Qadin.NET / Azərbaycan ulduzu: bax, aktrisa budur

Azərbaycan ulduzu: bax, aktrisa budur

Uşaqlığından danışmazdı. Hər zaman məğrur görünüşlü bu xanım, bəlkə də, kövrələcəyindən qorxurdu... Ömrünün başlanğıcında həyat üzünə gülməmişdi. 1907-ci ilin 20 mayında Lənkəranda dünyaya göz açan Həqiqət Rzayevanın uşaqlığı məhrumiyyətlər içərisində keçmişdi. O, körpə ikən atası Əli vəfat etdi. Gur, məlahətli səsi, gözəl avazı ilə bütün Lənkəranda həvəskar xanəndə kimi tanınan Əlidən bu dünyada 3 övlad yadıgarı qaldı. Onun sağlığında kasıb yaşayan ailəsinin vəziyyəti Əlidən sonra daha da ağırlaşdı. Üç uşaq - iki oğlan və bir qız anaları Zinyətin ümidinə qaldı. O, dərzilik etməklə balalarını güclə dolandırırdı. Bir müddət sonra Zinyət Kərim adlı bir kişi ilə ailə qurdu. Kərim günəmuzd işləməklə çörəkpulu qazanırdı. Bu evlilkdən Əntiqə adlı qızları olub. Ailələri bir az da böyüdü.Dolanışıqları gündən-günə çətinləşirdi. Bəlkə də yoxsulluğun əlindən baş götürüb Bakıya gəldilər. Burada yaşadılar. 1918-ci ildə yenidən Lənkərana qayıtdılar. O zaman Həqiqətin on bir yaşı var idi. Məktəbə getmirdi. Ailədə bu barədə düşünən də yox idi. Gün-güzəran dərdindəydilər.

Bir gün həyat üzünə güldü. Lənkərana döndükləri bir il olardı. Xəbər yayıldı ki, lənkəranlı Teymur bəy Bayraməlibəyovun qızı Məryəm xanım evində məktəb açır. Lənkəranı ev-ev dolaşan Məryəm xanım qızlarını məktəbə oxumağa göndərmək üçün anaları dilə tuturdu.Zinyət qonşu qadınlarla məslətləşdi, razılığa gəldilər ki, qızlarını Məryəm Bayraməlibəyovanın məktəbinə göndərsinlər.Böyük çətinliklərlə səkkiz-doqquz qızın məktəbə gəlməsinə nail olan Məryəm xanım dərslərə başladı. Bu dəfə də ortaya başqa problemlər çıxdı. Qızların əksəriyyəti kasıb balaları olduqlarından, geyim-kecimləri, məktəb ləvazimatları sarıdan korluq çəkirdilər. Həmin vaxt Lənkəranda kasıb və yetim uşaqlara yardım komitəsi təşkil edildi. Yoxsul, imkansız qızlar komitənin köməyi ilə təhsil almağa başladılar.İki il sonra, 1920-ci ildə Azərbaycanda qurulan Sovet hakimiyyəti Məryəm Bayraməlibəyovanın məktəbi üçün yeni bina verdi. Həmin məktəbi 1923-cü ildə başa vuran Həqiqət Rzayeva Lənkəran Maarif Şöbəsinin göndərişi ilə Bakıya, darülmüəllimatda oxumağa gəldi. Darülmüəllimatı 1926-cı ildə bitirib, müəllimlik diplomu aldı. Amma gözəl səsi onu başqa bir sənətin cığırına salmışdı. Hələ 1920-ci ildə məktəb dərnəyində səhnələşdirilən "Dursunəli və Ballıbadı", "Vətən" tamaşalarında rollar oynayanda arabir muğam parçaları, mahnılar da ifa edirdi. Onun ürəyəyatımlı ifasından təsirlənən lənkəranlı tamaşaçılar: "Atası Əliyə çəkib, onun da belə gözəl səsi var idi", - deyirdilər.Darülmüəllimatda oxuduğu illərdə tamaşalarda iştirak edirdi. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" pyesində Səlimə rolunda çıxış edərkən qəmgin səslə oxuduğu "Laylay" tamaşaçıları kövrəldirdi.O, darülmüəllimatı bitirən il Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurası və Mədən İşçiləri Həmkarlar İttifaqi tərəfindən "Damğa" Teatrı təşkil olundu. Əli Bayramov adına qadınlar klubunun səhnəsindəki uğurlu çıxışından xəbər tutan "Damğa"nın rəhbərləri bir-iki qızla bərabər onu da bu teatra dəvət etdilər.Səhnəyə çıxdığından ailəsi hələ xəbərsiz idi. Elə bilirdilər gecə kursunda dərs deyir. Həqiqət anasından, atalığından, özündən yaşca böyük qardaşlarından çəkinir, hər gün evdən çadrayla çıxırdı. Teatra çatanda isə çadranı başından açaraq içəri girir, məşqlərdə, tamaşalarda iştirak edirdi.
"Damğa" Teatrında rollar oynamaqla bərabər, həm də səhnə sənəti üçün önəmli olan musiqi, plastika dərsləri keçirdi. "Damğa"nın səhnəsinə "Məhərrəmlik"də Ana, "Elm və cəhalət"də Elm rollarıyla çıxdı. Tamaşalarda elə səhnələr var idi ki, orada Həqiqət Rzayeva muğam üstündə oxuyurdu. Onun gur, gözəl səsi dillərə düşmüşdü. Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbərliyi də ifasını dinlədikdən sonra Həqiqət Rzayevanı həmin teatra dəvət etdi. Ancaq əvvəlcə Dövlət Komissiyasının üzvləri onu imtahana çəkdilər. Ayrı-ayrı muğamları oxutdular. Səsinin gözəlliyinə, istedadına əmin olduqdan sonra Opera Teatrında işləməsini lazım bildilər.1927-ci ildə Həqiqət Rzayeva Opera Teatrına gələndə bu teatrın muğam şöbəsində qadın ifaçıların sayı az idi. Onların çoxunun aktrisalıq bacarıqları olsa da, muğam ifaçılıqları güclü deyildi. Həqiqət Rzayeva gözəl səsi ilə Opera Teatrına uğur gətirdi. Çox keçmədi, tanındı, haqqında qəzetlərdə xoş sözlər yazıldı. O zaman səhnəyə çıxan bütün qızlar kimi, Həqiqət Rzayeva da çətin yola üz tutmuşdu. Tənələr eşidə-eşidə səhnəni atıb-getməmək əsl fədakarlıq idi.Opera Teatrında "Şah İsmayıl" opersı yeni quruluşda tamaşaya hazırlanırdı. Rejissor Yusif Yıldız o vaxtadək kişilərin ifa etdiyi qəhrəman Ərəbzəngi rolunu aktrisaya, həm də Opera Teatrının səhnəsində təcrübə qazanmamış aktrisaya tapşıranda çoxları bunu inamsızlıqla qarşıladı. Gənc Həqiqət Rzayevanın belə mürəkkəb rolun öhdəsindən gələ bilməyəcəyini düşünürdülər. Bu rolu oynamaq ifaçıdan yalnız aktyorluq məharəti, güclü səs tələb etmir, həm də Ərəbzənginin döyüş səhnələrinə, qılınc çalmasına, güləşməsinə tamaşaçıları inandırmaq üçün çevik, qüvvətli olmaq lazımdır.Operanın müəllifi Müslüm Maqomayev çox həyəcan keçirirdi. O, tamaşanın rejissorunun, Ərəbzəngi rolunun yeni ifaçısının böyük səylə, inamla hazırlaşdıqlarını görsə də, narahatıydı.Üç ay davam edən gərgin məşqlərdən sonra tərəddüdlər qalırdı. Narahatlıqlar, narazlıqlar mübahisəyə keçdi. Mübahisələr Səmədağa Ağamoğluna da çatdı. Məsələyə o, müdaxilə etdi. Həqiqət Rzayevanın Ərəbzəngi rolunu ifa edəcəyi bundan sonra tamamilə dəqiqləşdi.
Premyera çox gurultulu keçdi. Həqiqət Rzayeva ilk dəfə Ərəbzəngi kimi səhnəyə çıxırdı. Həyəcanlıydı. Ancaq tezliklə oynadığı roldan başqa hər şeyi unutdu. O gün Həqiqət Rzayeva qüvvətli səsi, məharətli ifasıyla tamaşaçıları heyran qoydu.1928-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasında açılan muğam şöbəsinə qəbul olundu. Xanəndələr Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, tarzən Qurban Pirimovdan muğam dərsləri aldı.Həqiqət Rzayeva 1928-1930-cu illərdə həm də Bakı İşçi Teatrında hazırlanan tamaşalarda iştirak etdi. Hələ tələbəlik illərindən Opera Teatrının səhnəsində baş rollarda oynadı. Ərəbzəngidən sonra "Əsli və Kərəm" tamaşasında Əslini ifa etdi. 1929-cu ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasındakı Leyli rolunu ona tapşırdılar. Məcnun rolunun ifaçısı isə böyük aktyor Hüseynqulu Sarabskı oldu.
1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə qurdu. 1928-ci ildə ilk övladları Həsən, 1930-cu ildə oğlanları Azər, ondan on il sonra isə qızları Sədaqət dünyaya gəldi.1939-cu ildə Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyü keçirildi. "Arşın mal alan" operası da göstərildi. Tamaşada belə bir səssiz səhnə var: Telli sənhəyə çıxır, paltarının geniş ətəyini bir tərəfdən belinə keçirib. Suyu çox çətinliklə səhəngə doldurub yavaş-yavaş səhnəni tərk edir. Moskvanın tanınmış tənqidçiləri, sənət adamları "Arşın mal alan"dan yazanda bu səhnəni xüsusi qeyd ediblər.
Sonralar Üzeyir Hacıbəyli Həqiqət Rzayevaya danışıb ki, "Arşın mal alan"da Tellinin lal səhnəsinə baxan Sovet hökumətinin rəhbəri Stalin də deyib: "Bax, budur aktrisa!".Vətənpərvər qadın idi. Həqiqət Rzayevanın oğlu, tanınmış bəstəkar Azər Rzayev anasının Böyük Vətən müharibəsində konsert briqadası ilə ön cəbhəyə getməyindən də danışır. Müharibə illərində tank alınması üçün fonda pul da vermişdi. Qəzetdə çıxış edib digər sənət yoldaşlarını da onun kimi olmağa çağırmışdı.1953-cü ildə Həqiqət Rzayeva sənətdən getməyə qərar verdi. Teatrın direktoru Məhərrəm Haşımov ona "Həqiqət xanım, bəlkə keçib ikinci partiyaları, Leylinin anasını, Məcnunun anasını oynayasınız" deyəndə onun cavabı belə oldu: "Yox, mən özüm səhnədən gedirəm". İşdən getmək barədə ərizə verdi. Azər Rzayev deyir: "Yəqin, başa düşürdü ki, bu yaşda səhnənin nə Ərəbzəngisi ola bilər, nə Əslisi, nə də Leylisi". İstəmədi ki, məcnunu olduğu teatrda ona "Get, get, sən o Leyli deyilsən" desinlər. Əslində, o, Leylinin anasını, Məcnunun anasını oynamışdı. Ancaq onda səhnəyə yeni gəlmişdi, təcrübəsi, şöhrəti yox idi. Həqiqət Rzayeva böyük, əzəmətli rollardan sonra kiçik rollara qayıtmazdı. Səhnədən getməyə razı olardı, buna yox. Belə də etdi. Opera Teatrından gedəndən sonra konsert fəaliyyətinə başladı.Ömrünün son bir neçə ilini Opera Teatrında müəllim-konsultant işlədi. Dəvət etmişdilər. O da bildiklərini məmnuniyyətlə gənclərə öyrədirdi. Asəf Zeynallı adına Musiqi Məktəbində də dərs dedi. Rübabə Muradova, İslam Rzayev və başqa istedadlı tələbələri oldu.
Həqiqət Rzayevanın aktrisalıq istedadı həm də Azərbaycanın kino sənətini zənginləşdirdi. 1958-ci ildə "Ögey ana" filminə çəkildi. Bu, kinoda ilk rolu deyildi. Azərbaycanda çəkilən səssiz filmlərdə Həqiqət Rzayeva da iştirak etmişdi. Sonralar davamlı olmasa da, kino sahəsində fəaliyyətini davam etdirib. "Ögey ana" filminə onu rejissor Həbib İsmayılov dəvət etdi. Həmin filmdəki Qəmər xala Həqiqət Rzayevanın kino sənətində ən məşhur rolu oldu. Oğlu Azər Rzayev bildirir ki, istedad öz yerində, amma Qəmər xala rolunun bu qədər uğurlu alınmasının bir səbəbi də var: Qəmər xala surəti xasiyyətindəki bütün sərtliyi, mülayimliyi ilə sanki Həqiqət Rzayevanın özüydü. O da son dərəcədə ötkəm, ciddi, mərd qadınıydı. Eyni zamanda övladlarını, nəvələrini çox sevən, onların yolunda hər bir fədakarlığa hazır olan yumşaq, nəcib ürəyi var idi.
1966-cı ildə vəfalı həyat yoldaşı Hüseyn Rzayev altmış yaşına çatmamış vəfat etdi. Üç il sonra ölüm Həqiqət Rzayevanı da haqladı. O, ağır xəstəliyi öz çətin həyatı kimi mərdliklə qarşıladı. Nə vəsiyyət eləyir, nə də ağlayıb-sızlayırdı. Həkimlər ona kömək edə bilmədilər, və 1969-cu il avqustun 2-si dahi Həqiqət Rzayeva vəfat etdi.
O, adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazaraq həyatla vidalaşdı.
 
Mənbə: Milli.Az
13 iyun 2014
GO BACK