Meqapolislərin sakinləri kiçik şəhər, qəsəbə və kəndlərdə yaşayanlara nisbətdə daha çox xəstələnirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə nəticəyə Karolina Universitetinin mütəxəssisləri gəliblər. Onlar insanların sağlamlığına ən böyük təhdid kimi şəhərin səs-küyünü göstərirlər. Bu səs piylənmədən tutmuş ürək-damar xəstəliklərinə də səbəb olurmuş. Mütəxəssislərin dediklərinə görə, hətta ana bətnində olan körpələr də səs çirklənməsinə məruz qalırlar. Tədqiqatda iştirak edən yaşlı insanlarda isə belə bir mütənasiblik müşahidə olunub: səs təsirinin hər 10 desibel artması ilə belin ölçüsü də 1 sm artıb. Bu onunla izah olunur ki, səs-küy stress hormonlarının, xüsusilə kortizolun yaranmasına səbəb olur, bu da öz növbəsində beldə piy hüceyrələrinin artmasına gətirib çıxarır. Visseral (daxili) piyin artması isə ürək tutmalarına səbəb ola bilər.Bununla paralel Utrext Universitetinin alimləri yeni doğulmuş 68000 körpə üzərində tədqiqat aparıblar. Məlum olub ki, yoldan gələn səsin 6 desibel artıq olması uşaq doğulan anda onun çəkisini 15-23 q azaldır. Uşağın çəkisinin azalma riski isə inkişafdan qalma və müxtəlif xəstəliklərin (hipertoniya, şəkərli diabet və s.) yaranmasına səbəb olur.
Mənbə: Milli.Az