Qadin.NET / Daha bir qütb yaranır

Daha bir qütb yaranır

Moskva ilə Vaşinqton arasında faktiki olaraq bərpa olunmuş "soyuq müharibə" Avrasiya qitəsində, Avropanın ürəyində gedir. Amma diqqətlərin Ukraynaya və ənənəvi olaraq Yaxın Şərqə ünvanlandığı bir vaxtda dünyada nüfuz uğrunda gedən geosiyasi mübarizədə digər regionlar da öz sözlərini deyə bilərlər. Belə regionlardan biri, əlbəttə ki, Latın Amerikasıdır. Bu bölgənin xarici siyasətində son illər ciddi fəallıq müşahidə olunur.

Dünyada katolisizmin dayağı olan, hərbi diktaturası və milli azadlıq hərəkatları ilə tanınmış, dünyaya sönməz romantik inqilabi obrazlar, xarizmasına görə onlardan heç də geri qalmayan narkobaronlar vermiş, son dərəcə güclü "solçu" hərəkatların olduğu bu region, əlbəttə ki, hər kəsə yaxşı tanışdır... Yer kürəsində quru ərazinin 15%-ni Latın Amerikası təşkil edir (dünya əhalisinin 8,5%-i). Dünyada sənaye istehsalının 8%-dən çoxu, aqrar sənayenin 13%-i, neft ehtiyatlarının 20%-i bu regionun payına düşür. Planetin bu hissəsində yerləşən ölkələr zəngin təbii resurslara, nəhəng şirin su ehtiyatına malikdirlər. Yer kürəsinin oksigeninin, təxminən, 50%-ni Amazonka hövzəsinin tropik meşələri istehsal edir. İnsan potensialı da öz yerində - 2030-2035-ci illərdə regionda əhalinin sayının, təxminən, 700 milyona çatacağı gözlənilir. Amma dünya siyasətinin aktyoru kimi, Latın Amerikası hələ də qlobal siyasi oyunların mərkəzlərindən birinə çevrilə bilməyib. Halbuki, Birinci Dünya müharibəsi dövründə ən qızğın hadisələr məhz Karib dənizi zonasında yaşanıb, Azadlıq adası isə uzun illər ərzində Qərblə mübarizədə Moskvanın əsas müttəfiqi olub. Bəs sözügedən mübarizənin bu yaxınlarda başlanmış ikinci raundunda Latın Amerikasından nə gözləmək olar?
Karib hövzəsi və Latın Amerikası dövlətləri hər zaman Şimali Amerikanın nüfuz dairəsinə aid bölgə hesab olunub. Bu, ABŞ-ın hər iki qitədə hökmranlığını nəzərdə tutan, Latın Amerikasını "Vaşinqtonun arxa qapısı"na çevirən qədim "Monro doktrinası"na əsaslanır. ABŞ onilliklər boyunca regionda yerləşdirdiyi hərbi bazaları ilə, transmilli şirkətləri ilə, əksər dövlətlərin daxili siyasətində görünən və görünməyən mövcudluğu ilə bunu təsdiqləyib. Amma nəhayət, günlərin birində Amerikanın "sərt əl"i regionda müqavimətlə qarşılaşdı. Xüsusilə 2000-ci illərdə region Çinin, Aİ-nin və Rusiyanın timsalında özünə başqa dayaq nöqtələri axtarmağa başladı. Neoliberal islahatların əlavə mənfi effekti ötən əsrin sonlarında bölgədə solçuluq meyillərinin artmasına səbəb oldu. Yeri gəlmişkən, NAFTA-nın (Şimali Amerika Azad Ticarət Zonası) inkişafı prosesinin iflası da həmin dövrə təsadüf edir - Şimali və Cənubi Amerikanın bütün dövlətlərini vahid blokda cəmləşdirmək mümkün olmadı. Ola bilsin, səbəb blok üzvlərinin bərabərgüclü olmayacaqlarının əvvəldən məlum olması idi. İndi isə Latın Amerikası ölkələrinin inkişaf istiqamətlərini dəyişmək şansı yaranıb - indi onlara daha müstəqil siyasət yürütməyə çalışa, iqtisadiyyatda xammal sahəsindən asılılığı aradan qaldıra bilərlər.
Ümumilikdə, Latın Amerikasında iqtisadi vəziyyətin elə də pis olmaması buna kömək edən daha bir məqamdır. Bu bölgədə əhalinin sosial baxımdan eyni səviyyədə olmamasına, təxminən, 160 milyon insanın yoxsulluq həddində yaşamasına rəğmən, ümumilikdə qitənin iqtisadi durumunu müsbət qiymətləndirmək mümkündür. Regionda ekoloji problemlər və sürətli urbanizasiya prosesinin gətirdiyi effektlər özünü daha ciddi göstərir. Amma Latın Amerikası ölkələri irəli gedir, texnoloji inkişafa və innovasiyalara üstünlük verirlər.
