Qadin.NET / Yeni toy "adətləri"

Yeni toy "adətləri"

 

İstanbulda ağlasığmaz toy ənənələri yaranıb

Lüks toyların illik büdcəsi 200 milyon dollardır 
Orucluq ayı girənə qədər Azərbaycanda da toyların ard-arası kəsilmir. Elə həftə olmur ki, evimizə yeni toy dəvətnaməsi gəlməsin. Və dəvətnamə gələn kimi müzakirələr də başlanır: yenə səs-küy, yenə süfrədə keyfiyyətsiz yeməklər olacaq, ev sahibi özünü göstərmək adına hər şeyin şitini çıxaracaq. 
Başqalarını tənqid edə-edə hamı eyni səhvi təkrarlayır. Dar bir dalana girmiş kimi insanlar bir-birini təkrarlamaqda davam edirlər. Və bu müzakirələrin fonunda bir fikir özünü daha çox göstərir: Azərbaycan toylarında gündən-günə yenilik adına yersiz məsrəflər və qonaqları bezdirən yeniliklər edilir. 
Bu günlərdə Türkiyənin “Sabah” qəzeti qardaş ölkədə son illərin toy dəbindəki yeniliklər barədə maraqlı bir yazı dərc edib. Doğrudur, Türkiyədə böyük əksəriyyət “sok və tort”dan ibarət toy ziyafəti təşkil edir. Əgər toy “yeməkli”dirsə, bu zaman da söhbət cəmi bir növ yeməkdən gedir, bu, toy yiyəsinin imkanlı olmasından xəbər verir. 
Amma adına sosyete (yüksək təbəqə) deyilən insanlar üçün toylarda ilginc yeniliklər edilib. “Yeni Müsavat” bunların maraq doğuracağını düşünüb, onu sizlərə təqdim edir. 
Yazıdan məlum olur ki, məşhur İstanbul boğazında yerləşən otellər lüks toy məsələsində bir-biri ilə yarışa girib. Belə ki, həmin toylarda qonaqlara kürü (söhbət gerçək kürüdən gedir), Fransadan özəl şərab və şampanlar servis gətirilir, Afrikadan ekzotik ağaclar gətirib toy məkanını bəzəyirlər. Maraqlıdır ki, Boğazdakı toylara ancaq ölkənin jet sosyetesi meyl etmir, dünyanın məşhur varlıları da ekzotika üçün buraya üz tutur. Bu cür toyların illik büdcəsi 200 milyon dollardır. Belə baxanda böyük rəqəm təsiri bağışlayır. Amma bir neçə il öncə dünyanın ən varlı adamlarından biri sayılan Laksmi Mittalın qardaşı oğluna İstanbulda 3 gün, 3 gecə davam edən 2.5 milyon avroluq toy ziyafəti təşkil etdiyini eşidəndə təəccüblənmirsən. Ya da neft kralı Halid Əl Rzanın qızı Amira ilə Mohammed Zaidin Dolmabaxça Sarayında baş tutan toyunun 20 milyon avroya başa gəldiyini unutmasaq, rəqəmlər normaldır. 
Yaxşı, bəs 2014 modeli lüks toylarda nələr servis edilir, hansı konseptlərdən istifadə edilir, nə qədər lüksə qaçılır? Lüks İstanbul toylarındakı detallara nəzər salaq. 
Üç gün, üç gecə davam edir 
Lüks toylardakı son dəb mərasimin üç gün, üç gecə davam etməsidir. Bu dəbi ərəblər başlayıb, qısa müddət sonra avropalılar və ruslar da onu tətbiq etməyə başladılar. Üç gün davam edən toyların bir gecəsinə mütləq ərəb ab-havası hakim olur. Meydana rəqqasələr çıxarılır, qonaqlara kabab və qəlyan təqdim edilir. Qəlyanlar da sıradan olmur: şampanlı, araqlı qəlyanlardan söhbət gedir. Bunun üçün əsasən Azərbaycandan tütün gətirdilir. Məkan başdan-ayağa dekorasiya edilir, ipək pərdələr, yumşaq divanlar və yerlərə bahalı İran xalçaları sərilir. Osmanlı gecəsi məzmunlu toylar da Sait Halim Paşa kimi lüks məkanlarda baş tutur. Təkcə yeməyə 150 min dollar xərclənir. Üç günü az hesab edib, bunu dörd gün, dörd gecəyə çıxaranlar da yox deyil. Bu günlərdə hindli ailə Bhatialar İstanbulda ailə qurub və şəhərə dörd konteyner dolusu toy əşyaları və 80 nəfərlik toy heyəti gətirib. 
