Lakin ailə zorakılığı baş verdiyi halda belə, cəmiyyət ailədə baş verən bu hadisələrə qarışmamağa üstünlük verir. Azərbaycanda bunu dırnaqarası “adət”lər çərçivəsində tuturlar. Ailə zorakılığı zamanı buna adətən qadınlar məruz qalır.
Erkən nikahlar ailə zorakılığının ən ağır formalarından biridir. Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur.
Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə təəssüflə qeyd edir ki, bu günədək erkən nikahlar nə zorakılığın bir forması, nə qızların təhsil hüquqlarının pozulması, nə də qızların sağlamlıq hüquqlarının pozulması, ən başlıcası isə qanunvericiliyin pozulması problemi kimi tədqiq edilib. Erkən nikah dövlətin gender bərabərliyi siyasətinin həyata keçirilməsinə ciddi maneələr yaradır.
Müsahibimizin dediyinə görə, erkən nikah coğrafiyasının genişlənməsi Gəncə və ətraf rayonlarda da özünü kəskinliklə göstərir. Belə ki, 15-18 yaş qruplarında qızların ana olma halları getdikcə artır:
“Bu yaş qrupunda olan qızlar isə nə psixoloji, nə də fizioloji baxımdan ailə qurmağa və ana olmağa hazırdır. Gəncədə və ətraf rayonlarda sorğular zamanı aydın olub ki, qızlar əsasən 8-9-cu siniflərdə təhsildən uzaqlaşdırılaraq, əsasən valideynlərin təhriki ilə erkən nikaha cəlb edilirlər. Övladının taleyi ilə oynayan valideynlər ilk növbədə qanunvericiliyi pozur, övladlarına qarşı zorakılıq göstərmiş olurlar. Beləliklə, valideynlər bu hallarda məsuliyyət daşıyır və övladlarının gələcəkdə üzləşə biləcəkləri hər hansı bədbəxtliyə görə cavabdehdirlər”.
Təəssüflər olsun ki, bu günədək erkən nikahı həyata keçirən bir nəfər də cinayət məsuliyyətinə cəlb edilməyib. Məleykə Əlizadənin fikrincə, cəzasızlıq erkən nikahların kütləvi hal almasına şərait yaradır.
Erkən nikaha cəlb edilən qızların bir çox hüquqları pozulur. Qız təhsildən uzaqlaşır və onun təhsil almaq hüququ pozulur. O, uşaqlıq dünyasından məhrum edilir və onun uşaq hüquqları pozulur, erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur.
Mənbə: Milli.Az