Braziliya, Meksika və Argentina "Böyük iyirmilik"də təmsil olunurlar. Onun isə getdikcə "böyük bacısı" olan "Böyük səkkizlik"dən daha nüfuzlu, daha çəkili birliyə çevrildiyi əvvəllər də qeyd olunub. Rusiyanı sıralarından kənarlaşdırmaqla, "G8"in "G7"yə çevrildiyi indiki şəraitdə proses daha da sürətlənə bilər. Bundan başqa, Braziliya çoxdandır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddia edir.
Yeri gəlmişkən, bununla yanaşı, Braziliya BRHÇC-də də ən güclü mövqeyə malikdir. O, regionun lideri rolunu daha çox və məmnuniyyətlə öz üzərinə götürür. Oxşar iddialar Argentina və Venesuelada da var - onlar Latın Amerikası qitəsinin inteqrasiyasında, o cümlədən beynəlxalq arenada daha aparıcı rol oynamaq istəyirlər.
Latın Amerikası Çin üçün aparıcı regionlardan birinə çevrilir. Pekin artıq Braziliya və Argentinanın əsas xarici ticarət tərəfdaşına çevrilib. Çin investisiyaları regionun bir çox infrastruktur və enerji layihələrində aparıcı rola malikdir. Bu, regionda Pekinin mövqelərini gücləndirməklə yanaşı, ABŞ-ı oradan sıxışdırır.
Bölgəyə Rusiya da maraq göstərir. Onun üçün, məsələn, Latın Amerikası ilə hərbi-sənaye sahəsində əməkdaşlıq çox sərfəlidir. Rusiyaya silah ticarəti nəhəng gəlirlər gətirir. Qərb isə son hadisələrdən sonra Moskva ilə bu sahədə əməkdaşlığa embarqo qoyub. Sanksiyalar fonunda Rusiyanın bir sıra Latın Amerikası ölkəsi ilə hərbi sahədə ticarətə dair ya müqavilələri var, ya da belə müqavilələrin bağlanılması üçün danışıqlar gedir. Misal kimi Argentinanı, Braziliyanı, Venesuela və Kubanı göstərmək olar. Beynəlxalq iqtisadi meydanda Rusiya ilə Latın Amerikası ölkələri rəqib deyillər. Bu üzdən də onların razılığa gəlmək şansların kifayət qədər çoxdur. Rusiyanın bəzi Latın Amerikası ölkələrində donanma və hərbi aviasiya yerləşdirməyə çalışdığına dair də söz-söhbətlər dolaşmaqdadır. Nəhayət, Latın Amerikasının Antarktida sahillərinin "açarı" olduğunu unutmaq lazım deyil - orada isə böyük həcmdə karbohidrogen ehtiyatları var. Nə vaxtsa bu ehtiyatların da zamanı çatacaq.
Maraqlıdır ki, bu il Cənubi Amerikanın bir sıra ölkələrində prezident seçkisi keçirilməlidir. Onların arasında Kolumbiya, Braziliya, Boliviya kimi aparıcı dövlətlər də var. Gələn il isə Argentina da yeni prezidentini seçməlidir. Latın Amerikasının gələcək inkişafını və dünya arensasındakı yerini böyük ölçüdə onlar müəyyənləşdirəcəklər. Sabitlik üçün Latın Amerikası ölkələrinə ənənəvi olaraq radikal əhvalda olan orta sinfin inkişafı lazımdır. Daxili münaqişələr, narkotrafik, kriminal fəallıq, bəzi ölkələrdə separatçı əhval, ərazi mübahisələri kimi problemlər də aradan qaldırılmalıdır.
Latın Amerikası çoxqütblü dünyada daha bir qütbə çevrilə bilərmi? Bəlkə də bu sual cavabını məhz indi tapacaq. Amma nə qədər ki, qitədə vahid güc mərkəzi yoxdur, bunu etmək çətindir. Dünyanın koalisiya, dövlətlərin üzərində iqtisadi və siyasi birliklər yaratmaq cəhdlərini nəzərə alsaq, Latın Amerikası bu prosesdən kənarda qala bilməz. Sadəcə sual ondadır ki, o, bu prosesə hansı iddialarla, prioritetlərlə və real kozırlarla qoşulacaq?