Yeni dəb - kəpənək... 
Toyda gəlinlə bəy “hə” deyəndən sonra minlərlə kəpənəyin göyə uçuşduğunu təsəvvür edin. Bəli, kəpənəkdən istifadə etmək varlı toylarındakı son dəbdir. Əlbəttə, bu kəpənəklərin qorunması çox da asan deyil. Deşiyi açılmış qutulara yerləşdirilən kəpənəklər müəyyən hava temperaturunda saxlanılır. Nikah baş tutduğu zaman isə sarayın işçiləri tərəfindən havaya buraxılır. Məhz bu şou üçün xaricdən kəpənəkləri təyyarə ilə gətirdənlər olur.
“Hadisə yeri”nə şarla, atla gələn cütlüklər... 
Bir müddət dəniz kənarında keçirilən toylarda cütlüklər “hadisə yeri”nə gəmi və ya bəzəkli qayıqla yaxınlaşırdı. İndi bu dəbin yerini hava gəmisi (şarla tur) əvəz edir. Boğazın üstündə şarla bir tur atan cütlüklər ziyafət yerinə məhz bundan sonra gəlmək istəyirlər. Bundan başqa, məşhur Çırağan Sarayında keçiriləcək toya atla gəlmək istəyənlər də olur. Yaşıllıqda, açıq havada, çəmənlik tipli məkanlarda toy keçirən gəlinlər də qonaqların yanına ağ atla gəlmək istəyir. 
Podnosda puro, boşqabda kürü 
Servis, musiqi, dekorasiya, əyləncə qədər, əlbəttə ki, təqdimat da vacibdir. Beluqa markalı kürü lüks toylar üçün vazkeçilməz atribut sayılır. Ruslar qonaqlara podnosda puro verməyi də yaddan çıxarmır. Şampan, bahalı araq, qızılı rəngdə tortlar, dünyanın müxtəlif yerlərindən gətirilən balıq növləri və dünyanın ən bahalı bifşteksi olan Kobe inəyi də lüks toy süfrələrindən əskik olmur. Şərablar isə əsasən Fransadan özəl kəndlərdən gətirilir. Təyyarə ilə gətirilən şərablar üçün özəl bir anbar kirayələyənlər də olur. Məsələn, Four Seasons adlı lüks məkanda adambaşına menyu 130-170 avrodan başlanır və ağlasığmaz həddə qədər artır. 
Bəylə gəlinə helikopter, xadimə xidməti... 
Ən aşağı büdcəli toylar 1 milyon dollardan ibarətdir. Toy təşkilatı ilə məşğul olan firmalar bir-birindən fərqli xidmətlər təqdim edir. Çırağan Sarayının təqdim etdiyi xidmətlər sırasında gəlinlə bəyin yaxın dostlarını mini bir kokteylə qonaq edəcəkləri bal ayı otağı, gözlənilməyən hava dəyişikliyinə görə nəzərdə tutulan üstü bağlı bir salon, tıxac problemi üçün helikopter, qayıq və ya limuzin kimi xidmətləri də yaddan çıxarmaq olmaz. Lüks otellərin təqdim etdiyi daha bir xidmət isə bəylə gəlinə padşah saraylarında olduğu kimi xadim və xadimənin ayrılmasıdır. Gəlin dodaq boyasını təzələyəcək? Yoxsa ayaqqabısını dəyişəcək? Dərhal xadiməsi ona yardım edir. Bəyi tər-su apardı? Bu zaman da ona yardım edən şəxs kişi köməkçidir.
3G formatlı dəvətnamələr 
Toylarda dəvətnamələr də çox həssaslıqla seçilir. Məlum olur ki, son illərin ən ağlasığmaz dəvətnamələri 3G formatlı olanlardır. Bundan başqa, tül, ipək və kağızdan hazırlanan, özəl bir klyoka qoyulan dəvətnamələr də diqqət çəkir. Osmanlı məzmunlu dəvətnamələr də yenə bu cür toylarda çox istifadə edilir. Dəvətnamə qiymətləri isə 3 manatdan 40 manata qədər dəyişir. Ən bahalı dəvətnamələr bahalı taxtadan hazırlanmış qutunun içində olur və özəl dizaynı ilə diqqət çəkir.
Qara gəlin paltarı dəbdədir 
