Qadin.NET / Ərimin arvadları…

Ərimin arvadları…

 

Əlbəttə, sizi bu yazıya çəkib gətirən yuxarıdakı cümlə normal və ürəkaçan vəziyyətdən xəbər verə bilməz. Hətta ən mazoxist qadının dilindən səslənsə belə, bu cümlənin arxasından cəmiyyət üçün xoş olmayan anormal bir durum boylanacaq.
Amma XXI əsrin ilk onilini geridə qoyduğumuz bir vaxtda Keniyada çoxarvadlılığa rəsmi olaraq icazə verilməsi göstərir ki, poliqamiya heç də ötən əsrlərdə qalmış problem deyil.
Poliqamiya Azərbaycanda da var və bizim kişilər buna ciddi əsaslandırmalar da tapıblar. Bəziləri bunu mentalitetimizdən, bəziləri dinimizdən gəldiyini deyirsə, bəziləri sadəcə olaraq kişilərin təbiətcə poliqam olduğunu əsas gətirirlər. Məsələ burasındadır ki, uzun illərdir diletant psixoloqvari-sosioloqtəhər məxluqlar da cəmiyyətin canına bu uydurmanı sırımaqla məşğuldurlar: “Kişilər təbiətcə poliqamdırlar”.
Kişilər təbiətcə poliqamdırmı və ya poliqamiyanın doğal əsası varmı? Buna aydınlıq gətirmək üçün heç olmasa Vikipediyada poliqamiyanın nə demək olduğunu oxumaq lazımdır. Məlum olur ki, poliqamiyanın kişinin təbiətilə, daha dəqiq desək, yaradılışı ilə heç bir əlaqəsi yoxdur. Poliqamiya sadəcə olaraq evliliyin bir növüdür. Tərcüməsi də belədir: çoxevlilik.
Və... başqa faktlara, məlumatlara nəzər salsanız, görəcəksiniz ki, poliqamiya, yəni çoxevlilik yalnız cəmiyyətdəki sosial zərurətdən irəli gəldikdə bunu adət və ya qanun şəklinə salmalı olurlar. Söhbət hansı zərurətdən gedir? Birinci halda, keçmişdən qalma adət-ənənənin zərərsizləşdirilməsi üçün çoxevlilik qanuniləşdirilə və məsələn, islamda olduğu kimi, məhdudlaşdırıla bilər. Bu daha çox geridəqalmış, yeni-yeni inkişaf yoluna qədəm qoymuş, qəbilə ənənələrinin tam sıradan çıxmadığı Afrika ölkələri tipli cəmiyyətlərdə baş verir.
Elə Keniyada da bu qanunun masa üzərinə gətirilib, müzakirə olunması səbəbsiz deyildi. Bu ölkədə müasir dövrdə belə bəzi kişilərin arvadlarının sayı 12-13 ola bilir.
Burada birdən-birə monoqamiyanı bərqərar etmək mümkündürmü?
Əlac qalır ancaq bu adəti qanunləşdirməyə ki, vəhşi afrikalı hər kolun dibində beş-altı cocuğu Allah ümidinə buraxmasın.
Poliqamiyanı zəruri edən daha bir səbəb isə dünyada təbii proses kimi kişilərin azalmasıdır. Üstəlik, XXI əsrdə belə dayanmayan müharibələr kişi defisitinin yaranmasına gətirib çıxarır ki, bu da istər-istəməz çoxarvadlılığın yaranmasına yol açır.
Azərbaycanda Qarabağ savaşından sonra cəmiyətin öz içində yaşayıb, öz içində də həll etdiyi, (amma necə həll etdiyi) problem yarandı. Təvəllüdü 1970-75-ci illər arasında olan oğlanların yarısı müharibədə həlak oldu, yarısı da qaçdı Rusiyaya. Onların yaşıdı olan qızlar isə təbii ki, ata evində qarıdılar. Bu isə bir çox fəsadlarla yanaşı, gizli nikahların və ya nikahdankənar evliliklərin, bir sözlə, poliqamiyanın artmasına səbəb oldu. Həmin illərdə cəmiyyətdə pozğunluq da artsa da, poliqamiyanı qanun halına salmaqdan danışmaq belə mümkün deyildi.
