Ailənin davamlı olmasını şərtləndirən müxtəlif səbəblər ola bilər. Ailə xoşbəxt olmaya bilər, amma yenə də tərəflər bir-birindən ayrılmazlar. İlk öncə valideynlər övladlarını düşünərlər, boşanmazlar. "Qohum-əqrəba nə deyər" deyib dözməyə üstünlük verərlər. Bəzi kişilər həyat yoldaşları ilə dil tapa bilməsələr də, boşanmağı özünə sığışdırmaz və yenə dözərlər. Qadının iqtisadi azadlığı yol vermədiyindən və yaxud atasından, qardaşlarından çəkindiyi üçün bu addımı atmaz və dözər. Bu vəziyyət qadının və kişinin öz ayrıca dünyasının formalaşmasına gətirib çıxarar. Çox zaman isə kişilər başqa biri ilə görüşər, ailəsini sevmədiyini yorulmadan təkrarlayar, uşaqlarına görə dözdüyünü bildirər.
Təbii ki, belə bir ailənin neçə il ömür sürməsi yox, hansı şəkildə ömür sürdüyü gündəmdə tutulmalıdır. Əvvəla, bu cür bir ailədə uşaqların normal inkişafından, onların tam xoşbəxtliyindən söhbət gedə bilməz. Ana və ata bir-birləri ilə mehriban deyillərsə, birinci növbədə bunu uşaqlar hiss edir və əziyyətini çəkirlər. Necə deyərlər, hər kəs öz əməllərinin cəzasını, uşaqlar isə böyüklərin etdiklərinin cəzasını çəkərlər.
Bir-birini başa düşməyən ailənin sayəsində cəmiyyətdə xoşagəlməz hallar baş alıb gedir. Nəticədə 3 insanın həyatı cəhənnəmə çevrilir, onlardan heç biri normal yaşam tərzi sürə bilmir. Nə ailənin qadını, nə başqa biri ilə görüşən kişi, nə də ki həmin kişinin hədəfinə tuş gələn qadın. Ailələrin bir-birini başa düşməməsinin müxtəlif səbəbləri ola bilər. Bunların bir çoxu barədə əvvəlcədən proqnoz vermək olmaz. Məsələn, olar ki, bir-birilərini sevən insanlar evlənər və sonradan yenə problemlər yaranar. Çünki qısa bir zamanda kiməsə aşiq olmaq hələ bu insanı qəbul edib-etməyəcəyin anlamına gəlmir.
Psixoloqların çoxu belə hesab edir ki, insan aşiq olan kimi evlənmək qərarına gəlməməlidir. Bunun üçün zamana ehityac var. Çünki evliliyi sürdürən eşq deyil, sevgi və qarşılıqlı hörmətdir. Əvvəldən qarşısını almağın mümkün olmadığı məsələlərlə yanaşı, yaranacaq problemləri görmək imkanı verən amillər də var. Cəmiyyət, böyüklər, ətrafdakı insanlar bir az düşünsələr, evlənməyə məcbur etdikləri insanların gələcəkdə problemləri yarana biləcəyini başa düşərlər.
Məsələn, bu sahədə ən böyük problemi erkən nikah məsələsi gündəmə gətirir. 13-14, 17-18 yaşında olan qızların özündən çox böyük yaşında biri ilə ailə qurması nə dərəcədə başa düşüləndir? Söz yox ki, bu insanların dünyagörüşləri, həyata baxışları fərqlidir. Biri hələ formalaşmamış uşaq psixolologiyası, digəri gənc insanın ipə-sapa yatmaz düşüncələri. Nəticədə bu cür ailələr uzunömürlü olsa da, ailənin tərəfləri daim özlərini yalnız hiss edəcək, bir-birilərini çətin başa düşəcəklər. Bu da bir insan kimi onların həyatının gedişinə, özlərini yararlı insan kimi hiss etmələrinə mane olacaq. Ən önəmlisi isə bütün bunlar onların uşaqlarının həyatına çox mənfi təsir göstərəcək. Amma təəssüflər olsun ki, dünyanın müasir inkişaf dövründə bütün müsəlman aləmində olduğu kimi, bizdə də erkən nikah problemi hələ də çözülə bilmir.