Gəlin paltarı və toydakı tortla bağlı seçimlər də əvvəlki kimi deyil. İndi qara, boz rəngdə gəlin paltarı tərcih edənlər çoxalıb.Bu seçimə daha çox ruslar, ərəblər üstünlük verir. Onların batil inancları türklərdən daha zəifdir. Yeri gəlmişkən, ruslar, ərəblər və türklər əsasən Osmanlı saraylarındakı kimi toyları tərcih edir. Avropalılar isə bu məsələdə daha cəsurdular. Onlar toy salonunu sevdikləri filimdən, serialdan ilhamlanaraq setə çevirir, toyda həmin filmin, serialın ab-havasını yaradırlar. 
Kabare şoulu toy - 300 nəfərlik toy 1 milyon dollara başa gəlir 
Sizə ağlasığmaz gələ bilər, amma Fransada 1889-cu ildə açılan bir kabare şounu öz toyunda təkrarlatmaq istəyən cütlüklər var. “Moulin Rouge” şousu 10 ildir toyların ən vazkeçilməzi, Türkiyədə isə iki ildir ki, populyardır. Bu tip toy üçün bir çox cütlüklər dekorasiya əşyalarını Parisdən gətirir. Toy məkanı tünd qırmızı və tünd qara rənglərə bürünür. Yeni ildə istifadə edilən ağ işıqlarla da kontrast bir atmosfer yaradılır. Səhnədə qırmızı pərdələr asılır və stolların üzərinə ağ tüklər səpilir. Qonaqlardan da xahiş edilir ki, bu kabarenin mövzusuna uyğun geyinsinlər. Hətta fərqli geyinənlər qapıdan geri qaytarılır. Bu cür toylarda əsasən xaricdən rəqqas və kabare qızları gətirdilir. 300 nəfərlik toyun qiyməti 400 min dollardan başlanır və bir milyon dollara qədər artır. 
Təbiət toyu - toy tortu da ağac formasındadır
Təbiətə qayıdış son iki ildir toylarda tərcih edilən bir başqa seçimdir. Bu cür toylarda yeməklərin verildiyi boşqablardan tutmuş, stullara qədər hər şeydə təbii məhsullar, parketdən istifadə edilir. Hətta toy tortu təbiət və ya ağac görünüşündə olur. Təqdimat da dekorasiya kimi təbii olur. Əsasən İngiltərədən və Amerikadan gətirilən təbii məhsullarla bir menyu hazırlanır. Fransadan gətirilən şərablar isə üstü açıq məkanda, fərqli yerlərdə yerləşdirilir. 
“Game of Thrones” adlı oyun toy salonlarını da ələ keçirib. Fantastik bir atmosferdə evlənmək istəyənlər bu məlum oyunu toy salonuna gətirirlər. Bu zaman hər şey cütlüyün fantaziyasından asılı olur. Şamlar, qılınclar və yaşıllıqlar bu dekorasiyanın ən vacib hissəsidir. Əsasən cütlüklər tortu qılıncla kəsirlər. Bəzi cütlüklər makiaj olaraq üzlərini ağappaq etməyə üstünlük verir. 
Bizim 50 min manatlıq toylar - əksəriyyət narazı, restoran sahibi razı... 
Qiymətlərə baxıb bir çox həmyerlimiz dodaq büzə bilər: elə bizdə də toylar ucuz başa gəlmir ki... Minimal menyu 30 manatdan olan şadlıq saraylarında 300-400 nəfərin qonaq edildiyini nəzərə alsaq, 9-12 manatlıq yemək xərclərindən söhbət getdiyi anlaşılır. Bura müğənni, geyim, şou, maşın.... kimi xərcləri də əlavə edəndə ortada 20-30 min manatın “fırlandığını” görə bilərik. Təbii, biz orta təbəqəli insanların toylarından danışırıq. Yazımızın əsas hədəfi isə İstanbulda lüks toylar keçirənlər idi. Müqayisə edəndə ortada maraqlı fərq görürük: əlbəttə ki, qiymət fərqi yetərincə böyükdür - onlar 1 milyon dollarlıq, biz maksimum 50 minlik toydan danışırıq. Amma onlar pulları sırf estetika, zövq, gözəl xatirələr üçün xərcləyirlər. Daha az qonaqla daha yaddaqalan toy... Biz isə şadlıq sarayı sahibinin cibini doldurmağa. Onların toyundan sonra yaddaşlarda gözəl xatirə, bizdə isə əsəbilik, aldanmışlıq duyğusu, peşmançılıq qalır... Təki həmişə toy olsun... Razıyıq, amma çalışaq ki, şadlıq saraylarında da bizə toy tutmasınlar...

Mənbə: Milli.Az

16 iyun 2014
GO BACK