Böyük bir tarixi eranın şahidi
Qarabağın qədim abidələri ilə bağlı tarixçi-alimlərimizin bir sıra maraqlı tədqiqat işləri var. Hazırda erməni işğalçılarının əsarəti altında olan tarixi torpaqlarımızdakı belə qiymətli abidələrdən biri də Füzuli rayonu ərazisində yerləşən Qaraköpəktəpədir. Köndələnçayın sahilində yerləşən konus şəklində olan bu təpədən tapılan materiallar böyük bir tarixi dövrü öyrənməyə imkan verir. Həmin mərhələ eneolit dövründən orta əsrlərə qədər önəmli bir dövrü əks etdirir.
Alimlərin qənaətinə görə, bu təpənin adı qədim türk dilində “hündür ulu təpə” mənasını verir. Onun hündürlüyü 50 m-ə çatır. Azərbaycanlı tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu təpə həm Qaraköpəktəpə, həm də Təxti-Tavus kimi qeyd olunmuşdur. Tarix üçün önəmli faktlar verən təpə Qarabağın tanınmış tarixçisi Mirzə Adıgözəl bəyin də diqqətini çəkmişdir. Onun məşhur “Qarabağnamə” əsərində Qaraköpəktəpənin adı dəfələrlə çəkilmiş, onunla bağlı elmi məlumatlar verilmişdir.
Burada ilk araşdırmaları həvəskar arxeoloq, alman E.A.Resler, ondan sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparmışdır. Tədqiqat nəticəsində rus arxeoloqu A.A.İvanovski abidənin dəqiq ölçüsünü müəyyənləşdirmişdir. Amma onların tədqiqatları əsaslı bir nəticə verməmiş və Qaraköpəktəpə uzun zaman arxeoloji abidə kimi diqqətdən kənarda qalmışdır. Bundan başqa, hər iki tədqiqatçı təpəni səhv olaraq kurqan-qəbir abidəsi hesab etmiş və o vaxtdan Qaraköpəktəpə elmi ədəbiyyatda kurqan kimi tanınmışdı.
Ancaq 1964-cü ildə arxeoloq Qüdrət İsmayılzadənin burada başlanan və 80-ci illərin sonlarınadək davam etdirilən tədqiqatları təpə haqqında təsəvvürləri tam şəkildə dəyişdi.
Aparılan arxeoloji tədqiqatlar abidənin e.ə. V minillikdən b.e. XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən etmişdir. Burada aşkar edilən ən qədim saman qatışıqlı gil qablar eneolit dövrünə (e.ə.IV-II minilliklər) aiddir. Tədqiqatçıların fikrincə, tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünü əks etdirir. Bundan başqa, təpənin üst qatlarında son tunc, erkən dəmir və antik dövrlərə aid mədəniyyət nümunələri aşkar edilib götürülmüşdür. Maraqlı bir fakt da odur ki, Azərbaycanda antik dövrə aid yaşayış yeri ilk dəfə burada aşkar edilmişdir.
Qədim yaşayış məskəni
Burada həmçinin ilk tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı tapılmışdır. Həmin binalardan birinin əsas hissəsi qazıntı sahəsindən kənarda qalmışdır. İkinci binanın diametri isə 6,85 m-dir. Bu binaların tikintisində qaba yonulmuş daş parçaları və çay daşlarından istifadə edilmişdir. Eyni zamanda, binalarda içi çay daşlarından qurulmuş ocaqlar olmuşdur.
Sonrakı araşdırmalarda təpənin üst qatlarında böyük, çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Bu evin divarları iri həcmli əhəngdaşı parçalarından tikilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir-birindən qalın divarla ayrılmışdır. Bəzi yerlərdə divarın hündürlüyü 1 m olmuşdur. Otaqların döşəməsi bərk torpaq layından ibarətdir. Burada qızarmış torpaq qatını kül və kömür qalıqları örtmüşdür.
Tarixi yaşayış yerindən tapılmış daş alətlər dən daşları, sürtgəc, bülöv daşları, qurama oraq dişləri, obsidian lövhələr və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Burada həmçinin qara cilalı, müxtəlif formalı keramik qabların parçaları aşkar edilmişdir. Üzə çıxarılan gil məmulatı arasında ocaq qurğuları, təkər modeli, iy başlıqları və başqa əşyalar da olmuşdur. Ərazidə sümükdən hazırlanmış əmək alətləri də tapılıb götürülmüşdür.
