Qadin.NET / Sabaha xəyanət etməyək

Sabaha xəyanət etməyək

 

Bu kainat insan oğluna ən bərraq, ən gözəl şəkli ilə verilib, həm də pay verilməyib, hədiyyə edilməyib, əmanət verilib. Əmanət digərlərindən fərqli anlayışdır, nə hədiyyədir, nə borcdur. Əmanət odur ki, sənin istifadənə verilir və sən o əmanətlə necə davranırsansa, səninlə də o cür davranılır. Uca Kitabımızda buyurulur ki, çaylar, dənizlər bizim üçün axır, çalxalanır, içindəki balıqlar bizim üçündür, bitkilər bizim üçün meyvə-tərəvəz istehsal edir, inək yeriyən süd fabrikimizdir, Günəş göy üzündə insan üçün işıq saçır, Ay bizim üçün gecələr günəşin aynası olur... Yəni ətrafında gördüyün hər şeyi Allah bizim üçün yaradıb, daha doğrusu, bizim istifadəmizə verib. Yeddi qat yer, yeddi qat göy müəyyən nizam içində hərəkət edir, göy üzündəki müxtəlif cismlər elə düzülüb, elə hərəkət trayektoriyasına tabe tutulub ki, bir-birinin yoluna çıxmır, baş-başa gəlmir. Kainatda hər şey bir tarazlıq prinsipi üzrə tənzimlənib, sanki sapa düzülüb. Bu nizam Allahın qanunudur, cismlər çox yaxınlaşanda bir-birini dəf edirlər, aralananda da cəzb etməyə başlayırlar. Əslində bu münasibət əsl ədalət qanunudur, hər kəsi layiq olduğu məsafədə tutmaq, hər kəsi layiq olduğu qədər sevmək.
Temperaturun anormal dərəcədə yüksəlməsi insan həyatını ciddi risk altına qoyur
Kainatdakı nizamın ən dəqiq və kiçildilmiş variantını insan özündə görə bilər. İnsan bədəninin normal temperaturu 36.7-dir. Bədəndə hərarət bu göstəricidən yuxarı qalxarsa, insan özünü pis hiss eləməyə başlayır və bu əslində orqanizmin hansısa nahiyəsində balansın pozulmasının göstəricisidir. Temperatur əks istiqamətdə cərəyan edərsə, yəni düşərsə, bədəndə daha ağır fəsadlar özünü göstərər. Demək, bir göstərici var ki, sağlamlığı təmsil edir. Eyni mənzərəni təbiətdə də görə bilərik. Yer kürəsinin hər iki qütbü, Arktika və Ankarktika min illər boyunca buzlaqlarla örtülü olub. Həmin tarixi mərhələlərdə planetimizdə temperatur, demək olar ki, sabit olub. Amma son 50-60 ildə planetimizdə mənfiyə doğru müşahidə edilən irəliləmə heç min il ərzində baş verməyib. 14-cü ilini yaşadığımız XXI əsrdə dünyada müşahidə edilən qlobal istiləşmə xeyli sürətlənib, daha doğrusu, temperatur 0,1 dərəcə artıb. Son dövrlərdə sərt iqlim dəyişikliyini daha çox Avropa ölkələrində müşahidə eləmək mümkündür. 2008-ci ilin payız aylarında Şərqi Avropada havanın hərarəti orta illik temperaturdan 10-12 dərəcə yuxarı olub. Heç uzaq getməyək, hazırda Serbiya, Bosniya-Herseqovina sel daşqınlarından ciddi əziyyət çəkməkdədir. Adı-çəkilən coğrafiyada milyondan çox insan müvəqqəti də olsa öz yerini dəyişmək məcburiyyətində qaldı. Daşqınlar nəticəsində şəhərlər, kəndlər xarabazarlığa çevrildi, kənd təsərrüfatına, sənayeyə milyardlarla hesablanan zərər dəydi. Temperaturun anormal dərəcədə yüksəlməsi insan həyatını ciddi risk altına qoyur. Bircə faktı göstərmək kifayətdir ki, temperaturun kəskin yüksəlməsi nəticəsində 2003-cü ilin yayında Fransada 13 minə yaxın insan həyatını itirdi. Ölənlərin hamısı günvurmadan ölmədi, amma həkim rəylərində bu fakt özünü birmənalı şəkildə göstərdi ki, temperaturun bu cür yüksəlməsi bir qayda olaraq, bədəndə ən müxtəlif fəsadları sürətlə yetişdirir və ölümə səbəb ola bilir.
Böyük sənaye ölkələrinin, demək olar ki, hamısı atmosferi çirkləndirməklə məşğuldur
Qlobal istiləşməyə səbəb olan ən mühüm faktorlardan biri atmosferə buraxılan müxtəlif zərərli qazlar, sənaye tullantılarıdır. Bu gün dünyada inkişaf etmiş böyük sənaye ölkələrinin, demək olar ki, hamısı atmosferi çirkləndirməklə məşğuldur. Atmosferin çirklənməsi nəticəsində Günəşdən gələn ultrabənövşəyi şüalar daha aşındırıcı təsir göstərməyə başlayır. Nəticədə ən hündür dağların zirvələrində əsrlərdən bəri qalan buzlaqlarda çatlar, qar uçqunları meydana gəlir və yaxın ərazilərdə su daşqınları müşahidə olunur.
Qlobal istiləşmənin ən təhlükəli nəticəsi özünü Arktikada və Antarktidada göstərməkdədir. Belə ki, Yer kürəsinin bu iki qütbündə buzlaqların əriməsi dünya okeanında suyun səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Yer üzünün üçdə ikisinin su ilə örtülü olduğunu bilirik. Demək, proses bu şəkildə davam edəcəksə, bu göstəricinin daha da artacağı qaçılmaz hala gələcək ki, bu da sahil şəridlərində yerləşən bir çox şəhər və kəndlərin, yaşayış məskənlərinin gələcəkdə real təhlükə ilə üz-üzə qalacağını proqnozlaşdırmağa əsas verir. Yəqin ki, adıçəkilən qütblərdə buz dağlarının qoparaq suya düşdüyünü, okeanlarda üzən böyük buz dağlarının, aysberqlərin görüntülərini siz də ekranlardan izləmisiniz. Bu görüntülər əslində həyəcan təbilidir və dünya o mənzərə qarşısında laqeyd qala bilməz. 
“Təbii fəlakət” ifadəsi təbiətə atılmış “böhtandır”
Biz bir həqiqəti unutmayaq ki, “təbii fəlakət” ifadəsi düzgün deyim deyil, təbiətə atılmış “böhtandır”. Soruşacaqsınız ki, niyə? - Cavab veririk: Əsmək küləyin, daşmaq suyun, yağmaq yağışın, tərpənmək torpağın haqqıdır... Ola bilsin ki, bunların baş verməsində də insanın müəyyən qədər rolu olur, məsələn, zərərli qazların atmosferə buraxılması kimi. Amma bizim üçün ən mühüm olan içində ömür sürdüyümüz bu dünya atmosferinin nizamını pozmadan hər işdə tədbirli davranmaqdır. Əgər dərə kənarında ev tikirsənsə, nə zamansa evinin sel ağzında sovrulub getməsi, suyun günahı deyil, öz əməlinin nəticəsidir. Yaxud da keyfiyyətsiz tikilmiş evin yüngül yer tərpənməsi ilə uçub tökülməsində də əsas günahkar o evi keyfiyyətsiz tikəndədir. 
Dünya elmi “Qırmızı kitab” adı ilə böyük bir fəlakət siyahısı tərtib edib
Yuxarıda dediyimiz kimi, kainat və onun kiçicik parçası və bizim evimiz olan Yer kürəsi bir nizam içində axıb gedir və o nizama müdaxilə bəşərin məzarını qazmaq deməkdir. Alimlər deyirlər ki, son 60 il ərzində Tyan-Şan dağlarındakı buzlaqların təxminən 40 faizi əriyib. Bu faktın nə qədər ciddi həyəcan siqnalı olduğunu təsəvvür edə bilirsinizmi? Üstəlik, onu da unutmayaq ki, yaxınlıqdakı Çinin sənayesi hər il böyük sürətlə inkişaf edir, dünyanın bütün tanınmış markaları ucuz işçi qüvvəsi və enerji əldə etmək üçün burada öz zavod və fabriklərini qururlar. Yəni bu prosesin yaxın zamanlarda qarşısının alınmasını düşünmək sadəlövhlük olardı.İqlim dəyişikliyi nəbatat və heyvanat aləmində ciddi fəsadlarla müşahidə olunur. Statistika göstərir ki, son yarım əsrdə yer üzündə heyvan və bitki növlərinin 30 faizindən çoxu məhv olub gedib. Bunun nəticəsidir ki, hazırda dünya elmi “Qırmızı kitab” adı ilə böyük bir fəlakət siyahısı tərtib edib və nəsli kəsilməkdə olan bitki və heyvanların adı ora daxil edilir. Bir zamanlar yer üzündə geniş yayılmış bəzi heyvan növlərı var ki, hazırda onları barmaqla saymaq olar. O cür heyvanları xüsusi müəssisələrdə saxlayaraq saylarını artırmağa çalışırlar ki, nəsli kəsilməsin. Hər hansı bitkinin və ya heyvan növünün yer üzündən silinməsi ekosistemdə müəyyən çalxalanmaya səbəb olur. Böyük elmi kəşflərə, daxiliyanma mühərriklərinin istehsalına qədər dünyada sənaye inkişaf eləməmişdi, amma təbiətdə saflıq vardı, təmizlik vardı, gözəllik vardı, insan ehtiyacı olan çox şeyi o xəzinədən əldə edə bilirdi. İndi isə elmi-texniki inkişaf insana çox şey verib, amma əvəzində ondan daha böyük sərvəti, təbiətin saflığını, təmizliyini alıb. Ona görə də bu gün dünyanın bir çox ölkələrində insanlar əsəb gərginliyindən, stresdən qurtarmaq, rahat yaşamaq üçün böyük şəhərlərdən qaçır, televizor, telefon kimi texniki nailiyyətlərdən uzaq durmağa çalışırlar. Yer üzü kimsənin sərvəti, malikanəsi deyil. Onu bizə təslim etmişdilər, biz də gələcək nəsillərə verəcəyik. Amma hamımızın ortaq evi olan Yer kürəsinin təmizliyini, gözəlliyini maddi mənfəət üçün xərcləmək bəşərin sabahına xəyanətdir
Mənbə: Milli.Az 

 

14 iyun 2014
GO BACK