Latın Amerikasında insanın başını gicəlləndirəcək qədər çox inteqrasiya blokları var. Məsələn, Sakit okean alyansı, MERCOSUR iqtisadi birliyi, "sol" Bolivarian alyansı (ALBA), 33 ölkənin hamısını birləşdirməyə cəhd göstərən Latın Amerikası və Karib hövzəsi dövlətləri birliyi (CELAC). Və əlbəttə ki, Latın Amerikasına məxsus olmasa da, Braziliyanı özündə birləşdirən BRHÇC. Üstəlik, bu yaxınlarda Hindistan, Braziliya və Cənubi Afrikanın Argentinanın da bu birliyə qoşulmasına tərəfdar olduqları üzə çıxıb.
Latın Amerikasının əsas iqtisadi və geosiyasi prioritetlərini məhz bloklar vasitəsilə müşahidə etmək və proqnozlaşdırmaq, eyni zamanda, region ölkələrinin əməkdaşlığındakı əsas çatışmazlıqları göstərmək olar. Latın Amerikası ölkələrinin Aİ tipli siyasi blok və ya buna bənzər qurum yaratmaq şansları varmı? Hələlik bu, reallaşdırılması çətin olan ideyaya bənzəyir. Halbuki, o, hələ müstəqillik uğrunda mübarizə illərindən gündəmdədir. Məsələ müəyyən mənada həm də ondadır ki, region dövlətləri bundan sonra da ənənəvi olaraq ABŞ-a inteqrasiya edəcəklər, yoxsa proses fərqli istiqamətlərdə inkişaf edəcək? Vaşinqtonun təbii müqaviməti ilə yanaşı, bir sıra daxili məsələlər də var. Məsələn, regionun lideri roluna iddialı Braziliya üçün Amerikanın nüfuzunun aradan qaldırılması sərf edirsə, bir sıra digər region dövlətləri Braziliyanın bu iddiasına ehtiyatla yanaşır, bəziləri isə hətta buna açıq şəkildə etirazını da bildirir.
Bununla yanaşı, əksər müşahidəçilər hesab edirlər ki, hazırda proseslərdə həlledici rolu Venesuelada yaşananlar oynaya bilər. Xatırladaq ki, bu ölkədə fevraldan etibarən hakimiyyətə qarşı nümayişlər, etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar, iğtişaşlar davam edir. Bu dövr ərzində toqquşmalarda 42 nəfər həlak olub. Prezident Nikolas Maduronun səlahiyyət müddəti 2019-cu ildə başa çatacaq. Müxalifət isə onu artıq 2016-cı ildə referendum yolu ilə hakimiyyətdən kənarlaşdırmağa hazırlaşır.
Maraqlıdır ki, Venesuelanın turizm naziri Andres İsarr ölkəsində "Ukrayna ssenarisi üzrə hakimiyyət çevrilişinə cəhd edildiyini" bildirir. Onun sözlərinə görə, "Kiyevdən fərqli olaraq, Venesuelada bu, miqyaslı xarakter almayıb".
Nazirdən əvvəl eyni fikri Maduro da bəyan etmişdi. Ölkənin xarici işlər naziri Migel Rodriqes Torres isə Venesuela müxalifətinin mühacirətdə olan bankirlərlə, Kolumbiya və Meksikanın sabiq prezidentləri Alvaro Uribe və Visente Foksla, o cümlədən sabiq amerikalı məmur Otto Reyh ilə əlaqədə olduğunu sübut edən dəlillər ortaya qoyub. Venesuela siyasətçiləri hesab edirlər ki, ölkədə baş verənlər ABŞ-ın işidir - guya amerikalılar ultrasağçı qüvvələrin, faşistllərin və Kolumbiyanın silahlı qruplaşmalarının köməyilə təxribatlar törədirlər, məqsəd isə Latın Amerikasının sol və sol-mərkəzçi qüvvələrinə məğlubedici zərbə vurmaq, Latın Amerikasının siyasətinə əlavə təsir imkanları qazanmaq, onun böyük neft ehtitlarını ələ keçirməkdir.
Əlbəttə ki, Venesuela və Ukraynada baş verənlərin bir zəncirin bəndləri olduğu inandırıcı deyil. Güman ki, bu, sadəcə, eyni prosesin 2 müxtəlif təzahürüdür. Söhbət geosiyasi qüvvələrin qlobal düzülüşünün dəyişməsi prosesindən gedir. Bu prosesdə sanki Latın Amerikasının seçim imkanı var - ya Qərbin, bir növ, davam olaraq periferiya regionu kimi qalmaq, yaxud da dünya siyasətinin güclü aktyoru və daha bir güclü qütbünə çevrilmək.
Mənbə: Region Plyus
13 iyun 2014
GO BACK