Metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında gün eynəklərinin satışı ilə məşğul olan Firuz Qurbanovun sözlərinə görə, istər mağaza, istərsə də küçədə satılan eynəklər eyni keyfiyyətə malikdir. "Fərq yalnız qiymətdədir. Sadəcə, mağazalarda, xüsusilə də mərkəzdə yerləşənlərdə icarə pulu baha olduğundan eynəklərin də qiyməti bahadır, - deyən F.Qurbanov açıq satışda eynəklərin qiymətinin 5 manatdan 15 manata qədər olduğunu bildirib. - Bəzən gözlükləri plastmasdan olan 1-3 manata olan eynəklər də satılır ki, onlar görmə qabiliyyətinə ziyandır".Şəhərin mərkəzindəki optik mağazanın satıcısı Elnarə Xudiyeva isə bunun əksini düşünür. "Əlbəttə ki, küçədə satılanlarla optik mağazalarda satılan eynəklər eyni deyil. Fərq keyfiyyətdə, eynəklərin dizaynında özünü göstərir. Bizdə satılan eynəklərin keyfiyyətini təsdiq edən pasportu və sertifikatı da var. Bunlar verilmədən eynək almaq məsləhət deyil. Orijinal gün eynəyinin pasportunda eynəyin gün və ultrabənövşəyi şüalardan neçə faiz qoruduğu göstərilməlidir. Pasportda qar, yağış və küləkdən də gözlərinizi qoruduğu barədə məlumat verilir".
E.Xudiyevanın dediyinə görə, mağazada müvafiq avadanlıqlarla təchiz olunan ayrıca kabinetdə alıcılar oftalmoloq tərəfindən müayinə olunurlar: "Müştərilərimiz oftalmoloqun məsləhəti ilə gün və optik eynəkləri alırlar. Belə ki, alıcının özünün də xəbəri olmadan görmə qabiliyyəti ilə bağlı müxtəlif xəstəlikləri ola bilər ki, seçim zamanı bunlar mütləq nəzərə alınmalıdır".
Eynəklərin müxtəlif kateqoriyaya aid olduğunu deyən satıcı, 4-cü kateqoriyaya aid gün eynəklərinin gözə çox ziyan olduğunu vurğulayıb. "Oftalmoloqlar belə eynəklərin satışına icazə vermirlər. Bunlar şüşələri çox tünd olan eynəklərdir. Əsasən də maşın sürən zaman bu eynəklərin istifadəsi təhlükəlidir. Belə gün eynəklərinin şüşələrinin rəngi qaynaq zamanı taxılan eynəklərin rənginə yaxındır", - deyən müsahibim 1-ci kateqoriyaya aid olan gün eynəklərinin şüşələrinin şəffaf, 2-ci kateqoriyaya aid olanların açıq, 3-cü kateqoriyaya aid olanların nisbətən tünd rəngdə olduğunu qeyd edib. Onun sözlərinə görə, əsasən yaşıl, boz, qəhvəyi rəngli şüşələr sakitləşdirici təsirə malikdir.
Dediyinə görə, saxta gün eynəkləri insan orqanizminə zərərlidir. "Orijinal gün eynəklərinin üstündə və ya sol qolunda müvafiq firmanın adı yazılmalıdır. Polarizəli eynəkləri alarkən isə eynəklər xüsusi testdən keçirilməlidir. Bu test zamanı siz almaq istədiyiniz gün eynəyini taxıb test üçün nəzərdə tutulan şəklə baxırsınız. Misal üçün, şəkildə iki ağac və ağacların arasından uzanan yol təsvir olunub. Siz eynəyi taxanda yolda maşın peyda olur, çıxaranda itir. Bu test vasitəsilə gün eynəyinin polarizəli olduğunu öyrənmək olur".
Polarizəli gün eynəklərinə əsasən maşın sürənlərin üstünlük verdiyini deyən həmsöhbətim nəzərə çatdırıb ki, bu eynəklər maşının qabaq şüşəsindəki gözlə görünməyən ləkələri də göstərir. "Polarizəli eynəklərdə suyun dibi də görünür. Bu eynəklər günəşin ultrabənövşəyi şüalarından da qoruyur".
Onun dediyinə görə, linzadan istifadə edənlər mütləq gün eynəyi taxmalıdırlar. "Əsasən də yay aylarında linza tez-tez quruyur və gün eynəklərindən istifadə gözlərə rahatlıq gətirir. Ümumiyyətlə, eynək alarkən fikir verin ki, kənarlardan üzünüzə kip yapışsın, əks təqdirdə gün şüaları eynəyin şüşələrinin kənarlarından daxil olacaq".
Satıcı gün eynəklərinin hər iki ildən bir dəyişdirilməsini məsləhət görür: "Belə ki, 2 ildən sonra gün eynəklərinin qoruyucu səviyyəsi aşağı düşür. Eynəyi öz dəsmalı və sprey vasitəsi ilə silmək lazımdır. Gün eynəklərinin saxlanma qaydasına gəlincə isə eynəklər mütləq öz dəsmalına bükülmüş halda qabının içində saxlanılmalıdır".
"28 May" metrosunun yeraltı keçidində eynəklərin satışı ilə məşğul olanSamir Kərimov satışda olan gün eynəklərinin eyni yerlərdən gətirildiyini deyir. "Satışdakı eynəklər Türkiyə, Dubay və Çindən gətirilənlərdir. Çindən gətirilənləri 5-15 manata, Türkiyə və Dubaydan gətirdiklərimizi isə 25-30 manatdan yuxarı qiymətə satıram. Ucuz eynəkləri ümumi sertifikat altında gətirsək də, bahalıların ayrıca sertifikatları var. Məndə satışda olan ən bahalı eynək 80 manata Dubaydan gətirilən eynəkdir. Onu da qeyd edim ki, burada satılan eyni firmadan olan eynəklər şəhərin mərkəzi mağazalarında daha baha satılır".