Azərbaycanda avtomobillərdə yaradılmış yeni qaydalar bəzi sürücülərdə çaşqınlıq yaradıb Onlar aldıqları yeni avtomobillərinin nə vaxt və yaxud da neçə ildən bir texniki baxışdan keçirəcəklərini bilmirlər. Həmin sürücülərdən biri də Milli.Az-a məktub ünvanlayaraq öz BMW-sinin nə vaxt texniki baxışdan keçirilməli olduğunu öyrənmək istəyib.Məktubu olduğu kimi sizə təqdim edirik: "Mənim avtomobilim 2008-ci il buraxılış BMW-dir. Mən bilmək istəyərdim texniki baxışdan nə vaxt keçməliyəm. Sonuncu dəfə texniki baxışdan 2013-cü ildə keçmişəm, 2014-də buna ehtiyac varmı?"Redaksiyamıza göndərilən məktubdakı məqamla bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevə sual ünvanladıq. O, Milli.Az-a açıqlamasında adıçəkilən avtomobilin 2008-ci ilə aid olduğu üçün iki ildən bir dəfə texniki baxışdan keçəcəyini vurğulayıb"Əgər həmin maşın 2013-cü ildə texniki baxışdan keçibsə, ona bu il baxışdan keçməyə ehtiyac yoxdu. Həmin şəxs keçən il texniki baxışdan keçibsə, deməli, ona talon verilib, hansı ki orada bildirilir ki, növbəti baxış 2015-ci ildə olunacaq", - polis polkovniki bildirib.
Ceyhun Ələkbərov.
Mənbə: Milli.Az