“E.ə. V-IV əsrlərdə təpə antik dövrə məxsus böyük yaşayış yerinə çevrilmiş, onun üstü və yamacları pillə-pillə yaşayış evləri, ictimai binalarla örtülmüşdü. Qazıntılar zamanı burada yanğın zamanı dağılmış sütunlu zalın divarları, üzəri həndəsi və nəbati naxışlarla bəzədilmiş gil qablar, məişətdə işlədilən müxtəlif avadanlıq və başqa maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. Güman edilir ki, Qaraköpəktəpədə aşkar olunan saray vaxtilə Makedoniya hökmdarı İsgəndərin Şərq yürüşü zamanı qarət olunmuş və yandırılmışdır”(Fəridə Aslanova, AMEA Tarix İnstitutunun əməkdaşı).
Burada əldə olunan böyük miqdarda tapıntılar onu göstərdi ki, Sasanilərin Azərbaycanda hökmranlığı dövründə Qaraköpəktəpə mühüm strateji məntəqəyə çevrilmişdi. Qaraköpəktəpənin məhz Sasanilər dövründə Təxti-Tavus adı ilə yeni yüksəliş dövrünə qədəm qoyması haqqında da fikirlər mövcuddur.
Sonrakı mərhələdə isə bu mühüm yaşayış yerinin çiçəklənmə dövrü, iqtisadi və mədəni yüksəlişi Eldənizlərin hökmranlığı ilə bağlı olmuşdur. Bunu ərazidə aparılan qazıntılar sübuta yetirmişdir. Buradan IX-XIII əsrlərə aid 3 m-dən artıq qalınlıqda mədəni təbəqənin aşkara çıxarılması və o təbəqədən külli miqdarda gözəl sənətkarlıq nümunələrinin tapılması deyilənləri bir daha təsdiqləmişdir. Bu tapıntılara rəngarəng şirli qablar, nəfis şüşə məmulatı, gümüş, şüşə və misdən hazırlanmış üzük və bilərziklər, zərgərlikdə işlədilən avadanlıq və s. aiddir. Eyni zamanda, qeyd olunan təbəqədə sənətkarlar məhəlləsinin böyük hissəsi, geniş sahəni tutan təndirxana, çay daşlarından və qaya parçalarından inşa edilmiş qala divarları aşkar olunmuşdur. Amma Qaraköpəktəpədəki bu dinclik dövrü də uzun sürməmişdir. Dağıdıcı monqolların Azərbaycana ilk yürüşü zamanı yaşayış yeri hücuma məruz qalaraq xarabazara çevrilmişdir.
Əsirlikdə qalan Qaraköpəktəpə
Qaraköpəktəpədə aparılan davamlı tədqiqat işləri sonrakı tarixi mərhələləri də öyrənməyə imkan vermişdir. İşğalçı monqol hücumlarından sonra təpənin üstündəki yaşayış yeri bir müddət tənəzzülə məruz qalsa da, Hülakülər dövründə yenidən dirçəlmişdir. Məşhur şərq tarixçisi Rəşidəddinin yazdığına görə, həmin dövrdə monqol süvari qoşunları qışı əksər hallarda Arazboyu düzlərdə keçirir, yayda isə Aladağın və Qarabağın yüksək otlaqlarına qalxırdılar. Bu belə bir fikrə gəlməyə əsas yaradır ki, dağlarla Aran arasındakı yol ayrıcında yerləşən Qaraköpəktəpə bu şəraitdə Hülakü maldar əyanlarının iqamətgahı, var-dövlətlərinin, tükənməz sərvətlərinin qorunduğu yer olmuşdur. Sonrakı tarixə baxılanda görünür ki, Qaraköpəktəpə - Təxti Tavusun gələcək dövrlərdə də başı bəlalı olmuşdur. E.ə. VII əsrdə Qara dənizin şimal sahillərindən şərq ölkələri üzərinə qorxulu fırtına kimi gələn köçəri skif tayfaları Qaraköpəktəpədən də yan keçməmiş, onu oxa tutmuşdular. Qaraköpəktəpənin üstündən indi də skiflərə məxsus çoxlu üç qanadlı tunc ox ucluqlarının tapılması bunu sübut edir.
XIX yüzilliyin əvvəllərində Azərbaycan torpaqları uğrunda savaşan İran ilə Rusiya arasındakı müharibədə əlverişli hərbi-coğrafi mövqeyə malik olan Qaraköpəktəpə rus generalı N.F.Paskeviçin qərargahına çevrilmişdi. O zaman həmin qanlı döyüşlər buradan idarə olunurdu.
Hazırda işğal altında olan Qarabağ torpağındakı bir çox abidələrimiz kimi, Qaraköpəktəpə də əsirdir. Alınan xəbərlərə görə, 1993-cü ildə Füzuli bölgəsi işğal olunduqdan sonra ermənilər Qaraköpəktəpəni gözətçi məntəqəsinə çeviriblər. Amma tarixi xronologiya bir daha təsdiq edir ki, haqq gec-tez yerini alır və Azərbaycana məxsus bu tarixi abidənin də yaxın zamanda öz sahiblərinə qaytarılacağı kimsədə şübhə doğurmasın.