Əvəzində yuxarıda dediyim kimi, cəmiyyət çıxış yollarından biri kimi qız övladlarından imtina etməyə, onları abort elətdirməyə üstünlük verdi.Niyə? Ona görə ki, kimin nə deməyindən asılı olmayaraq, poliqamiya Azərbaycan əhalisi üçün tarixən xarakterik cəhət olmayıb. Bu hal ayrı-ayrı dövrlərdə artsa da, cəmiyyət tərəfindən adi qarşılanmayıb. Bizim cəmiyyətdə heç bir dövrdə qadının mövqeyi tam zəifləməyib.
Yuxarıdakı faktlara əsaslansaq, poliqamiya, hətta belə demək mümkünsə, siyasi əsaslara söykənən hadisədir, nəinki kişilərin anadangəlmə keyfiyyətləri.
Qaldı ki, bəzi psixoloqların Freydin gicbəsər təliminə əsaslanan “ana-nənə” (kişilərin uşaqlıqda ana və nənə qayğısı ilə əhatə olunması) ikiqadınlılıq nəzəriyyəsinə, bu nəzəriyyəni bir cümlə ilə darmadağın etmək olar: bəs qadınlar uşaqlıqdan ata və baba qayğısı görmürlərmi?
Elə poliqamiyanın kişilərin doğal xüsusiyyəti olması barədə fikirləri də məhz qadınlar üzərində aparılan təcrübələr əsasında dağıtmaq olar. Qadınlar monoqamdırmı? Əvvəlcə bu sualın cavabını tapaq.
Bununçün heç də adları populyar olan psixoloqların əzbərləmələrinə müraciət etməmişəm. Dərd dinləməkdə, sirr bölüşməkdə, məsləhət verməkdə biz jurnalistlər özündən deyən psixoloqları geridə qoyarıq.
Məsələn, həmsöhbət olduğum bir evli qadın deyir ki, iş yoldaşlarından birindən xoşu gəlirmiş.
- Əgər evli olmasaydım və o mənə evlənmək təklif etsəydi, mütləq onunla ailə qurardım.
- Bəs sonra nə oldu?
- Sonra?.. Heç nə, nə olacaqdı ki?
Yəni tərbiyə, psixologiya, şüuraltının əmrləri öz işini görüb. Qadın bu xoşlanmanı başqa bir məcraya yönəltməyi ağlının ucuna belə gətirməyib.
Amma başqa variantlar da var. Məsələn, bir müddət öncə evli ola-ola əri ilə yaşadığı mənzildə ikinci əri ilə də birgə həyat sürən qadının məcarası faş olmadımı? Əri gecə növbəsində olanda ikinci əri onlarda gecələyirmiş. Uşaqlarına pal-paltar alırmış, evin bazarlığını eləyirmiş... Bu bazarlığın sonu necə lazımdır, elə də bitmişdi. İkinci ər poliqam arvadın üçüncü bir kişi ilə sevişməsindən şübhələndiyi üçün başını kəsmişdi! Amma bizim söhbətin məğzi onda deyil. Poliqamiyanın kişilərin doğal xüsusiyyəti olması ilə bağlı fikirlərin puç olduğunu sübut etməkdədir söhbətimizin qayəsi.
Bu da sizə poliqam qadın! Özü də azərbaycanlı. Bəli, sizinlə tamamilə razıyam ki, bu qadın əxlaqsızın yekəsi olub. Amma bir sualım da var: bəs eyni hərəkəti kişi etsəydi, onun adı nə olacaqdı? Poliqammı?
Yəni nə qadın, nə də kişi, anadan poliqam və ya monoqam doğulmur. Bunlar hamısı tərbiyə ilə bağlı məsələlərdir. Qadınlar məhz ona görə monoqam olurlar ki, böyüdükləri mühit, aldıqları tərbiyə onlara başqa cür həyatı aşılamır.
...Poliqamiya heç bir halda xoşbəxt cəmiyyətdən xəbər verə bilməz. Hətta qanunla rəsmiləşdirilmiş olsa belə, yalnız cəmiyyətdəki hansısa arzuolunmaz situasiyanın nəticəsi kimi ortaya çıxa bilər.
Nəinki tərbiyədəki, xarakterdəki naqis cəhətlərdən doğan poliqamiya, hətta ən güclü sevginin nəticəsi olan ikili həyat belə xoşbəxtlik sayıla bilməz. Birincisi daha çox cəmiyyət üçün zərərlidirsə, ikincisi bu üçlüyün bütün tərəfləri üçün eyni dərəcədə ağrılı bir həyatdır. Özünüzü bu cür həyatdan sığortalamaq istəyirsinizsə, kişilərin poliqam olması barədə uydurmanı unudun və sadəcə tərbiyəli olun!
Qızılgül Abdinova
Mənbə: Milli.Az

 

17 iyun 2014
GO BACK