Qadin.NET / Karamel alarkən nələri bilmək vacibdir?

Karamel alarkən nələri bilmək vacibdir?

 

Gündəlik istehlakda geniş istifadə etdiyimiz karamel konfetin çox yayılan növlərindən biridir. Bu qida rasionumuzda xüsusi çəkiyə malikdir. Bu məhsulların istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi isə vacib məsələlərdəndir. Heç şübhəsiz son illər respublikamızda yeni texnologiyaların tətbiqilə yüksək keyfiyyətli karamellər istehsal olunmaqdadır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti karamellərin istehlakı zamanı bir sıra zəruri məsələləri vətəndaşların diqqətinə çatdırır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, karamel məhsullarını alarkən məhz bu amillərə diqqət yetirmək lazımdır.

Qeyd edək ki, təsnifata görə, karamellər iki qrupa, içlikli karamellər və içliksiz karamellərə bölünür. İçlikli karamellərin meyvəli, likörlü, südlü, şəkərli, qozlu, nanəli və s. kimi növləri vardır. Ümumiyyətlə, içlikli karamellər 300-dən çox çeşiddə buraxılır. İçliksiz karamel isə nabatşəkilli karamel adlanır. Bu növ məhsul yalnız karamel kütləsindən ibarət olur və otuzdan çox çeşiddə buraxılır. Onun monpası, barbaris, nanəli və digər növləri var.
Karamel istehsalında əsas xammal kimi şəkər və patkadan, əlavə xammal kimi isə müxtəlif meyvə-giləmeyvələrdən, süd, şokalad, kakao tozu, üzvi turşular, boya və ətirverici maddələrdən və s. istifadə edilir.
Karamel istehsalı karamel şərbəti və karamel kütləsinin bişirilməsi, içliklərin hazırlanması, karamelin formalanması, doğranması, çəkilib-bükülməsi və qablaşdırılması mərhələlərindən keçir. Karamel istehsalı qida sənayesinin mühüm istiqamətlərindən biridir.
Tərkibində reduksiyaedici maddələrin miqdarı 23%-dən çox olduqda, saxlanılma zamanı karamel nəm çəkir və keyfiyyəti aşağı düşür. Karamelin orqanoleptiki göstəricilərindən üzərinin vəziyyəti, forması, rəngi, dadı və ətri, içliyin konsistensiyası, fiziki-kimyəvi göstəricilərindən isə içliyin nəmliyi, karamel kütləsində reduksiyaedici maddələrin miqdarı, turşuluğu, içliyin faizlə miqdarı təyin edilir.
Karamelin forması düz olmalı, deformasiyaya uğramamalıdır. Xarici görünüşü gözəl olmalıdır. Rəngi bu məhsula uyğun olmalı, ləkəyə rast gəlinməməlidir. Dadı, qoxusu aydın bilinməli, kənar dad və qoxu verməməlidir. Toksik elementlərin tərkibi qəbul edilmiş normalardan artıq olmamalıdır.
Karamel kütləsində 3-4%-ə qədər nəmlik və 22-23%-ə qədər reduksiyaedici şəkərlər ola bilər. Şirələnmiş karameldə şirənin miqdarı ən azı 22% olmalıdır.
Karamel məmulatının müxtəlif çeşidlərini müxtəlif kütlələrdə qutulara və yeşiklərə qablaşdırırlar. Taraların üzəri markalanır. Markalanarkən üzərində əmtəə nişanı, istehsalçının adı, ünvanı, karamelin adı, xalis çəkisi, istehsal tarixi, standartı, məhsulun qida və enerji dəyərini əks etdirən məlumat öz əksini tapmalıdır. Bunlardan əlavə diabet xəstələr üçün nəzərdə tutulan karamellər də vardır. Onların üzərində həkimin təyinatına əsasən qəbul edilir sözləri yazılır.
Karamel məmulatı quru, təmiz, yaxşı havalandırma şəraiti olan, temperaturu 18ºC-dən və nisbi rütubəti 75%-dən artıq olmayan yerlərdə saxlanmalıdır. Quş südlü, fiqurlu karamelləri 15 gün, bükülü halda buraxılan nabat, meyvə-giləmeyvə, bal, pomadka və çalma içlikli karamelləri 6 ay, su buxarı buraxmayan qablaşdırıcı materialdan istifadə etdikdə isə 12-18 ay saxlamaq olar.Əzilmiş, üzərində çat olan, yanmış qənd tamı verən karamelin satışı qadağandır. İstehlakçı olaraq ticarət şəbəkəsindən karamel məmulatı alarkən qeyd olunanlara diqqət edin. Xüsusilə onun saxlanma şəraitinə və müddətinə, markalanmasına, orqanoleptiki göstəricilərinə fikir verin.

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK