Qadin.NET / Mobil rabitə bazarında "Bermud üçbucağı"

Mobil rabitə bazarında "Bermud üçbucağı"

 

Danışıq qiymətlərindən narazı olan abunəçilər səbəbi inhisarda axtarırlar 3 telefon gəzdirən abunəçi “hər tərəfə 3 qəpik” tarifi təklif edir“Azərcell” abunəçisi olsam da, mobil operatorun kampaniyalarından yararlanmıram. Bəlkə də, bu, mənim rutin vərdişlərimdən irəli gəlir. Bir az da sabitliyi sevirəm. Amma son vaxtlar diqqətimi çəkir ki, telefona qoyduğum pul sürətlə “yox olur”. Bunu tək mən müşahidə etmirəm, çevrədəkilər də bu qənaətdədirlər. Bir dəfə də belə halla rastlaşmışdım, zəng elədim, vəziyyət nisbətən sabitləşdi. Bu ildən telefonumda demək olar, pul qalmır, sürətlə gedir operatorun büdcəsinə. Oturub hesablamıram, çünki buna vaxtım yoxdur. Həm də saatı qoyub hesablayacaq da deyiləm.Bir neçə gün əvvəl bəzi qeydlər elədim. Öz operatoruma aid bir nömrəyə zəng vurub 14 saniyə danışdım (əgər saniyə göstəricisi düzdürsə), balansdan 5 qəpik çıxıldı. Əslində danışmadım, “salam-sağol” elədim. Ondan əvvəl də şəbəkədaxili 44 saniyəlik bir danışığım oldu, 8 qəpiyə yaxın getdi. Sonra 2 dəqiqə 45 saniyə danışdım, balansımdan 30 qəpik silindi. Daha sonra dəqiqə yarıma 1.75 qəpik. Doğrusu, operatorumun bu qiymət siyasətini anlamadım. Bu yaxınlarda “Narmobile” nömrəsindən digər operatora zəng eləmişdim, sağolsun qarşı tərəf o qədər danışdı ki, dedim camaatın telefonundakı pulun axırına çıxdım. 8 dəqiqə 54 saniyə üçün təxminən 28 ya 29 qəpik çıxıldı. Sevindim, telefon sahibini çox da zərərə salmamışdım. 9 dəqiqəlik mən öz telefonumla danışsaydım, bundan baha-başa gələcəkdi.Gördülər abunəçilərin sayı artır, danışıqları bahalaşdırdılar
Elxan “3 nömrəli abonent”dir. Birinci 3 nömrəni hansı ehtiyacdan əldə etməyinin səbəbini soruşdum. Elxan: “Operatorlar adətən şəbəkədaxili müəyyən güzəştli qiymətlər tətbiq edirlər. Ona görə də pulumun kisəmdə qalması üçün hər üç operatorun xidmətindən istifadə etməyə məcburam. Məndə əvvəl “Azərcell”də kampaniya ilə “simdən-simə” dəqiqəsi 1 qəpik idi. Sonra şəbəkədaxili danışıqların dəqiqəsini 3 qəpik elədilər. 10 saniyə danışanda isə yarım qəpik çıxılırdı. Yenə sərfəliydi. Bu kampaniya da bitdi. İndi “hər tərəfə 4 qəpik kampaniyası” var. 4 qəpik deyirlər, amma mənim müşahidəmə görə, çox çıxırlar. “Cindən-cinə” onun kimi. “Bakcell”də şəbəkədaxili məndə 3 qəpikdir, digər operatorlara 5 qəpik. 10 saniyəlik telefonu açıb bağlamaq da burada yarım qəpik hesablanır. O qədər də bəd deyil. “Narmobile”da 30 saniyəyə qədər 2 qəpikdir, dəqiqəsi isə 4 qəpik. Tarif planına görə, ən yüksək qiymət “Azərcell”dədir, sonra “Bakcell”də. Hələlik müqayisədə liberal qiymətlər “Narmobile”ndır. Əvvəllər bu mobil operatorun xidməti daha yaxşı idi. Danışıq 10 saniyə intervalı ilə hesablanırdı. Gördülər insanlar çox danışır, abunəçilərin sayı artır, getdikcə bahalaşdırdılar”.
