İsmayıllı rayonunun Zərnava kəndindəki sürüşmə sahəsində gərginlik davam edir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, sürüşmə sahəsində hələ də aktivləşmə gedir.Ərazidə ümumi aktivləşmənin olduğunu deyən S.Əmiraslanov qeyd edib ki, sürüşmə sahəsində genişlənmələr var. Onun sözlərinə görə, kəndə giriş yolu hələ də bağlıdır. Kəndə giriş-çıxış üçün müvəqqəti olaraq digər kəndlərdəki yollardan istifadə olunur: “Kəndə giriş yolunun 500 metr hissəsi tam yoxdur. Buna görə başqa alternativ yoldan istifadə edilir. Sürüşmə sahəsi hazırda aktiv vəziyyətdədir. Sürüşmənin üzərində olan çatlar su ilə doludur, bir hissəsində sular bulaqlar şəklində görünür, gölməçələr yaranıb. Bu da sürüşmənin aktiv vəziyyətdə olmasını göstərir”.S.Əmiraslanov ərazidə hansı tədbirlərin görülməsinə də münasibət bildirib. O qeyd edib ki, sürüşmə sahəsində hər hansı tədbir görülməzdən öncə ərazidə tədqiqat işləri aparılmalıdır: “Bunun üçün də sürüşmənin nisbətən stabilləşməsini gözləyirik. Bu isə hələlik mümkün deyil və ərazidə aktivləşmə davam edir”.Qeyd edək ki, mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə qeydə alınıb. Sürüşmə nəticəsində kəndə giriş yolu tamamilə sıradan çıxıb və bağlanıb. Mayın 29-dan bu günə kimi həmin sürüşmə sahəsində aktivləşmə müşahidə olunur.
Mənbə: Milli.Az