Ailə qapalı bir institut olduğu qədər, həm də cəmiyyətə bütün mənfilikləri və müsbətləri ilə yön verən bir qurumdur. Bu gün əgər erkən nikahdan xəstə uşaq doğulursa, cavan analar xəstəliyə tutulursa, boşanıb ortada qalırsa, uşaqlarını internat evlərinə vermək məcburiyyətində olursa, bu artıq birbaşa cəmiyyətin ciddi probleminə çevrilir. Hələ bu proseslərdən tərəflərdə yaranan psixoloji sarsıntıları demirəm. Problemləri sosioloq, psixoloqlar, əlaqədar qurumlar görür və qarşısının alınması istiqamətində də işlər aparırlar.
Amma mütəxəssislər deyirlər ki, bu problemin azalmasını hiss etmək üçün hələ 5-6 il də gözləmək lazım gələcək. Görülən işlərin arasında maariflənmə önə çəkilir. Qızların oxumasını təbliğ etməklə prosesə başlamaq lazımdır. Bəs necə təbliğat aparmaq olar? Bu gün minlərlə insana səslənmək üçün müxtəlif vasitələr var ki, onlardan ən geniş auditoriyaya malik olan televiziyalardır. Telekenallarda müxtəlif təsirli sosial roliklər yayımlamaqla erkən nikah probleminin fəsadlarını təbliğ etmək olar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, qurum sosial roliklərə çox böyük önəm verir. Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyevin sözlərinə görə, çəkilən sosial roliklər regional televiziyalara da göndərilir: “Erkən nikahla bağlı ötəni il çəkilən bir videoçarxımız var. Bu il isə deinstitutlaşma-uşaqlara alternativ qayğı ilə bağlı mövzunu əsas götürən sosial rolik çəkmişik. Belə rolikləri televizyalara verdiklərini deyən P.Əliyev bəzi telekanallarda bu cür roliklərin bir-iki ay getdiyini bildirdi”. P.Əliyevin sözlərinə görə, erkən ailə quran və sonradan boşananlar çox müxtəlif problemlərlə qarşılaşırlar. Nikah kağızları olmadığı üçün uşaqlarına aliment ala bilmirlər. Onların problemləri çox çətinliklə həll olunur. Xəstə uşaqlar olur ki, onların müalicəsini dövlət həyata keçirir. P.Əliyev il ərzində erkən nikahın gətirdiyi fəsadlarla bağlı fəaliyyət göstərdiyim şöbəyə təxminən 50-60 ərizənin daxil olduğunu bildirdi.
Müstəqillikdən əvvəl də erkən nikah problemi olub
Sovet hakimiyyəti illərində də ölkədə erkən nikah problemi olub. P.Əliyev sözlərinə görə, sovet dövründə erkən nikah problemi hətta indikindən də çox olub. Sadəcə, cəmiyyət qapalı olduğuna görə məlumatlar ətrafa yayılmayıb. Digər tərəfdən, sovet dövründə erkən qurulan ailələrdə sonradan o qədər də ciddi problemlər yaşanmayıb. Müsahibim bunu o dövrdə insanların başqa məsələlər barəsində düşünmələrinə o qədər vaxtlarının olmadığını, hamının əməyə cəlb olunduğunu, fərqli bir cəmiyyət mövcudiyyəti ilə əlaqləndirir. Əsas səbəb isə baş verənlərin gizli qalması olub.
Amma indi ailələrdə problem yaşanır, araşdırılır və nəticədə həmin ailənin erkən nikahla qurulduğu ortaya çıxır. Baş verən hər bir hadisədən xəbər tutmaq mümkün olur. P.Əliyevin sözlərinə görə, problem nə qədər çox qabardılarsa, həlli də bir o qədər asanlaşar. Sovet cəmiyyətində problemlər gizlədilib ki, bu da onun həllini çətinləşdirib, problemləri daha da çoxaldıb. Problem açıq-aşkar ictimaiyyətə təqdim olunanda onun həlli üçün hərə bir təklif verir və məsələnin həlli də asanlaşır.
Moda:Milli.Az