Telefonda bir kəlimə danışdığınıza peşman olursuz
Amma abunəçi deyir ki, “Narmobile”da bir yaxşı cəhət var ki, hər gün 33 qəpik çıxmaqla operator şəbəkədaxili 400 dəqiqə limitsiz danışıq verir. Bu isə 7 saata yaxın deməkdir. Elxan: “Bonus 30 gün boyunca cəmlənir, həmin müddətdə limiti istifadə edə bilərsiz. Digər operatorlara zənglərin dəqiqəsi 5 qəpikdir. Müqayisədə “Narmobile”ın cəlbedici tarif planları var. “Nardan Nar”a iki “sevimli nömrə” eləmişdim, rahat danışa bilirdim. Yarım dəqiqəyə 1 qəpik pul çıxırdı. Hazırda tarif planım dəyişib. “Narmobile”da rayonlarda zəngin dəqiqəsi bütün operatorlara 3 qəpik, Bakı və Abşeronda 4 qəpikdir. Cənub bölgəsində yeni tariflər tətbiq olunur. 1 “nar” nömrəsinə üzərində bir nömrə də hədiyyə verirlər. İkisi öz arasında 1 qəpiyə danışır. Azərbaycanda tariflər yumşaq deyil. Istəsələr hər üç operator aralarında “dəqiqəsi 3 qəpiyə” tarifi tətbiq edə bilərlər. Ölkədaxili hər tərəfə bu qiymətə danışıq olar. Danışıq intervalı da 10 saniyə olsa, yaxşıdır. Yəni, pul danışdığınız vaxta görə hesablansın. Qalan vəsait camaatın cibində qalsın, operatorun büdcəsini şişirtməsin. Özlərinin də işi yaxşı gedər. Əgər mən 10 saniyə danışıramsa, niyə mənə 1 dəqiqə tarifi tətbiq olunur? Bir kəlmə danışdığınıza peşman olursuz, istədikləri rəqəmi çıxırlar”.
Mobil operatorlar qiymətlərini yumşaltmalıdır
İstifadəçi operatorların qiymət siyasətindən razı deyil: “Baxmayaraq mən Narmobile”la əməkdaşlıq edirəm, onlar da optimal tariflərini kampaniya xarakterli təklif edirlər. Amma müqayisədə yenə bir az insaflı olan “Narmobile”dır. Başa düşürəm, bazar iqtisadiyyatıdır, hər kəs çox pul qazanmaq istəyir. Millət də telefon danışığına çox pul xərcləyir. Son qəpiklərini çörəyə yox, gedib kontura verirlər. Amma bütün bunlarla bərabər əsas problem mobil sahənin inhisarda olmasıdır. Ölkədə cəmi 3 operator var. Çox yaxşı olardı ki, Rusiyanın “Bilayn” və ya “Megafon” mobil operatorlarının bir filialı da Azərbaycanda açılsın. Bütün MDB dövlətlərində bu operatorlar var. Onların qoymətləri xeyli dərəcədə aşağıdır, dövri olaraq abunəçilər üçün uyğun tariflər tətbiq edir, kampaniyalar keçirirlər. Bakıdan olan zənglərə adətən Rusiyadakı abunəçilər cavab vermir, özləri geriyə yığırlar. Çünki, danışıqlar orada bizdəkindən sərfəlidir. Mobil sahədə nə qədər ki, monopoliya var, xalq bundan razı qalmayacaq. Elə həmin operatorların da işi irəli getmir, inkişaf üçün rəqabət mühiti yoxdur. Odur ki, onlarda da yeni ideyalar, təşəbbüslər ortaya qoyulmur, eyni nöqtəyə vururlar. Ən böyük monopolist Rabitə Nazirliyidir. Qiyməti aşağı salmağa imkan vermir. Yalandan qiymətləri aşağı salacaqlarını elan edirlər, amma tariflər yenə yüksək qalır. Bütün inkişaf etmiş dövlətlərdə operatorlar əhalinin büdcəsini düşünərək istirahət və bayram günləri, gecə saatları tarifləri tətbiq edirlər. Bunlar kampaniya xarakterli deyil, daimidir. Bu güzəşt siyasəti tək bizdə yoxdur”.
