E.Qasımov qeyd edib ki, gənclərin ixtisas seçiminə onların tanışları, dostları, eləcə də qohumları təsir edir. "İxtisas seçimində digərlərinin məsləhətlərinə qulaq asmaq lazımdır. Lakin ən əsası ixtisas seçənin öz fikridir".
Onun dediyinə görə, düzgün ixtisas seçmək üçün ilk növbədə istək və bacarıq nəzərə alınmalıdır. "Ola bilsin ki, istədiyiniz işin öhdəsindən gələ bilməyəcəksiz. Bu səbəbdən də ixtisas seçmək istəyən şəxs məktəbdə oxuyarkən sevdiyi və asan qavradığı dərsləri yadına salmalıdır. Bundan başqa, onun hobbisi, asudə vaxtlarında sevdiyi məşğuliyyətlər də nəzərə alınmalıdır. Çünki sevmədiyi bir peşəyə yiyələnmək onun gələcəkdə uğursuz və tənbəl işçi kimi yetişməsinə şərait yaradacaq".
Müsahibimiz bildirib ki, əmək bazarının öyrənilməsi də ixtisas seçimində əsas amillərdən biridir. "Ola bilsin ki, sizin seçdiyiniz ixtisasa tələbat olmasın və siz işsiz qala bilərsiz, - deyən menecerin sözlərinə görə, əmək bazarını bir neçə üsulla öyrənmək olar. - Məsələn, tanışlarınızdan eşitdiklərinizi xatırlayın. Hansı sahələrdə işçi tələb olunur. Yol gedərkən ətrafa nəzər salın. Ola bilsin ki, "İşçi tələb olunur" elanlarına rast gələsiniz. Elan qəzetlərindən maraqlanın. Belə qəzetlərdə çoxlu sayda bu tipli elanlar yerləşdirilir. İşədüzəltmə agentliklərinə də müraciət etmək olar. Lakin bu gün ən aktual yol saytlardır. Burada alacağın maaş və öhdəliklərin barədə məlumat da göstərilir. Bu məlumatları nəzərə alaraq hansı növ peşələrə tələbatın olduğunu aydınlaşdırmaq olar". Menecer əlavə edib ki, bu gün kompüter proqramlarını yaxşı bilən kadrlara ehtiyac daha çoxdur.
Həmsöhbətim qeyd edib ki, peşə seçərkən iş şəraiti və yerinə yetirəcəyin öhdəliklər də vacib sayılır. "Müəyyən edin ki, sizə oturaq həyat münasibdir, yoxsa ofisdə işləmək istəyirsiz. İş seçərkən komplekslər də rol oynayır. Əgər utancaqsızsa, ictimai çıxışlar, yeni tanışlıqlar və ünsiyyət qurmaq tələb edən işin öhdəsindən çətinliklə gələ bilərsiz. Ünsiyyətcil, sərbəst adamlara isə daha çox təşkilatçılıqla bağlı işlər münasib gəlir. Belə adamlar ünsiyyəti, yeni adamlarla əlaqə qurmağı, danışıqlar aparmağı tələb edən işlərdə həvəslə işləyirlər".
Onun dediyinə görə, çox vaxt ixtisas seçərkən bir sıra səhvlər buraxırlır. "Bunlardan biri işin mahiyyətini dərk etməməklə bağlıdır. Bəziləri öz bacarıqlarını nəzərə almayaraq yalnız dəbdə olan işləri seçirlər. Bu isə düzgün deyil. Belə ki, uyğun olmayan işin öhdəsindən gəlmək çətindir".