Qadin.NET / Bakıda erməni və azərbaycanlı deputatlar arasında qalmaqal

Bakıda erməni və azərbaycanlı deputatlar arasında qalmaqal

 

Qüdrət Həsənquliyev: “Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən”

Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında erməni deputatla azərbaycanlı deputat arasında qalmaqal yaşanıb.APA-nın məlumatına görə, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarının növbəti hissəsi Gürcüstanın NATO-ya üzvlük məsələsinin müzakirəsi olub.
Mövzu ilə bağlı müzakirələr zamanı Ermənistanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan söz alaraq, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib və mövzudan kənara çıxaraq Azərbaycan tərəfinə replika atıb: “Biz burada sabitlikdən, tərəfdaşlıqdan danışırıq, amma Azərbaycan tərəfi bizi işğalçı adlandırır. Bu sabitliyə xidmət etmir. Biz sabitlik istəyirik, müharibə istəmirik”.
Onun ardınca söz alan Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev Ermənistan nümayəndə heyətinin rəhbərindən riyakarlığa son qoymağı tələb edib: “Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən. Hansı sabitlikdən danışırsınız ki, 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal etmisiniz və hələ də bunu davam etdirirsiniz. Bu, sabitliyə xidmət edir? Mən yenə təkrar edirəm ki, Ermənistanın siyasi iradəsi yoxdur. 1999-cu ildə parlamentdəki ictimai edamdan sonra siz ermənilərdə Rusiya kəşfiyyatından heyvani qorxu var”.
Q.Həsənquliyev NATO PA rəsmilərinə də irad tutub: “Mən Azərbaycanın avroməkana inteqrasiyasının qatı tərəfdarı olmuşam. Amma son vaxtlar fikrimdə dəyişikliklər var. Buna səbəb Qərbin Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə qarşı susqunluğu, hərəkətsizliyi olub. Mən dövlətimə müraciət etmişəm ki, Azərbaycan artıq bu məsələdə Rusiya ilə danışıqlar aparıb dil tapmalıdır”.
Q.Həsənquliyevin ardınca söz alan Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan bildirib: “Siz Ermənistanı heyvani qorxaq adlandırırsınız. Buna cavab olaraq deyim ki, Ermənistanın siyasi və iqtisadi cəhətdən bu zəifliyinə səbəb Azərbaycan tərəfdən blokadaya düşməsidir”. Daha sonra kobud formada çıxış etmək istəyən erməni deputata aparıcı tərəfindən imkan verilməyib. Ona mövzu üzrə danışmaq tövsiyə olunub.

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK