Otuz ildən artıqdır ki, orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edən atam təkcə öz savadı ilə deyil, həm də dünyagörüşü ilə mənim üçün bir örnəkdir. Oxuduğum kitablar kimi, ucqar bir kənddə müəllim işləyən atamın verdiyi öyüd-nəsihətlər də həmişə işimə yarayıb. Onun dediyi fikirlərdən birini heç unutmuram: “Oğul, dünyada xoş söz sevməyən insan yoxdur. Harada olursan ol, nə işlə məşğul olursan ol, çalış qarşındakı insanlara həmişə xoş söz de”. İmkan daxilində mən bu məsləhətə həmişə əməl etməyə çalışmışam və faydasını görmüşəm.
Böyüklərimiz, ata-babalarımız bu mövzuda həmişə həssas olublar. Yəqin “can deyib, can eşidin” fikirləri də elə buradan gəlir. Bu fikrin bir mənası da odur ki, insan nə qədər xoş söz desə o qədər xoş söz eşidər, nə qədər acıdil olsa, bir o qədər də acı fikirlər eşidər. Bu məsələ ailədə də çox vacibdir. Yəni ailədə də can dedikcə can eşidərik. Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən “Ailəm” jurnalının redaktoru Aydın Ucal dedi ki, ailədə tərəflərin ən çox “etinasızlıq göstərdikləri” məsələlərdən biri də həyat yoldaşlarının bir-birilərinə yaxşı tərəflərini deməmələri və ya başqa sözlə, həyat yoldaşlarının bir-birilərini “qiymətləndirməmələridir”: “Məsələn, bir dəfə bir qadın: “Əslində həyat yoldaşımın yaxşı tərəfləri çoxdur, ancaq mən bunu heç vaxt onun üzünə demirəm”,-dedi. Səbəbini soruşduq, “Çünki kişiyə üz vermək olmaz, yoxsa, həddini aşar”,-deyə cavab verdi. Təəssüf ki, məsələyə bu cür baxış təkcə qadınlar arasında yox, kişilər arasında da çoxdur.
Digər bir məsələ isə tərəflərin tənqid məsələsində eyni mövqedən çıxış etməmələridir. Bu isə evlilikdə “asayişi pozmaq” və ya başqa sözlə, “münaqişələrin əsasını qoymaq” deməkdir. Bu, həm də, ailədəki mənəvi atmosferə zərbə vurduğu üçün təhlükəlidir”.
“Bir az diqqət yetirmək” kifayətdir
Psixoloq Orxan Orucun sözlərinə görə isə bəziləri həyat yoldaşlarında elə yaxşı bir tərəfin olmadığını düşünə bilərlər: “Ancaq unutmaq olmaz ki, hər insanın özünə görə yaxşı tərəfləri var və bu yaxşı tərəfləri görmək üçün bir az diqqət yetirmək kifayətdir.
Məsələn, bütün vaxtını televizora sərf edən bir kişinin televizora yox, həyat yoldaşına “vaxt ayırması”, əlbəttə ki, təqdirlayiq bir hərəkətdir. Və ya adi bir vaxtda həyat yoldaşı üçün “heç bir hazırlıq görməyən” qadının bir axşam həyat yoldaşını xüsusi bir təntənə ilə qarşılaması, əlbəttə ki, təqdir edilməlidir: “Buna görə də bütün evlilərə öz həyat yoldaşlarındakı müsbət keyfiyyətləri “kəşf etməyi” və kəşf etdikləri bu müsbət keyfiyyətləri həyat yoldaşlarına bildirməyi təklif edirik. Əlbəttə ki, bu keyfiyyətlər həm həyat yoldaşınızın gülərüz olması, həm hər gün uşaqlarına vaxt ayırması, həm də ailəsini “başqa maraqlarından” üstün tutması ola bilər”.
“Güləndə çox gözəl olursan”, “Yaxşı ki, varsan” kimi cümlələr qurmaq heç də çətin deyil”.
Tərəflər arasındakı ünsiyyət artar
Bəs bir-birimizə xoş söz deməyimizin üstünlüyü nədir? “Ailəm” jurnalının redaktorunun sözlərinə görə, hər şeydən əvvəl, “təqdir edilən” tərəfin “təqdir edən” tərəflə bağlı mənfi fikirləri azalar (təbii ki, əgər varsa). Qarşı tərəf özünü daha “dəyərli” hiss edər. “Təqdir edilən” tərəfin “təqdir edən” tərəflə bağlı müsbət fikirləri artar. Ailədaxili dialoqlar şikayət və ya tənqid çərçivəsindən çıxar. Tərəflər arasındakı ünsiyyət artar.
Mənbə: Milli.Az