Əlkimyanın yaranma səbəblərindən biri kimi qəddar hökmdarların əbədi hökmranlıq istəyi göstərilir. Yəni bu adamlar əbədi yaşamaq, ölməz olmaq istəyirdilər. Di gəl, kimyagərlər nə qədər arasalar və əlləşsələr də, fəlsəfə daşını tapa bilmədilər, dəmiri qızıla və ya gümüşə çevirə bilmədilər. Qəddar hökmdarların həyatlarısa ölümlə başa çatırdı. Əlkimya unuduldu, məhv oldu. Amma hökmdarların bir parasının əbədi hökm etmək istəyi qaldı.
Tarix belələrinin acı taleyi ilə bağlı yetərincə faktlar göstərsə də, çağdaş dünyamızdakı hökmdarlar arasında olanlar ağıllanmırlar.
Uzağa getməyək. Çox yox, cəmi 5 il əvvəl kim deyərdi ki, ən qəddar və hökmlü dövlət başçılarından biri, Liviya Ərəb Cəmahiriyyəsinin lideri Müəmmar Qəzzafi təpiklənəcək, güllələnəcək, sonra da cəsədi günlərlə yerdə qalacaq, bir zamanlar ona səcdə edənlər də gedib meyitinə tüpürəcəklər?!
Və ya cəmi bir neçə ay kim deyə bilərdi ki, Ukrayna prezidenti Viktor Yanukoviçin adı çəkiləndə göz qarşısına gələn onun qızıl suyuna çəkilmiş unitazları olacaq?!
Dövləti idarə etmək qanunverici tənzimləmədən savayı başqa qaydalar və ya yazılmamış qanunlar çərçivəsində olmamalıdır. Süni olan nəsnə çox yaşaya bilməz.
Bu səbəbdən də siyasəti rüsvayçı, idarəetməsi biabırçı, özü idiot olan dövlət başçısının hakimiyyətdə qaldığı müddəti mümkün qədər uzatmaq istəyi əlkimyaya bənzəyir.
Alınan iş deyil.
Ermənistan prezidenti Serj Sarkisyanın da Konstitusiyaya əlavələr və dəyişikliklər vasitəsilə iqtidarının dayaqlarını möhkəmlətmək istəyi eynən dəmiri qızıla döndərmək cəhdlərinə bənzəyir. Heç bir fərq yoxdur.
Sarkisyan hələ də etiraf etmək istəmir ki, 2008-ci ildə hakimiyyətə gəlməsi onun xələfi Robert Köçəryanın istəyi və Rusiyanın razılığı ilə olmuşdu.
Ermənistanın indiki prezidentini nə xalq seçib, nə də özü fenomenal siyasi bacarıqları hesabına postuna yiyələnməyib.
Ermənilər bilirlər ki, Serj Sarkisyan Konstitusiyanı məhz öz məqsədləri üçün dəyişmək istəyir.
Onun ikinci hakimiyyət dönəmindən sonra xalqa insan haqlarının daha yaxşı qorunmasını təmin edəcək, cəmiyyətdə müxtəlif tabanlar və qüvvələr arasında mütənasiblik mexanizmlərini yaxşılaşdıracaq, hakimiyyətin çeşidli qolları arasındakı balansı reallaşdıracaq, idarəetmənin şəbəkəvari və üfüqi sistemini yaradacaq Konstitusiyanı miras qoyacağını, sonra da Melik-Adamyan küçəsinə çıxaraq iqtidarla vidalaşacağını düşünənlər marazma qapılmış adamlar sayıla bilər.
Təcrübə və yaşananlar göstərir ki, Serj Sarkisyan heç vaxt dediyini etmir. Daha doğrusu, həmişə dediyinin tam tərsini edir.
Xatırlayaq.
Serj Sarkisyan demişdi ki, qlobal maliyyə-iqtisadi böhran Ermənistana təsir etməyəcək. Reallıq budur ki, Ermənistan iqtisadi-maliyyə geriləməsi baxımından dünya rekordu vurub: ümumdaxili məhsul səviyyəsinin aşağı düşməsi 43 faizdir.