Dəqiqəsi 14 qəpiyə zəng
Müsahibim vaxtilə özü Bakı Telefon Avtomat Qovşağı (BTAQ) ilə əməkdaşlıq edib. Elxan: “Əvvəllər işləri əla gedirdi, bir vaxtlar o təşkilatda yaxşı xidmət vardı, hər kəs taksafonlardan istifadə edirdi. Hazırda qiymətlər onlarda yüksəkdir. Götürək məni, əgər mən cibimdəki telefonumdan hər yerə 4 qəpiyə danışıramsa, bunu qoyub gedib o taksafonlardan mobil telefona dəqiqəsi 13.50 qəpiyə niyə zəng edim? Şəhərdaxili stasionar telefonlara 3 dəqiqəsi 4.50 qəpik idi. İndi kimsə stasionar telefonlara da küçədən zəng eləmir axı. Hər kəsin əlində 2-3 mobil telefon var. Rayonlara da qiymət eynidir. Xarici ölkələrə tariflər o qədər optimal deyildi. Əslində, dövlət müəssisəsi olduğuna görə, onlarda qiymət daha liberal olmalıdır. Hazırda BTAQ-ın heç bir köşkü işləmir. Gedib baxsanız, ticarət obyektləri kimi fəaliyyət göstərirlər. Bu isə onunla əlaqədardır ki, tətbiq etdikləri tariflər çox bahadır, heç kim onların taksafon kartlarından istifadə etmir. Yenə də işləri pis getmir, köşklərini icarəyə verib indi də icarədən pul qazanırlar. Amma əsas funksiyalarını yerinə yetirmirlər”.
Operatorlar abunəçilərdən nə alır, əvəzinə nə verir?
Bizimyol.İnfo mobil operatorların da mövqeyini öyrənib. “Azərcell”in müştəri xidmətləri əməkdaşının sözlərindən məlum oldu ki, mənim hazırda istifadə etdiyim standart “Hər yerə” tarifi ən sərfəsizidir. Bu tarif ölkə daxilində bütün istiqamətlərə zənglərin dəqiqəsini 10 qəpik nəzərdə tutur. Şirkət əməkdaşı deyir ki, əvvəllər danışıq intervalı 10 saniyə idi, artıq bir ay olar ki, interval 15 saniyəyə qaldırılıb. Ona görə də mən çox pul xərcləyirəm. Şirkət nümayəndəsi hesab edir ki, bütün operatorlarla eyni dərəcədə danışdığım üçün bu halda “Bizimkilər”, “GəncSim” tarifləri mənə sərfəli olmaz. “Bizimkilər” tarifində şəbəkədaxili zəngin dəqiqəsi 7 qəpik, şəbəkəxarici 14 qəpikdir. “GəncSim”də şəbəkədaxili yerli zəngin dəqiqəsi 10 qəpikdir, şəbəkəxarici isə 14 qəpik. Bölgədə yaşamadığıma görə o halda mənim üçün sərfəli 1 dəqiqə=1 qəpik olmaqla “Tələbə 1-liyi” tarifi qalır. Tövsiyə edir ki, tanışlarımdan kiminsə tələbə bileti varsa, onun vasitəsilə bu paketə qoşulum. İnterval 1 dəqiqə, ölkədaxili zənglər 5 qəpikdir. “Mediacell” və “Dövlətcell”də də şəbəkədaxili zənglər üçün paketlər var - 5 manata 500 dəqiqə, 10 manata 1500 dəqiqə. “Mediacell” paketində digər operatorlara zənglərin dəqiqəsi 10 qəpik, “Dövlətcell”də 9 qəpikdir. Bir də şəbəkədaxili 1 dəqiqə 2 qəpik olmaqla “Gecə Tarifi” kampaniyası var.
“Bakcell”in müştəri xidmətlərindən də kampaniya və tariflər barədə məlumat verildi. Şirkətin təmsilçisinin sözlərinə görə, alınan yeni nömrələr avtomatik “Gün boyu 0” tarifi ilə aktivləşir. Şəbəkədaxili zənglər üçün səhər saat 8-dən axşam saat 6-dək şəbəkə daxilində limitsiz danışıqlara gündəlik 29 qəpik xidməthaqqı çıxılır. Digər operatorlarla danışığın dəqiqəsi 9 qəpikdir. Lakin, kod yığıb istədiyiniz tarifi də seçə bilərsiz. “SevimliCİN” tarifində “Bakcell” nömrələrinə danışığın dəqiqəsi 6 qəpik, digər operatorlarla bundan iki dəfə bahadır. Bu zaman 5 sevimli nömrə seçib, onlarla dəqiqəsi 3 qəpiyə danışacaqsız. 2 manatlıq karta şəbəkədaxili zənglər üçün aylıq 25 dəqiqə bonus verilir. “ƏlaCİN” tarifi “Bakcell” şəbəkəsi daxilində 7 qəpiyə 1 saat, digər operatorlara dəqiqəsi 9 qəpik danışıq verir. “CINeration” tarifində hər tərəfə dəqiqəsi 7 qəpikdir, “CINeration” nömrələrinə zənglərin dəqiqəsini 2 qəpiyə danışacaqsız. Şirkət təmsilçisi bu tarifin digərləri ilə müqayisədə ucuz olduğu qənaətindədir. “SevinCİN”də də hər tərəfə zənglərin dəqiqəsi 8 qəpiyə olmaqla vahid qiymət tətbiq edilir. Sonuncu “GəlirliCİN” tarifində də eyni qiymətdir. Tarifin üstünlüyü ondan ibarətdir ki, gün ərzində ölkədaxili zənglər, sms və mms-lər üçün sərf edilən məbləğin 50 faizi günün sonunda balansa bonus olaraq geri qayıdır. 5, 10, 25. 45, 95 manatlıq klass tarifləri də abunə nömrələr üçün sərfəlidir.
 “Narmobile”da “Sənin 3-ün” tarifinə qoşularaq, bölgələrdə bütün Azərbaycanla dəqiqəsi 3 qəpiyə danışmaq mümkündür. “3-ü 1-də” tarifi ilə 200 dəqiqə, 200 sms və 200 mb internet həftədə 2 manat 80 qəpikdir. “Unikal” tarifində ölkədaxili bütün istiqamətlərə zəngin dəqiqəsi 4 qəpikdir. “Limitsiz” tarifində gündəlik olaraq şəbəkədaxili 400 dəqiqə və 100 sms təqdim olunur. Danışıq dəqiqələrə görə deyil, saniyələrə görə ödənir. “Bumeranq” gün ərzində danışılan hər ölkədaxili 7 dəqiqə üçün o qədər də pulsuz verir. “CavanNar” tarifinə qoşulan gənclərə 300 dəqiqə danışıq vaxtı, 300 mb internet və 300 sms bonus var. “Nar Mobile”ın “1+1” kampaniyası ilə 1 Nar nömrə alan, 2-ni pulsuz əldə edir, həmin nömrə ilə dəqiqəsi 1 qəpiyə danışır. “Xoş gəlmisiz kampaniyası”nda alınan nömrənin dəyərindən asılı olmayaraq balansa 3 manat və 100 mb internet trafiki hədiyyə edilir. “Sevimli nömrə” kampaniyası 2 nar nömrə ilə 50 faiz endirimli danışıq verir. Xidmətin aktivləşdirilməsi 40 qəpik, gündəlik istifadə haqqı 1 qəpikdir. Şirkətlərin elə kampaniyaları var ki, başa çatsa da, web-saytlarında hələ də durur.
Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK