambıq, kətan və ipəkdən tikilən geyim daha sərin saxlayır. "Xüsusilə də kətan parçasından olan geyimlər istidən qorunmaq üçün yaxşı vasitədir. Qızmar havada kətandan paltar geyinən adamın hərarəti 3-4 dərəcə aşağı düşür. Sintetik parçalarda isə əksinə, isti olur. Bu baxımdan yayda sintetik parçalardan olan geyimlərdən yan qaçmaq lazımdır. Sintetik parça dəriyə nəfəs almağa imkan vermir. Belə geyimdə bədənin hərarəti qalxır".
Həmsöhbətimiz istidə dar paltar geyinməyi də məsləhət bilmir. Dediyinə görə, dar geyim havanı buraxmır. "Çox vaxt belə geyimdə adam çox tərləyir və geyimin üzərində ləkələr qalır".
Qızmar havadan qorunmaq üçün stilist baş örtüklərindən istifadə etməyi də məsləhət görür. "Şlyapalar, papaqlar gündəymədən qorunmaq üçün əla vasitədir. Şlyapa və ya papaq geyinməyi sevməyənlər nazik açıq rəngli şaldan da istifadə edə bilərlər. İsti havalarda gün eynəkləri də əvəzsiz hesab olunur".
Müsahibim istidə yüngül geyimin rahatlıq gətirdiyini deyir: "Dar şalvarlar əvəzinə belə havalarda xanımlar geniş donlardan və ətəklərdən istifadə edə bilərlər. Nazik parçadan olan kombinizonlar da sərinlik gətirir. İsti havalarda üstü açıq ayaqqabılardan istifadə etmək lazımdır. Ayaqqabıların dabanı çox hündür olmamalıdır. Belə ki, hündürdaban isti havada adamı çox yorur".
Yayda uşaqların vaxtının çox hissəsini həyətdə keçirdiyini deyən S.Kərimova, buna görə də onların geyiminə xüsusi diqqət yetirməyi vacib sayır. Dediyinə görə, uşaq geyimləri də açıq rəngdə və təbii parçalardan tikilməlidir. "Günün şüaları dəridə vitamin D-nin yaranmasına xidmət edir. Ona görə də geyim elə olmalıdır ki, uşağın dərisinə gün dəysin. Uşaqlar üçün köynəklər qısaqol və yüngül, şalvar və ətəklər isə qısa olmalıdır. Papaq və şlyapalar isə belə havalarda uşağın başını və üzünü gün şüalarından qoruyar".Həmsöhbətim əlavə edib ki, valideynlər çox vaxt uşağın soyuqlamasından qorxaraq onu isti geyindirirlər. "Lakin bu düzgün fikir deyil. Belə ki, çox geyindirdikdə uşaq tərləyir, nəticədə isə onun dərisinin həssaslığı artır. Bu da dərinin müxtəlif infeksiyalara yoluxma ehtimalını çoxaldır. Eləcə də tərləmiş uşaq bir müddət yaş geyimdə qaldığı üçün də xəstələnə bilər".

Mənbə:Milli.Az

18 iyun 2014
GO BACK