Sarkisyan 2013-cü ildəki prezident seçkiləri zamanı söyləmişdi ki, Ermənistanda hər ailə maşın və ev ala biləcək. Amma on minlərlə ailə evini və maşının sataraq ölkədən qaçıb, mühacirət edib.
Sarkisyan deyirdi ki, "Armenikum" QİÇS xəstəliyini tam müalicə edir və ölkə elə tək bu dərmanın satışları hesabına özünü təmin edə bilər. Amma bəlli oldu ki, "Armenikum"un bəh-bəhlə təriflənən "xassə"ləri əslində yalanmış və bu dərman QİÇS-i əsla müalicə edə bilməz. Bu arada Ermənistan prezidentinin xalqa vəd etdiyi nanotexnologiyalar, elmi-tədqiqat mərkəzləri, biznes inkubatorları və ilaxırı da unutmayaq.
"Ermənistanın son bolşeviki" ermənilərə vəd etmişdi ki, təbii qazın qiyməti qalxmayacaq. Amma Ermənistanda təbii qaz bahalaşdı və üstəlik, bəlli oldu ki, Yerevandakı iqtidar Rusiyanın "Qazprom" şirkəti ilə 3 il gizli danışıqlar aparıb.
Danışıqların sonucu Ermənistanın Rusiyadan tam "qaz əsarəti"nə düşməsi oldu.
Serj Sarkisyan ötən il ermənilərə "ən yaxşı seçkilər" vəd etdi, amma misli görünməmiş saxtakarlıqlar, qanun pozuntuları və hüquqların tapdanması oldu. "Qələbə faiz"ləri həyasızlıqla təmin olunmuşdu.
Ermənistan prezidenti ölkədə yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı salınacağını vəd etmişdi. Əksi oldu, yoxsul, səfillik həddindəki ermənilərin sayı sürətlə artdı.
Serj Sarkisyan ermənilərə ağıllı, məntiqli, xalqın maraqları ilə dövlətin mənafelərini nəzərə alan xarici siyasət yürüdüləcəyini vəd etmişdi.
Əvəzində Ermənistanın Rusiyadan asılılığı daha da artdı, Yerevan Moskvanın kuklası oldu.
Və indi Serj Sarkisyan Konstitusiyaya dəyişikliklər və əlavələr vasitəsilə dövlət idarəetməsinin demokratikləşdirilməsindən, sistemin üfüqi səciyyə daşıyacağından danışır. Deməli, o, əslində hakimiyyətinin dayaqlarını bərkitmək və iqtidar düşərgəsini yekcins etməyi düşünür.
Ermənistan prezidenti ilə onun yaxın ətrafının həyasızlığı o həddə çatıb ki, onlar neobolşevik sistemi qurmaq istəklərini açıqlamaqdan çəkinmirlər.
General Manvel Qriqoryan da S.Sarkisyanı "son bolşevik" adlandırırsa, deməli, nəsə bilir. Axı Qriqoryan Yerevandakı hakimiyyət "mətbəx"inə əla bələddir.
Göründüyü kimi, Ermənistanda konstitusion dəyişikliklərlə bağlı müzakirələrlə vədlər gülünc olaylardır.
Ermənilərin iki yolu var.
Onlar ya Serj Sarkisyanın hakimiyyətinin möhkəmlənməsi, Ermənsitanda feodal-quldur idarəetməsi ilə bolşevik sisteminin eybəcər simbiozunun formalaşması, brejnevçiliyin bərpası və ölkənin tam fiaskosu ilə razılaşmalı, ya da bütün bu iyrəncliklərə qarşı çıxmalıdırlar.
Bitərəf qalmaq mümkün deyil: sükut Serj Sarkisyanın xeyrinədir.
Yerevandakı hakimiyyətinin əxlaq qalıqlarının son qəlpələrini itirməsinə hələlik Konstitusiya yol vermirsə, ermənilərin minimum proqramı növbədənkənar prezident seçkilərinin keçirilməsinə nail olmaqdır.
Elçin Alıoğlu.
Mənbə:Milli.Az