Qadin.NET / Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?

Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?

"Azərbaycanda orta əmək haqqının 436,7 manat olmasına baxmayaraq, fərqli kateqoriya insanlar üçün bu rəqəm dəyişir. Fərqli kateqoriyadan olan insanların mənzil almaq imkanları da fərqlənir. Milli.Az xəbər verir ki, bu barədə "Exo" qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, cəmiyyətdə ən az mənzil almaq şansı olanlar müəllim və həkimlərdir. "Müəllim və həkimlərin orta əmək haqqı 170 manatdır və illik qazancları 2 min manat təşkil edir. Əgər bu kateqoriya insanların başqa gəlir mənbələri yoxdursa, onlar dəyəri 60 min manat olan bir otaqlı mənzil almaq üçün öz qazanclarını heç nəyə xərcləmədən 30 il toplamalıdırlar. Qiyməti 100 min olan iki otaqlı mənzil almaq üçün isə 50 il pul toplamalıdırlar", - o əlavə edib. Ekspert deyib ki, aylıq əməkhaqları 1,5 min manat olan vətəndaşların mənzil almaq imkanları daha yüksəkdir. Misal üçün, onların 60 minlik ev almaları üçün 3,3 il pul toplamaqları kifayət edir. Onlar şəhərin mərkəzində ev almaq üçün isə 12 il pul toplamalıdırlar. Əməkhaqları yüksək olan insanlarla müqayisədə həkim və müəllimlərin mənzil almaq şansları sıfıra bərabərdir. Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev isə deyib ki, vətəndaşların xərcləri əmək haqlarının yalnız üçdə bir hissəsini toplamağa imkan verir. Onun sözlərinə görə, Bakıda bir otaqlı mənzilin orta qiyməti 60 min manatdır. Aylıq qazancı 600 manat olan şəxs isə yalnız 200 manatı yığa bilər. Belə olan təqdirdə, aylıq qazancı 600 manat olan şəxsin ev almağa pul toplamağı üçün 25 il vaxt tələb olunur. Bu da ölkədə inflyasiyanın olmayacağı təqdirdə mümkün ola bilər.Vətəndaşın qazancı nə qədər çoxdursa, xərcləri də bir o qədər çox olur. Əməkhaqqı 1500 manat olan şəxs ayda 750 manat və ya ildə 9000 manat toplaya bilir. 60 min manatlıq ev almaq üçün həmin şəxs 6,6 il pul toplamalıdır. 

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK