Qadin.NET / İllərin izini üzümüzdən silirik

İllərin izini üzümüzdən silirik

 

Vizajist: "Üz dərisi üçün idmanın fəsadları yoxdur".Üz dərisi çox həssasdır. İllərin qoyduğu iz üz dərisində daha qabarıq əks olunur. Çox vaxt üz dərisinin təravətini qaytarmaq üçün əməliyyatlar, müxtəlif avadanlıqlar və iynələrin köməyi ilə prosedurlar edirlər. Lakin mütəxəssislər bildirirlər ki, əməliyyatsız da üz dərisinin təravətini qaytarmaq olar. Bunun üçün üz dərisi üçün xüsusi idman növləri nəzərdə tutulub.Vizajist Lamiyə Tağıyevanın sözlərinə görə, üz dərisinin hamar və təravətli olması üçün üz cizgilərini məşq elətdirmək lazımdır. "Əməliyyatların, botoks və silikonların fəsadları olsa da, üz dərisi üçün idmanın fəsadları yoxdur. Belə idmanın təhlükəsiz olması ilə yanaşı, dəriyə xeyri var. Lakin bu idman növü müntəzəm tətbiq edilməlidir".Tağıyeva bildirib ki, ünsiyyət zamanı insanlar ilk növbədə üzə və üz cizgilərinə fikir verirlər. "Hər an sifətin mimikası dəyişir. Biz gülür, ağlayır, sevinir, kədərlənir və ya fikrə gedirik. Bunun da nəticəsində üzün əzələləri bəzən fəal hərəkətdə, bəzən də durğunluqda olur. Əzələlərin fəal və ya durğun olması bərabər şəkildə baş vermir. Hətta insan yatanda belə əzələlər tam istirahət etmir. Bu vaxt dodaq, göz, burun əzələləri tez-tez hərəkətdə olur".Həmsöhbətimizin dediyinə görə, məhz əzələlərin belə qeyri-sabit hərəkətləri qırışların yaranmasına gətirib çıxarır. Misal üçün, gülərkən yanaqda büküşlər yaranır. Tədricən onlar qırış şəklində qalır. Vaxt keçdikcə üzün çevrəsi dəyişir, qırışlar yaranır. Bunun qarşısını almaq və ya qocalmanı ləngitmək üçün xüsusi idman hərəkətləri etmək məsləhətdir. Bir aydan sonra üz üçün idmanın nəticəsində üzün çevrəsi hamarlanır, dəri təravətli olur. Bu cür hərəkətlərə hər gün 10-15 dəqiqə vaxt ayırmaq kifayətdir. Gün ərzində bir neçə dəfə bu hərəkətləri etməklə daha gözəl nəticə əldə etmək mümkündür.Vizajist qeyd edib ki, bu qeyri-adi idman növünü ev şəraitində də etmək mümkündür. "Bunun üçün stulda düz əyləşib dərindən nəfəs alın. Tam rahat olmağa, bütün fikirləri özünüzdən uzaqlaşdırmağa çalışın. Əvvəlcə üz üçün hərəkətləri 3 dəfə təkrar edin. Bu hərəkətləri tədricən ona qədər qaldırmaq olar. Bunun üçün burun dəliklərini tam açaraq dərindən nəfəs alın. Nəfəsi əvvəlcə ağzın sağ küncündən, sonra isə sol küncündən buraxın. Daha sonra dərindən nəfəs alıb nəfəsinizi 3-4 saniyəlik saxlayın. Dodaqları büzüb yanağı da şişirdərək nəfəsi buraxın".Onun dediyinə görə, üz üçün edilən bu hərəkətlər üzün vaxtından əvvəl qırışmasının qarşısını alır, mimik qırışların düzəldilməsinə xidmət edir. "Qırışların hamar olması üçün doqadların künclərini əl ilə tutub dodağınızı yumru büzərək nəfəs alın. Hər iki əlinizin barmaqlarının uclarını alına qoyub göz-qaşınızı yuxarı qaldırmağa çalışın. Və ya adsız barmağı gözün içəri küncünə, orta barmağı qaşın mərkəzinə, şəhadət barmağı gözün xarici küncünə qoyub gözlərinizi möhkəm qıymağa çalışın. Başı sinəyə qoyub sola, sonra isə sağa döndərin".Müsahibim çox vaxt cavanlarda da alında, xüsusilə də qaşların arasında qırışların yarandığını deyir. "Alındakı qırışlara qarşı hər iki əlin iç hissəsini saçların kökünə dirəyərək gözlərinizi 6 saniyə yumulu saxlayın. Gözləri yumulu halda bəbəyinizlə dairəvi hərəkətlər edin. Yaş ötdükcə qaşlar aşağıya enir. Bunun qarşısını almaq üçün qaşı şəhadət barmağıyla sıxıb yuxarı qaldırın. 6 saniyə belə vəziyyətdə qalın. Daha sonra ağız ətrafı əzələlərin möhkəmlənməsi üçün şamı üfürən kimi 5 saniyə üfürüb gülümsəyin. Ağızın künclərini sağ və sol əlinizlə tutub yanlara tərəf, sonra da yuxarıya doğru dartın. Dodaqları belə vəziyyətdə bir neçə dəqiqə saxlamaq lazımdır".
Mənbə: Milli.Az
17 iyun 2014
GO BACK